Cəlilabad: Ayrılan milyonlar və yolsuzluq

”Su, kanalizasiya xətti çəkib, əvəzində yolumuzu bərbad günə qoydular”

Source:


”Su, kanalizasiya xətti çəkib, əvəzində yolumuzu bərbad günə qoydular”

Cəlilabadın Kirovski qəsəbəsinin sakinlərinin problemləri var. Onlar 2 ildir su və kanalizasiya xətləri çəkilməsi üçün məhəllələrinin qazıldığını, daha sonra isə bərpa edilmədiyini deyilər:

“Hər tərəfini qazıb töküblər. Guya bizim üçün kanalizasi-su xətləri çəkirlər. Sağ olsunlar, çox razıyıq. Ancaq su, kanalizasiya çəkib, bizi yolsuz qoyublar. İki ildən artıqdır ki, vəziyyət belədir. Yollar qazılıb, iş görülüb qurtarıb, ancaq əvvəlki vəziyyətinə qaytarılmır. Yenə əvvəl bir rahat gedib-gələ bilirdik”.


“Həyətdə-bacada oturmaq mümkün deyil”

Sakinlər problemləri ilə bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən tezliklə yollarının düzələcəyi sözü verilsə də, problem bu günə qədər həllini tapmayıb:

“Dəfələrlə məhəlləmizin ağsaqqalları İcra Hakimiyyətinə gediblər. İcra başçısının qəbulunda olublar. Vəziyyətimizi izah ediblər. Onlara “tezliklə sizin məsələnizə baxılacaq, “problem həll olunacaq” kimi vədlər verilsə də,bir nəticəsi olmayıb. Yollar yenə bərbad vəziyyətdədir. Bir balaca yağış yağan kimi lap bərbad olur. Əvvəllər yayda heç olmasa quruyurdu. İndi palçıq küçənin canına elə işləyib ki, havalar isti keçəndə də qurumaq bilmir. Əksinə ağcaqanad yuvasına çevrilir. Həyət-bacada oturmaq mümkün deyil”.


“Yaratdığınız problem, etdiyiniz yaxşılığı üstələyir”

“Alsınlar sularını, kanalizasiyalarını, qaytarsınlar yolumuzu”, – deyən Kirovski sakinləri onu da bildirirlər ki, əhaliyə edilən yaxşılıq məhrumiyyətlə nəticələnməməlidir: “Su, kanalizasiya xətti çəkdilər. Əvəzində bizi zülmə saldılar. Belə də şey olar? Camaata yaxşılıq etmək istəyirsinizsə, qoyun doyunca sevinsin. Yoxsa arxanızda qoyduqlarınız bizim gündəlik həyatımıza mənfi təsir edir axı. Onda heç nəyə sevinə bilmirik. Yaratdığınız problem, etdiyiniz yaxşılığı üstələyir. 2 il də yol bu vəziyyətdə saxlanar?”


“Bəzən yolda getdiyin yerdə ayılırsan ki, ayaqqabın yoxdur”

Sakinlər deyirlər ki, yolda gedərkən başlarına gəlməyən qalmayıb. İnsanların vəziyyətdən çıxış yolu üçün tapdıqları çarələr gülüş hədəfinə çevrilib: “Kimi ayağına plastik torbalar keçirir, kimi də çəpərlərə dırmaşa-dırmaşa gedir. Hətta bəzən yolda getdiyin yerdə ayılırsan ki, ayaqqabın yoxdur. Yapışıb qalıb palçığın içində, Arada lağa qoyub gülürük də. Uşaqları məktəbə aparmaq da çətindi. Hər gün bu işə bir qonşu baxır. Mütləq maşınla aparmaq lazım gəlir. Halbuki piyada yoludur, özləri gedə bilərlər. Palçığın əlindən imkan yoxdu”.


“Elə bil ən ucqar kənddə yaşayırıq”

Sakinlər kiminsə halı pisləşəndə əraziyə təcili tibbi yardım çağırmağın da problem olduğunu deyirlər: “Təcili yardıma zəng etməyə utanırıq. Bir söymədikləri qalır. Elə bil bu qədər palçığı biz gətirib tökmüşük bura. Harasa gedəndə çətinlik çəkirik. Məhlədə yas düşür. Bu da böyük problemə çevrilir. Bilmirik harda çadır quraq, ölümüzü necə aparıb dəfn edək. Hər işimiz maşınladır. Maşınların da gününü görsəz qorxarsız. Elə bil ən ucqar kənddə yaşayırıq”.

Məsələyə münasibət öyrənmək üçün Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, doğrudur, su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı rayonun bəzi yerlərində yollar qazılıb: “İşlər qurtaran kimi problem də öz həllini tapacaq”.


2 il ərzində Cəlilabad yollarına büdcədən 10 milyon manat ayrılıb

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Cəlilabad rayonunun yollarına bir xeyli vəsait ayrılıb. O cümlədən 9 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yolların təmir-tikintisi məqsədilə Cəlilabad rayon İcra Hakimiyyətinin balansına 2 milyon manat köçürülüb. Prezident 2013-cü ildə verdiyi başqa bir sərəncamla Cəlilabadın 23 min əhalisinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üçün Ehtiyat Fondundan İcra Hakimiyyətinə ilkin 2 milyon manat ayırıb.Prezidentin 8 dekabr 2014-cü il sərəncamı ilə Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən 6,1 milyon manat ayrılıb. Rayon yollarına iki il ərzində 10 milyon manatdan çox vəsait ayrılsa da, problem həll edilməyib.

Ana səhifəXəbərlərCəlilabad: Ayrılan milyonlar və yolsuzluq