21.14.
Xarici İşlər Nazirliyi (XİN) Vaşinqtonda olan nazir Ceyhun Bayramovun ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü barədə məlumat yayıb.
“Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib”, – deyə XİN mətbuat xidməti bildirib.
Məlumatda Ceyhun Bayramovun Mayk Pompeoya BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini xatırlatdığı da qeyd olunub: “Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb”.
***
11.27.
Azərbaycan Daxili İşlər Nazirliyi hərbi vəziyyət dövründə (komendant saatı) təhlükəsizliklə bağlı əhaliyə müraciət
edib
.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.
“Bununla yanaşı, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir”, – DİN bəyan edib.
***
Görüşdə Qarabağdakı vəziyyətin müzakirə olunacağı deyilir
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də günün ikinci yarısında Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Görüşdə Dövlət katibinin müavini Stiven Beqanın da iştirak edəcəyi qeyd olunub.
Ceyhun Bayramovdan sonra dövlət katibinin Ermənistanın Xarici işlər naziri Zohrab Mantsakanyanla görüşəcəyi bildirilib.