Cəmiyyət noxtaya təşnədir?

Xalqımız ilğımlarla və hətta ilğımlarda yaşayır

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Xalqımız ilğımlarla və hətta ilğımlarda yaşayır

İnşallah, sentyabrın 26-da xalqımızın mütləq əksəriyyəti hakimiyyətin təkliflərinə ümumxalq səsverməsində “HƏ” deyəcək.

Buna şübhə edən varmı? Kimin cürəti çatar iddia etsin ki, Azərbaycanda xalq hakimiyyətə “YOX” deyə bilər? İlla ki, hakimiyyət konstitusiyaya belə əlavə və dəyişiklikləri təklif edəndə, prezidentin möhtərəm köməkçisi Əli Həsənovun təbirincə, “cəmiyyətdən gələn sifarişləri nəzərə alıb”. Yəni xalq belə istəyir. Misirlilər demişkən, “cumhur ayiz kedə”. Vəssalam. Gördün yemək, daha nə demək!

Mən şübhə etmirəm ki, ənənəvi müxalifət köməkçinin bu sözlərini oxuyanda xeyli əsəbiləşmişdi. İnanıram ki, bəziləri bu hakimiyyətin törətdiyi bütün milli dilxoşluqları xatırlayıb ürəyində qəzəblə soruşmuşdü: “Cənab köməkçi Əli Həsənov, xalq bunumu istəyir?! Xalq bunumu sifariş edir?!” Və başlamışdı ürəyində Qarabağın erməni işğalından başlamış oliqarxların nəhəng pullarına qədər, bahalı və gərəksiz yarışlardan tutmuş manatın məzənnəsinin ikiqat düşməsinə qədər, iqtisadiyyatımızın bivaxt vəfatından tutmuş cınqırını çıxaranın şərlənib tutulmasına qədər hakimiyyətin bütün etdiklərini sadalamağa.

Amma hamı anlayır ki, bütün bu sualların bir qara qəpiklik faydası yoxdur. Zira bu xəstəyə heç bir dərman kömək edə bilməz. Onun yeri baqi dünyadır, bura deyil.

O biri tərəfdən, kim deyə bilər ki, cənab köməkçi yanlış danışıb? İnsaf xatirinə, bu sözlərdə nə düz deyil? Məgər xalq bu referendumu istəmir? Kim eşitdi ki, xalq desin: “mən bu referendumu istəmirəm!” Kim eşitdi? Kim deyə bilər ki, xalq nəsə dedi?

Xalq heç zad demədi. Niyə? Çünki “susmaq qızıldır”.

Xalq yetişib. Əvvəl də kal deyildi, amma indi tam dəyib, yetişib. Müstəqil Azərbaycana layiq xalq kimi formalaşıb. Strateji düşüncə, misilsiz qabiliyyət, zirəklik, qeyrət və hümmət nümayiş etdirir. Hakimiyyətə sifariş lazım olanda tələb və təklifləri yetişdirib yuxarılara göndərir. Elə-hey göndərir. Yuxarılar da bu tələb və təklifləri ikiəlli qəbul edib xalqa təkrar referendum şəklində qaytarır. Əsl demokratiya oyunu gedir. Aşağıdan yuxarıya, yuxarıdan aşağıya.

Məhz bu demokratik sifarişin nəticəsidir ki, bizim işləməyən milli Konstitusiyamıza işləməyəcəyi indidən bilinən əlavələr edilir. Niyə? Qoy hamı elə bilsin ki, bizdə dövlət var və bu dövlətin hətta Konstitusiyası var.

Xalqımız ilğımlarla və hətta ilğımlarda yaşayır. Hər insanın və hər xalqın hünəri deyil ilğımlarda yaşasın. Biz bunu bacarırıq. Sosializm ilğımında sürəkli alqışların köməyi ilə, Türk Dünyası ilğımında şirin nağılların sehri ilə, Çiçəklənən Azərbaycan ilğımında müftə nöyüt pullarının hesabına yaşadıq və yaşayırıq.

Bədxahlar deyir ki, dövlətimiz heç bir qanuna uyuşmayan anomaliyadır. Gerçəkliyə nikbin baxanlar bunu analoqsuz, bədbin baxanlar analoqlu üsul-idarə adlandırırlar. Hətta analoqu, daha doğrusu, analoqları göstərirlər. Bəşər tarixi, sən demə, belə analoqlarla çox zəngin imiş. Haiti, Zimbabve və başqa əcaib və uzaq analoqlarla müqayisəyə heç bir ehtiyac yoxdur, əhalinin yarısına yaxşı tanış olan SSRİ-ni götürsək, yanılmarıq. Şura hökuməti sən demə vəfat etməyibmiş, sadəcə qısa bir müddətə bayılandan sonra xortlayıb müstəqil Azərbaycan Respublikası adlanan vücudda təcəlla edibmiş.

Yenə bədbinlər deyir ki, SSRİ indi olandan yaxşı idi, amma nikbinlər deyir ki, indiki əvvəlkindən yaxşıdır. Amma insaf xatirinə dəqiqləşdirirlər ki, yaxşı olmağına yaxşıdır, amma zayı çıxır, tədricən avtoritarizmdən totalitarizmə doğru sürüşür.

Birdən yox e, yavaşca sürüşür.

Bu da bu yazının sevindirici tərəfidir. YAVAŞCA…

Yəni kim istəsə, aradan çıxmağa macal verilir.

Ana səhifəMənim FikrimcəCəmiyyət noxtaya təşnədir?