Çingiz Hüseynzadə: Yenə deyirəm, Ramil fəraridir

“Quliyev yeganə idmançıdır ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, cənab prezident onu evlə təmin edib”

Source:
Ramil Quliyev – London 16-cı Dünya Atletika Çempionatı
Ramil Quliyev – London 16-cı Dünya Atletika Çempionatı


“Quliyev yeganə idmançıdır ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, cənab prezident onu evlə təmin edib”

“Ramil Quliyevi “Fənərbaxça”ya biz göndərmişik. Ona icazə verdik. İstanbul klubundan heç kim pul almadı. Ramil Quliyev özü də bunu qeyd etmişdi. Biz onu Azərbaycan çempionatına dəvət edirdik. Gəlir və çıxış edirdi. Sonra məlum oldu ki, o, bir müddətdir Türkiyə vətəndaşlığını qəbul edib. Biz onu buraxmırdıq. Beynəlxalq qaydalara görə bir idmançı başqa ölkə vətəndaşlığını qəbul edirsə, 3 il çıxış edə bilməz. Amma Ramil 2 il sonra Türkiyə bayrağı altında çıxış etdi. Niyə? Çünki 1 il idi ki, vətəndaşlığı qəbul etmişdi”.

Bu sözləri Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə avqustun 15-də keçirdiyi mətbuat konfransında Ramil Quliyevin dünya çempionu olması haqda danışarkən deyib.

“Report”un xəbərinə görə, Ç.Hüseynzadə bildirib ki, R.Quliyevlə bağlı 6 il əvvəl dediklərini təkzib etmir: ” Ramil Quliyevin getməsi ilə əlaqədar mənim müsahibələrmi çıxarırlar üzə. Heç birini təkzib etmirəm. Yenə də deyirəm, Ramil fəraridir.

Atletika fərqli idman növüdür. Burada hazırlıq məsələsi var. Bəli, demişdim ki, Rio-de-Janeyroda nəticəsi olmayacaq, olmadı da. Ramil 2015-ci ildən sonra uğur qazanmağa başladı. Bu məsələnin bir idman tərəfi var, bir də mənəvi tərəfi. Quliyev yeganə idmançıdır ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, cənab prezident onu evlə təmin edib. Bu, federasiyanın təqdimatı ilə olub. Həmçinin “Neftçi”də yüksək maaş alıb. Bunları araşdırın”.

Ç.Hüseynzadə dünya çempionunun qələbəsindən də danışıb:

“Biz onu Londonda olanda da təbrik etdik. Cənab prezident də təbrik etdi. Finala çıxanda bilirdik ki, Ramilin medal qazanmaq şansı var. Biz türkiyəli rəsmilərlə görüşdük və belə qərara gəldik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını dalğalandıracaq. Ona bayrağı da biz verdik.

Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Həmin o qələbə zamanı Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti birinci bizi təbrik etdi. Dedi ki, bilirəm, o, sizin müştərək idmançınızdır”. (“Qafqazinfo”)

Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə

Çingiz Hüseynzadə İngiltərə mətbuatına açıqlama verən və Azərbaycanı tənqid edən Layeş Abdullayev haqqında da danışıb:

AAF prezidenti Layeş Abdullayeva ilə bağlı dərc olunan məqaləyə də münasibət bildirib:

“Yazı “Guardian” jurnalında çap olunub. Bu nəşrdə 417 məqalə dərc edilib. Avropa Oyunları dövründə Azərbaycana çirkab atırdılar. Bildiyiniz kimi, Avropa Oyunları zamanı onlara akkreditasiya verilməmişdi. Buna rəğmən, çirkli şeylər yazmaqda davam etdirdilər. “Guardian”ın cavabını bizim jurnalistlər araşdırma apararaq, verməlidirlər. Ona görə sizə müracəit edirəm. Bütün dünyada araşdırmalar aparılır, nədənsə bizdə yoxdur.

Jurnalistə məmur yox, jurnalist cavab verməlidir. Mənim 7 min dollar mənimsəməyimə gəlincə, onun federasiya ilə deyil, klubla müqaviləsi vardı. Ona mükafatı nazirlik verib. Bu pulu mən mənimsəyə bilmərəm. Ola bilər ki, Bakıda kiminsə ona borcu var. Amma federasiya ilə heç bir əlaqəsi yoxdur. Həm də onun kifayət qədər pulu var və vətəni Efiopiyada biznes qurub”.

Ç.Hüseynzadə deyib ki, Azərbaycan ilk dəfə bu il Londonda keçirilən dünya çempionatına 5 vəsiqə qazanıb, lakin atletlərdən biri zədələndiyi üçün start xəttinə çıxmayıb: “Aleksis Kopello və Anna Skidan 5-ci yeri tutdular ki, bu da yaxşı nəticədir. Onların nəticələri xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirildi. Hayle İbrahimov uğursuz çıxış etdi. Nazim Babayev isə hələ gəncdir, karyerası qabaqdadır. Ondan indi nəticə tələb olunmur”.

MOK-un vitse-prezidenti bildirib ki, atletlərin hazırlığı üçün ölkədə yetərincə şərait yoxdur:

“Bunlar ümumi problemlərdir. Ona görə də təlim-məşq toplanışı üçün xaricə gedirik. Federasiyaya dövlət tərəfindən bir qəpik də pul ayrılmır. Federasiya stadion tikə bilməz”.

Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və “Brilliant Liqa”nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.

Ana səhifəXəbərlərÇingiz Hüseynzadə: Yenə deyirəm, Ramil fəraridir