Cəmiyyətimizin vətəndaşlıq problemi

Fəal vətəndaş formalaşdırma işi Azərbaycan kimi avtoritar ölkələrdə bir drama hesab edilir

Source:

Fəal vətəndaş formalaşdırma işi Azərbaycan kimi avtoritar ölkələrdə bir drama hesab edilir

Dövlət və vətəndaş arasında münasibəti obrazlı olaraq belə ifadə etmək olar: Əgər dövlət bir saraydırsa, hər bir vətəndaş həmin sarayın bir kərpicidir. Kərpiclərsiz saray olmadığı kimi vətəndaşlarsız da dövlət mövcüd ola bilməz.

Düşünürəm ki, Azərbaycan cəmiyyəti üçün problemli məsələlərdən biri dövlət və vətəndaş mövzusula bağlı marifləndirmə işidir. Yumşaq desək, Azərbaycanda “Vətəndaşlıq” institutunun bəxti gətirməyib. Belə ki, rəsmi dövlət qurumları ölkədə qüvvədə olan Konstitusiya və qanunlar çərçivəsində fəal, fəaliyyətinin proqnozlaşdırılması çətin olan, “ipə-sapa yatmayan” vətəndaşın mövcüd olmasında maraqlı deyil, onun hər hansı formada cücərməsinə isə aqressiv yanaşır və ilk imkandaca onu kökündən, hətta əxlaqa və mənəviyyata sığmayan formada məhv etməyə səy göstərir. Bu səbəbdən cəmiyyətimiz fəal vətəndaş yetişdirmə problemilə üz-üzədir.

Normal cəmiyyətlərdə hökumət səlahiyyətinə daxil olan məsələlərlə bağlı vətəndaşlarla dialoqa səy göstərir, onlara hesabat verir, bu və ya digər xüsusatla bağlı vətəndaşın mövqeyini öyrənməyə çalışır, hətta onların fəallaşdırlıması üçün müxtəlif layihələr həyata keçirir. Əgər hər hansı problemlə bağlı hökumətə siqnal daxil olursa, reaksiya olaraq dərhal aidiyyati vətəndaş cəmiyyəti qurumları vasitəsilə vətəndaşlar məlumatlandırılır və sözügedən problemin həllilə bağlı onların mövqeyi öyrənilir və bu istiqamətdə vətəndaş stimullaşdırılır. Necə deyərlər, hökumət vətəndaşı dəvət edir, onda motivasiya yaratmağa cəhd edir və problemin həlli üçün onları birləşdirir. Bunun üçün hətta hazırda Avropa dövlətlərinin əksəriyyətində məktəblərdə fəal vətəndaş formalaşdırmaqla bağlı xüsusi fənn tədris edilir.

Fəal vətəndaş formalaşdırma işi Azərbaycan kimi avtoritar ölkələrdə bir drama hesab edilir. Ona görə də bizim üçün belə məsələlər arzu olaraq qalır və yaxın perspektivdə dövlətimizin bu prinsiplərlə idarə olunmasına keçidə ümidlər üfüqdə belə görsənmir. Amma bu, heç də cəmiyyətimizin passiv qalmasına haqq qazandıra bilməz və indiki şəraitdə bu istiqamətdə olan bir sıra işləri müxalif siyasi partiyalar, müxtəlif vətəndaş cəmiyyəti strukturları və ayrı-ayrı fəal vətəndaşlar öz üzərinə götürməyə borcludur.

Fəal vətəndaşlıq hər bir vətəndaşın yaşadığı mühitdən başlayaraq, ətrafında cərəyan edən və cəmiyyətin mənafeyinə uyğun olan işlərdə onun iştirakını şərtləndirir. Bu zaman publik debatlarda, siyasi proseslərdə və demokratik institutların işində iştirak vacib tələbdir. Dünyanın aparıcı sosioloqları iddia edirlər ki, bu növ işlərədə vətəndaşın iştirak etmədiyi və onun küncə sıxıldığı və ya sıxışdırıldığı (marginallaşdığı) cəmiyyətlərdə hansısa norma, dəyər və əxlaqın inkişafından söhbət gedə bilməz. Əlbəttə, fəal vətəndaşlıq fərddən müəyyən keyfiyyətlərin daşıyıcısı olmasını tələb edir. Bu bir tərəfdən fikrini ifadə etmək, kifayətedici biliyə malik olmaq və siyasi proseslərdən baş çıxarmaq ilə bağlıdırsa, digər tərəfdən inandırma, qulaq asma, güzəştə getmə bacarığı ilə şərtlənir.

