Çingiz Qənizadə: “Hüquq müdafiəçiləri jurnalistin azadlığa çıxması ilə bağlı prezidentə müraciət edəcəklər”

Tanınmış mətbuat nümayəndələri həbsdə olan jurnalistlərin azad edilməsi barədə çağırış ediblər

Foto: Meydan.TV


Tanınmış mətbuat nümayəndələri həbsdə olan jurnalistlərin azadlığa buraxılması barədə çağırış ediblər

Vəkil Nemət Kərimli oktyabrın 15-də jurnalist Əfqan Muxtarlının səhhətinin ağırlaşdığı barədə məlumat yayıb.

Vəkil “Facebook” səhifəsində yazıb ki, jurnalist şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir:

“Ötən ayın əvvəlində Penitensiar Xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə vəkilinə, nə də onun özünə məlumat verilib. Vəziyyəti yəqin çox ciddi olduğundan məlumatı açıqlamayıblar”.

Nemət Kərimli xatırladıb ki, əvvəlki illərdə ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri-hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələri bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar dəbdən düşüb:

Untitled design (1).png
Nemət Kərimli

“Oktyabrın 18-də Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq. Bu münasibətlə Əfqan Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.

Nemət Kərimli Meydan TV-yə deyib ki, onun “Facebook”da yazdığı bu statusdan Əfqan Muxtarlının xəbəri yoxdur:

“Mən öz təşəbbüsümlə fikirlərimi sosial şəbəkədə bölüşmüşəm”.

Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulublar. Onlar Azərbaycan ictimaiyyətini də bunu dəstəkləməyə səsləyiblər. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağı xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildiriblər.

Deputat Çingiz Qənizadə “musavat.com” saytına Əfqan Muxtarlı kimi şəxslərin azad olunmasına böyük məmnuniyyətlə razı olduğunu ifadə edib:

“Bu kimi şəxslərin həbsi Azərbaycan dövləti ilə beynəlxalq təşkilatlar arasında mübahisə predmetinə səbəb olur. Deputat hüquq müdafiəçilərinin jurnalistin azadlığa çıxması ilə bağlı müraciət edəcəyini deyib:

Çingiz Qənizadə
Çingiz Qənizadə

“Bizim müraciətimizi cənab prezident də hər zaman dəyərləndirir. Xüsusən indi Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıbsa, hüquq müdafiəçiləri də bununla bağlı xüsusi müraciət edəcəklər. İşçi Qrupunun üzvü kimi çalışacağam ki, onun səhhəti ilə bağlı informasiyaları da dəqiqləşdirim. Mümkün versiya kimi vaxtından əvvəl azad olunması məsələsi də gündəmdə ola bilər. Əgər cəzasının qanunda nəzərdə tutulan hissəsini keçibsə, tez azadlığa buraxılması mümkündür. Prezidenrt belə humanitar addımlar atdıqca cəmiyyətdə pozitiv əhval-ruhiyyə artır”.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəSiyasətÇingiz Qənizadə: “Hüquq müdafiəçiləri jurnalistin azadlığa çıxması ilə bağlı prezidentə müraciət edəcəklər”