Cəvahir xalanın düyünləri…

Hörmətli nazir!

Source:

Hörmətli nazir!

Dünən yenə iş üçün icra hakimiyyətinin qəbuluna getmişdim. Doğrusu, çox gözlətmədilər. Adamlar buralardan ümidlərini üzüb çarəni başqa yerlərdə axtarırlarmı, yoxsa ölkədən çıxıb gedirlərmi bilmirəm, axır ki, seyrəlmişdilər. Qəbulda oturanlara dərdimi anlatdım ki, kirayədə yaşadığım evdə çörəkdən savayı qida tanımayan iki uşağım var. Oğlan olduqlarına görə beş-on ildən sonra “voyenkomat” əlimdən alıb əsgərliyə aparacaq.

Aparsın, əlbəttə. Mənim uşaqlarımı qoyub daha sizinkiləri aparmayacaq ki… Həm də o vaxta qədər allah eləməmiş Qarabağı qaytarmasalar, bizimkilər mütləq cəbhə bölgəsinə düşəcəklər.

Əslində iş axtarmağımın əsas səbəbi budur. Yəni, uşaqlar korluqsuz, sağlam böyüsünlər ki, düşmən qabağına çıxanda canlarında təpər olsun. Hərçənd ki, müdafiə nazirimiz xidmət yerlərinə şəxsən gedib, əsgərlərlə bir qazandan şorba-zad içir. Bu səbəbdən hərbi hissələrdə yeməyin keyfiyyətinə fikir vermiş olarlar. İnşallah, o vaxta qədər Qarabağ da qayıdar, uşaqların təpərə-zada ehtiyacı olmaz. Nazir də çıxıb gedər işinin-gücünün dalınca. Bu, çox yəqin ki, yüz faiz belə olacaq. Amma mən yenə bəxtimi bir daha sınayım dedim. Üstəlik aylardır kirayəni ödəyə bilmirəm deyə iş axtarmağa ev sahibəsi ilə bərabər gedirik. Adam görür ki, borcunu ödəməkdən ötrü əlimdən gələni eləyirəm. O yazıq da hər dəfə icra hakimiyyətinə çatanda nəsə pıçıldayıb cibindəki uzun ipə çoxlu düyün vurur. Və həmişə aramızda eyni dialoq başlayır:

– Nağayrırsan, Cəvahir xala?

– Qurd ağzı bağlayıram, a bala, qoy heç olmasa bu dəfə əliboş qayıtmayaq…

Daha nəhs gəlməsin deyə qorxudan səsimi çıxartmıram ki: – Ay Cəvahir xala, sənin fikrin o vaxtın qurdlarına getməsin. Onlar sənin düyünlərin olmasa da, naxırdan aralı düşən gücsüz, zəif heyvanı dağıdıb bir külfətin ruzusuna toxunmazdılar…

Belə-belə işlər, cənab nazir, artıq tanışıq deyə o gün də qəbulda oturanlar birbaşa mətləbə keçdilər:

– Sən hələ iş tapmadın?

– Xeyr, adımı hər yerə yazdırmışam, səs-soraq yoxdu.

– Rayonda bu qədər varlı adam var, gedib birinin qapısında niyə işləmirsən?

– Tanımadıqları adamı kimdi elə yerlərə buraxan? Varlı adamın biri siz, göndərin qapınıza, gedim işləyim. Bir ildir gözünüzün qabağındayam.

Bu cavabdan dərhal sonra əsəbiləşib dedilər ki:

– Sən bu tərbiyə ilə çətin iş taparsan.

Polis də işarə eləyəndə otaqdan çıxmağa məcbur oldum. Çünki öz aralarında “ara qarışdırmağa cəhd”, “təxribat xarakterli müraciət” kimi qorxulu sözlər işlədirdilər. Adım da bu tuthatutda tərs kimi Gülanədir. Gilanə olmasaydı, dünya dağılardı sanki… – “Bu sözlər mənə aiddirsə, iş-güc cəhənnəm, vaxtında özüm aradan çıxım” demişdim ki, Cəvahir xala sevincək qolumdan tutub soruşdu:

– İş verdilərmi, a bala?

– Vermiş kimi oldular, Cəvahir xala. Bu dəfə barıtını çox eləmisən deyəsən, əllərin ağrımasın.

Möhtərəm nazir!

Bilirəm, indi deyəcəksiniz ki, bura məşğulluq idarəsi deyil-zad. Haqlısınız. Amma mən sizdən iş istəmirəm ki. Sadəcə iqtisadiyyat naziri olaraq milli varlılarımızın təsnifatı, təlimatı, onlarla rəftar qaydaları barədə ədəbiyyat dərc etməyə vəsait ayırsaydınız, çox sevinərdik. Belədə rəsmi dövlət idarələrində biz də tərbiyəsizlik etmərik. Məsələn, mən ölənə qədər qəsdən olmasa da, icra hakimiyyəti məmurunu qəzəbləndirdiyimə görə xiffət eləyəcəm. Əcaba, varlı kateqoriyasına düşə bilmədiyinə görə olarmı? Bunların var-yoxuna hərdən əl gəzdirirlər axı… Bəlkə mən də qanmazlıqdan ünvana və zamanına düşüb adamın yaralı yerinə toxunmuşam. Allah xətamızı bağışlasın.

Di, salamat qalın. Səbirsizliklə cavab gözləyirik.

Ana səhifəMənim FikrimcəCəvahir xalanın düyünləri…