Nazir delimitasiyanı “vaxt alan proses” adlandırıb
“Ermənistan tərəfindən Azərbaycanın təqdim etdiyi baza prinsiplərində onlar üçün qəbulolunmaz məqamların olmadığı ifadə olunub”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 7-də ADA Universitetində brifinq zamanı səsləndirib.
Nazir: “Böyük irəliləyişin olduğunu deməzdim, amma diskussiyalar ətrafında mesajlar, fikirlər var”, – deyərək əlavə edib:
“Bu, birtərəfli deyil. Ermənistan tərəfində hələ də revanşist fikirlər səsləndirənlər var, ancaq fərqli fikirlər də mövcuddur. Hər kəs anlamalıdır ki, davamlı sülh və inkişaf üçün başqa alternativ yoxdur. Ümid edirik ki, Ermənistanın siyasi rəhbərliyi, vacib fiqurlar reallıqları anlayacaqlar”.
Ceyhun Bayramov vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə riayət etmək vacibdir.
O, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyaların formalaşdırılmasını mürəkkəb proses adlandırıb:
“Ermənistanın ilkin şərtləri var idi. Onlar de-eskalasiya ilə bağlı tədbirlər və Azərbaycan hərbçilərinin sərhədlərdən çəkilməsini tələb edirdilər. Amma Azərbaycan öz mövqeyini ortaya qoydu”.
Bayramovun sözlərinə görə, Azərbaycan ordusu öz sərhədlərində dayanıb və sərhədləri qorumaq bir vəzifədir: “Bu prosesi mütəxəssislərin iştirakı ilə danışıqlar vasitəsilə tarixi, hüquqi sənədləri araşdırmaqla aparmaq lazımdır”.
Nazir delimitasiyanı “vaxt alan proses” adlandırıb:
“Bu prosesə hər hansı vaxt başlayıb və onu qısa zamanda tamamlamaq mümkün deyil. Azərbaycan və Ermənistan arasında münasibətləri nəzərə alsaq, bu, sadə proses olmayacaq, həssas məqamlar olacaq. Ancaq hesab edirik ki, komissiyanın özü artıq irəliləyişdir”.
C. Bayramov işğal və müharibə dövründə baş verən cinayətlər haqda açıq danışmağın vacibliyini vurğulayıb:
“Ərazilərin minalanması, ekologiyaya vurulan zərərlər, təbii sərvətlərin vəhşicəsinə talan olunması, mülki və dövlət infrastrukturun dağıdılması, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı informasiyaların verilməməsi və s. cinayətlərlə bağlı qarşı tərəfin məsuliyyətə cəlb olunması vacibdir. Onların məsuliyyətə cəlb olunması ilə bağlı mexanizm hazırlanmalıdır və artıq bu istiqamətdə bir sıra işlər görülüb”.
Xatırlatma
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma yaşanıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasınadək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.