Fəal vətəndaşlıq etmək üçün hər bir fərdin “vətəndaşlıq” statusunun məzmunu ilə bağlı bəzi bilgilərə malik olması da şərtdir. Belə statusun məzmununa aşağıdakı aspektlər daxildir:

1) hüquqi aspekt: bu, özündə bütün vətəndaşların, onların malik olduğu hüquqlar və daşıdığı vəzifələrlə bağlı, qanun qarşısında bərabər olmasını ehtiva edir. Hüquqi aspekt qanunlarla elan edilən hüquqlara münasibətdə bütün vətəndaşlara bərabər imkanlar vəd edir. Təhsil hüququ ilə bağlı bütün vətəndaşlar üçün bərabər start imkanları, orduda xidmətlə bağlı öhdəliyin hamının bərabər bölüşməsi misalı vətəndaşlığın hüquqi aspektinin dairəsini, məncə, yaxşı cızır. Müstəqil məhkəmə sistemi vətəndaşılığın hüquqi aspektinin təminatçısı rolunda çıxış edir.

2) siyasi aspekt: bu, hər bir vətəndaşın siyasətdə passiv və aktiv iştirakını şərtləndirir. Məlumdur ki, keşmiş sovet rejimində DTK (KQB) adlandırılan nəhəng bir sistemin əsas vəzifələrindən biri vətəndaşları siyasətlə məşğul olmaqdan çəkidirmək idi. Həmin sistemin varisləri olan Azərbaycanın hazırkı xüsusi xidmət orqanları sözü gedən funksiyanı da vərəsəlik yolu ilə əxz etmiş, insanları siyasətlə məşğul olmaqdan çəkindirmək üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edirlər. Əslində isə siyasətlə məşğul olma hər bir fərdin vətəndaşlıq borcudur. Siyasi aspekt də hər bir vətəndaşa onun respublika üsül-idarəçiliyində dövlət başçısı olmağa – prezidentliyə, parlament üzvlüyünə və yaxud digər seçkili orqanlara seçilmək hüququ (passiv) və ya onları seçmək (aktiv) hüququ verir. Siyasi partiyaların mövcüdluğu, prezident və parlament institutları vətəndaşlığın siyasi aspektin realizəsi üçün vacib şərtdir.

3) sosial aspekt: bu vətəndaşın dövlət tərəfindən ayrılan sosial xidmətlərə çatımlılıqda bərabərliyi ehtiva edir. Bəzən tez-tez eşidirik ki, Qarabağ müharibəsində əlil düşən vətəndaş əlillik üçün təyin edilən sosial haqqını ala bilmir. Və yaxud Qarabağ müharibəsindən xəbəri olmayan və başqa səbəblərdən əlil düşən vətəndaş belə xidmətdən istifadə edir. Hər iki hal yolverilməzdir. Sosiallıq eyni zamanda cəmiyyətin işlərində iştirakçılığı nəzərdə tutur. Bu mənada əgər siyasi aspekt sırf dövlətlə, dövləti idarə etməkdə iştirakçılıqla bağlıdırsa, sosial aspekt cəmiyyətlə, cəmiyyətin işlərində iştirakla da əlaqəlidir. Normal cəmiyyətlərdə dövlət belə iştirakçılığın marağında durur. Bura müxtəlif formada təşəbbüslər göstərmək, qeyri-hökümət yönümlü təsisatlar yaratmaq, könüllülük prinsipləri əsasında pozitiv nümunələr ortaya qoymaq və s. fəaliyyətlər daxildir. Vətəndaşlığın sosial aspekti dövlətin sosial funksiyalar daşıyıcısı olmasını şərtləndirir.

4) mədəni aspekt: bu, vətəndaşın fərdi indentifikasiyasına hüququnu ifadə edir. Azərbaycanda ili elan olunan multikultralizm bu aspektlə bağlı olan məsələdir. Bununla bağlı bir tərəfdən vətəndaşlıq üçün milli, etnik və dini mənsubiyyət baryer ola bilməz, digər tərəfdən isə belə statusda olan hər bir fərdə özünün milli, etnik, dini mənsubiyyətini ifadə etmədə və bununla bağlı özünü realizədə dövlət azadlıq imkanı verir.

Azərbaycanda fəal vətəndaş olma imkanı məhdud olduğu kimi belə statusunun məzmunu da bu gün natamamdır. Onu ətə-qana gətirmək isə hər bir fərdin bu işə töhfə verməsində maraqlı olmasından keçir…

Ana səhifəAnalitikaCəmiyyətimizin vətəndaşlıq problemi