Cəlilabad sakinləri qazdığı quyuda boğuldu

Susuzluqdan əziyyət çəkən kəndlilərin qazdığı quyular məzarlarına çevrilir

Source:


Susuzluqdan əziyyət çəkən kəndlilərin qazdığı quyular məzarlarına çevrilir

İş zamanı ehtiyatsızlıq Cəlilabad rayonunda ailə faciəsinə səbəb olub. Rayonun Uzuntəpə kənd sakini Əliqismət Əsədovun 3 övladı həyətyani sahədəki əl quyusunda təmir işləri aparan zaman elə quyunun içindəcə huşlarını itiriblər.

Hadisə mayın 18-də baş verib. Qardaşlardan xəbər çıxmadığını görən yaxınları onların xilas olunması üçün dərhal əlaqədar qurumlara məlumat veriblər. Hadisə yerinə çağırılmış FHN-nin xilasediciləri qardaşlar- Fərux, Rasim, Bayram Əsədovları quyudan hüşsuz halda çıxarıblar. Onlardan 28 yaşlı Bayram dünyasını dəyişib. Digər iki qardaş Fərrux və Rasim Əsədovlar isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, Rasim Əsədov da xəstəxanada dünyasını dəyişib. Əsədov qardaşları quyudakı su nasosu işlək halda olarkən orada təmir işləri aparırmışlar. Elə ilkin ehtimala görə də onlar su nasosundan ayrılan dəm qazından zəhərləniblər.

Əslində hadisənin nüvəsində Əsədov qardaşlarınının hansı səbəblərdən illər əvvəl qazılmış quyunun içinə girmələri dayanmalıdır. Quyularda su tükənir, alternativ vastə kimi isə hələ sovetlər dönəmində inşa olunmuş kanallara isə su verilmir.

Su problemi Cəlilabad rayonunda  əsas problemdir. Xüsusən kənd təsərrüfatı ilə məşğul olan rayon sakinləri yaz mövsümündən bəri sahələri lazımınca suvara bilmirlər.Ən acınacaqlı vəziyyət isə kartofçuluq təsərrüfatındadır.

Fermer Vahid Ağayev ötən il hər hektardan 25 tondan yuxarı məhsul götürən yerli fermerlərdən biridir. Onun sözlərinə görə  quraqlığın ilbəil artması məhsuldarlığı azaldır. Elə bu səbəbdən də bu il kartof 5-6 tondan çox olmaya bilər.

Hazırda rayonda suvarılmada daha çox istifadə olunan, mənbəyini Araz çayından götürən Bəhrəmtəpə kanalında da suyun verilişi tamamilə dayandırılıb. Bu isə hektarlarla əkin sahəsinin məhv olmasına və  sonda fermerlərin müflisləşməsinə gətirib çıxara bilər.

Mövcud çətinliklıər bağlı həyacan təbili çalan Cəlilabad rayonunun Əliqasımlı, Qarazəncir, Ocaqlı kənd sakinləri səbr kasalarının dolduğunu deyirlər. Kənd sakinləri bir neçə gün öncə su probleminin həll olunmamasına etiraz olaraq Ələt- Astara magistralında etraz aksiyası keçirməyə də cəhd ediblər.

Cəlilabad rayon Suvarma Sistemləri İdarəsinin rəisi Miramət Məmmədov isə rayon ərazisində tezliklə suyun veriləcəyini bildirib. Lakin verilən vədlərə baxmayaraq, Bəhrəmtəpə kanalında bu günə kimi hələ də su yoxdur. Alternativ vasitə kimi hər bir şəxs həyətində və ya əkin sahəsində əl quyuları qazmağa çalışırr. O quyular da bəzi hallarda elə onu qazan kəndlilərin məzarına çevrilir. Elə öz qazdıqları quyuya düşən Rasim və Bayram Əsədov qardaşları kimi…

Ana səhifəXəbərlərCəlilabad sakinləri qazdığı quyuda boğuldu