Cərimə üçün qəpik aksiyası

“Məni saxta ittihamla 200 manat cərimələyiblər. Guya mən polisə müqavimət göstərmişəm, amma heç vaxt belə bir şey olmayıb, ola da bilməz. Məhkəmənin mənə verdiyi cərimə qərarını mən “hökumətin bu pula ehtiyacı var” kimi qəbul edirəm və onlara yardım əlimi uzatmağı qərara aldım. Beləliklə, 1 qəpik aksiyasına başladım”.

Bu sözləri bloqqer Mehman Hüseynov deyir. “Facebook”da qəpik kampanıyasını elan edən bloqqer özü şəhər və rayonları gəzərək, qəpik vermək istəyən insanlarla görüşüb qəbul edəcəyini söyləyir:

“Bəzi vətəndaşlar düşünür ki, bu cərimənin puludur. Amma cərimənin buna heç bir aidiyyatı yoxdur. Bu, Mehman və dostlarının dövlətimizə əluzatma kampaniyasıdır. Görünür pulları yoxdur. Mən heç kimə konkret yer deməmişəm, şəhərdə gəzirəm, bəzi vətəndaşlar yaxınlaşıb qəpiklərini təqdim edirlər və ya yer müəyyənləşdirirlər, mən gedib oradan götürürəm. Ümumi büdcəyə yığırıq. Aksiya bu cür də davam edir. Bu, aksiyaya qoşulan vətəndaşların qanun çərçivəsində olan etirazıdır. Mən bunu Mehmana dəstək kimi qəbul etmirəm”.

Yardım edən insanlar qəpik torbalarının üzərinə məbləği qeyd edirlər. Ancaq Mehman Hüseynov həmin torbaları açıb ümumi məbləğin üzərinə əlavə edir: “Qoy bir az əlləri işləsin, hesablasınlar. Bu pulu cərimə olaraq qəbul etmədiyim üçün banka yox, məhkəmə hakiminə təqdim edəcəm. Niyə qəpiklərlə təqdim edəcəyimin də əsas səbəbi var. Bu, simvolik etiraz aksiyasıdır. İndiyə qədər hakimiyyət vətəndaşlara bir qəpik qədər dəyər verib və bu, fürsətdir ki, həmin dəyəri özlərinə qaytaraq”.

Bloqqer Mehman Hüseynov aksiyanın üçüncü günü olmasına baxmayaraq, artıq məbləğin 80 faizini toplandığını vurğulayır:

“Mən ona sevinirəm ki, bu aksiyada hər təbəqədən olan insan – müəllim, həkim, hətta aktyor İlqar Cahangir də iştirak edib. Dünən restoranda oturmuşduq. Bizə bir ofisiant yaxınlaşdı və qəbz verilən kitabçanın arasında qəpiklər verdi, bildirdi ki, bu, burada işləyən ofisiantlardan sizə dəstəkdir. Artıq məbləğin demək olar ki, 80 faizi yığılıb”.

Ana səhifəVideoCərimə üçün qəpik aksiyası