Cinayət törədən yeniyetmələrin cəzası yüngülləşəcək

Cinayət Məcəlləsinə əlavələr edilə bilər

Source:


Cinayət Məcəlləsinə əlavələr edilə bilər

Azərbaycanda yetkinlik yaşına çatmayanlara yüngül cəza növlərinin tətbiq edilməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinə (CM) yeni maddə əlavə edilə bilər. Məcəllənin 90-1 maddəsi yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi təklifə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət işlədiyi üçün həbs edilən yeniyetmənin cəza çəkdiyi müddətdə davranışına baxılacaq. Bundan sonra cəzasının çəkilməmiş hissəsi yüngül cəza ilə əvəz edilə və ya o, azad edilə bilər.

Dəyişiklik cəzasının azı dörddə bir hissəsini çəkmiş məhkumlara aiddir.

Cinayət Məcəlləsinin 85-ci maddəsində yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərinə cərimə, ictimai, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları daxildir.

Layihə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərCinayət törədən yeniyetmələrin cəzası yüngülləşəcək