Nəqliyyat nazirinin müşavirinin pulunu mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxışovun pulunu və qızıl-zinət əşyalarını oğurlamaqda təqsirləndirilən qohumu Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Meydan TV-nin məlumatına görə, hazırlıq iclasında Rövşən Əhmədov ittihamı qəbul etmədiyini deyib. Bildirib ki, Çingiz Baxışov onu şərləyir.
R. Əhmədov istintaq zamanı bildirib ki, 2003-cü ildən Nəqliyyat Nazirliyində Çingiz Baxışovun rəhbərlik etdiyi departamentdə müfəttiş kimi işləyib. 2005-ci ildən Çingiz Baxışov öz pullarını, qızıl-zinət əşyalarını onun evində gizlədib: “Mənə etibar edirdi. Bizim analarımız əmiqızıdırlar.Saxlamaq üçün mənə milyonlarla manat, qızıl-zinət əşyaları, milyonlarla xarici valyuta verirdi. Mən də onları evimin həyətin basdırırdım, maşının yük yerində, ya da evdə köhnə əşyaların içərisində gizlədirdim. 2015-ci ilin əvvəlində saxlamaq üçün iki bağlama qızıl-zinət əşyaları verib. Mən da heç bağlamaların içini açıb baxmadan gizlədib saxlamışam. Bir müddət keçəndən sonra bağlamaları istəyəndə aparıb verdim. Bağlamaları aparıb o biri otaqda açıb, gəlib dedi ki, “iki yox, üç bağlama vermişdim”. Nə qədər dedim ki, iki bağlama idi, inanmaq istəmədi. Əlacsız qalıb, evi axtarmaq üçün icazə istədim. Gəldim, yoldaşımla iki gün evi axtardıq. Bir neçə gündən sonra Çingiz zəng eləyib, üzrxahlıq elədi ki, bağlamanın biri evdə imiş. 2015-ci ilin yayında yenidən evinə çağırıb, bir torbanın içində bu dəfə üç bağlama verdi. 2016-cı ilin fevralında qızımın toyu idi. Toy öncəsi evə kənar adamların çox gəlib-getdiyini nəzərə alaraq, fikirləşdim ki, bağlamaları aparım verim. Çingiz dedi ki, kürəkənigilə aparım. Mən də aparıb verdim kürəkəni Ayaza.İki aydan sonra məni çağırıb dedi ki, iki bağlama boşdu, qızıllar yoxdu. Mən də dedim, bunlar iki aydır kürəkənindədir. Onunla aramızda avtomobilə görə bir dəfə mübahisə olub. Ola bilsin buna görə mənimlə ədavət aparır. Məni polisə şikayət etməzdən əvvəl oğlumu işdən qovdurmaqla, cəbhə bölgəsinə göndərib, şəhid kimi geri qaytarmaqla hədələyib”.
Məhkəmə iclasında o da məlum olub ki, Ç. Baxışovla yanaşı onun qızları da zərərçəkmiş kimi tanınıb. Onlar Rövşən Əhmədovdan maddi ziyanla yanaşı, mənəvi ziyanın da ödənilməsini tələb edirlər. Mənəvi ziyana görə ata 20 min, qızların hər biri isə 10 min manat istəyir.
Rövşən Əhmədovun vəkili Adəm Məmmədov isə müdafiə etdiyi şəxsin həbsdən buraxılması haqda vəsatət verib. Vəkil ittihamı absurd hesab edib: “Çingiz Baxışovun özünün ifadəsindən başqa heç bir sübut yoxdur. Bəlkə elə özləri hardasa itiriblər, satıb xərcləyiblər?”
Məhkəmə vəsatəti təmin etməyib. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı noyabrın 22-nə təyin olunub.
Çingiz Baxışov 2014-cü ilin yanvarında Ziya Məmmədovun müşaviri təyin olunub. Bundan əvvəl o, Nəqliyyat
Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri olub. Ona qədər isə “Avtonəqliyyat” Servis Departamentinin rəisi işləyib.
Çingiz Baxışov şikayətində bildirib ki, Rövşən Əhmədov onun 695 min manatlıq qızıllarını, qızlarının isə 105 min manatlıq zinət əşyalarını oğurlayıb.