Tahir Süleymanov xalq yazıçısının açıqlamalarına sərt reaksiya verib
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev son açıqlamasında iddia edib ki, onun gəlişinə qədər klubun ancaq futbolçu və məşqçi heyəti yeməklə təmin olunurmuş: “Lakin indi xadimədən tutmuş, gözətçiyə kimi, bütün işçilərə hər gün pulsuz yemək verilir”.
Klubun sabiq vitse-prezidenti Tahir Süleymanov xalq yazıçısının bu fikirinə “Xəzər” TV-də yayımlanan “Futbol saatı” verilişində sərt cavab verib. O, Çingiz Abdullayevi yalan danışmaqda ittiham edib:
“Hörmətli Çingiz Abdullayevdən xahiş edərdim ki, əsası olmayan informasiyalar yaymaqla məşğul olmasın. Bizim dövrümüzdə “Neftçi”də çalışan bütün işçilər klubun hesabına nahar edib. Sadıq Sadıqovun dövründə “Neftçi”də çalışan istənilən adamı tapın, qoy çıxıb desin ki, bu, belə deyil. Belə bir şeyin olması mümkün deyil.
Çingiz Abdullayev, sizin üçün ayıbdı. Bu populizmdi. Deputat Zahid Oruc Çingiz Abdullayevin cavabını verib. Hörmətli yazıçımız populist çıxış edərək deyib ki, 4 uşağı olan “Neftçi”nin işçisini işdən qova bilməyib. Elə isə klubun yeməkxanasında çalışmış 5 işçini kim qovub?
“Neftçi”dəki rəhbər dəyişikliyindən sonra nə qədər adam işsiz qaldı. Əvəzində klub rəhbərliyinə yaxın bir restoranla müqavilə bağlandı və həmin restoran kluba hazır yemək göndərir. Çox təəssüf ki, yeməkxana personalı hamılıqla işdən qovuldu. Görəsən, Çingiz Abdullayev onların işdən qovulması haqda əmrə qol çəkəndə və o qədər insanı işsiz qoyanda vicdanı sızlamadı?” (komanda.az)