Azərbaycan Gürcüstan və Ermənistana demokratiya yarışında məğlub olur
Azərbaycanda keçiriləcək parlement seçkiləri Cənubi Qafqazın ən qeyri-demokratik ölkəsini müəyyən edə biləcək. Demokratik inkişaf baxımından, Gürcüstan liderlik edir. Ermənistanda da vəziyyət Azərbaycan kimi acınacaqlı deyil. Ermənistanda 2012-ci ildə keçirilən parlament seçkilərini beynəlxalq təşkilatlar demokratiya istiqamətində çox ciddi addım kimi dəyərləndirdilər. Parlament seçkilərində müxalifəti təmsil edən Ermənistan Milli Konqresi, “Çiçəklənən Ermənistan”, Daşnaksütun Partiyası iştirak edirdi. Seçkinin nəticələrinə görə, hakim koalisiyaya daxil olmayan partiyalar hakimiyyətdən heç də az səs toplamdılar. Əslində, Ermənistandakı seçkilərin nəticələrinə baxsaq, parlamentdə hakimiyyətlə müxalifətin təmsilçiliyi təxminən eynidir.
Gürcüstanda 2012-ci ildə keçirilən parlament seçkiləri daha irəli getdi və müxalifət qalib gəldi. Gürcüstanda azad siyasi rəqabətlə yanaşı təbliğati müstəvidə siyasi qüvvələr üçün bərabər şərait yaradılmışdı. Müxalifətin televiziyası mövcud idi və cəmiyyətə müraciət imkanları daha geniş idi. Bir sözlə, geniş mənada Ermənistan və Gürcüstanda demokratiya istiqamətində bu gün müəyyən bir inkişafın olduğu göz önündədir. Nəzərə alsaq ki, söhbət qonşulardan və eyni müstəvidə olan dövlətlərdən gedir, demokratiya küləyinin Azərbaycanda da əsəcəyini ehtimal edə bilərik. Belə ki, Cənubi Qafqaz ölkələri eyni beynəlxalq siyasi-iqtisadi münasibətlər sisteminə daxildir. Bu dövlətlərdə daxili proseslərin Azərbaycana təsirinin olmayacağını düşünmək sadəlövhlük olardı. Bir sözlə, Gürcüstanda, Ermənistanda demokratiya sahəsində irəliləyişlər var, Azərbaycanda isə əksinə avtoritar rejim daha da sərtləşməkdədir. Bu amil Bakıya beynəlxalq aləmin təzyiqlərini daha da artıra bilər. Digər tərəfdən, Cənubi Qafqazda demokratiya yarışındakı məğlubiyyəti hakimiyyətin özündə diskomfortu aradan qaldırmaq istəyi yarada bilər. O da istisna deyil ki, Azərbaycan xarici təhdidlər nəticəsində demokratiya sürəcinə girmək barədə düşünə bilər. O da istisna edilmir ki, demokratiya tələblərinin gerçəkləşməsinin qarşısını almaq üçün hakimiyyət daha sərt təzyiqlərə başlaya və dünyadan təcrid oluna bilər. Maraqlıdır ki, Azərbaycanın artıq xristian Gürcüstan və Ermənistanla deyil, müsəlman Orta Asiya ilə müqayisə edilmək tendensiyası başlayıb. Bu isə Qərbin Azərbaycana təzyiqlərini daha da artıra bilən amillərdəndir.
Ermənistan və Gürcüstanda proporsional seçki sistemi mövcud olduğundan demokratiyanın tam boğulması da müşahidə edilmir. Söhbət heç də iqtidarın pis və yaxud yaxşı olmasından getmir. Sadəcə, insanlar 20 ilə yaxın gördüyü hakimiyyətdən yorulublar. Digər tərəfdən, hakimiyyətin bir nəfərin əlində cəmlənməsi nəticə etibarı ilə avtoritarizmə aparır.
Onu da vurğulamaq lazım gəlir ki, Azərbaycanın xarici siyasəti müəyyən maraqlar çərçivəsində həyata keçirilir və rəsmi Bakıya münasibətdə demokratiyanın olmadığı ölkə imici möhkəmlənir. Düzdür, Azərbaycanın enerji maraqları var, bu mənafelər müəyyən mənada Qərbin maraqları ilə üst-üstə düşür. Lakin bu enerji maraqları Rusiyanın maraqlarına ziddir və şəxsi, ailəvi biznes baxımından Azərbaycan hakimiyyəti Moskva ilə əməkdaşlıqda maraqlı deyil. Bir sözlə, söhbət maraqları istiqamətləndirən sistemdən gedir. Ailənin biznes maraqlarının Kremlə qurban verilməməsi rusları qıcıqlandırır və Moskva rəsmi Bakının timsalında etibarlı tərəfdaş görmür.
Gürcüstan isə Qərbə Azərbaycandan daha çox bağlıdı və artıq demokratik ölkə kimi tanınmağa başlayıb. Rusiya ilə bağlı olan Ermənistan da demokratiyanı tam pozmur. Bu ölkədə Qərblə bağlı siyasətçilərin parlamentdə təmsilçiliyi mövcuddur. Azərbaycanda isə demokratik seçkilərin imitasiyası belə mövcud deyil və Qərblə hər hansı formada bağlı olan bütün təsisatlar məhv edilib. Azərbaycanda Gürcüstan və Ermənistandan fərqli olaraq müxalifətin telekanallara çıxışı yoxdur. Hətta internet televiziyaları belə ən ağır şərtlərlə fəaliyyət göstərir. Azərbaycan sürətlə Avropadan və demokratiyadan uzaqlaşır. Bunun bədəli isə olduqca ağır ola bilər…