Sümbülə Əiyeva öz məhkəməsinə gəlmir
Uzun illər jurnalistlərlə məhkəmə çəkişmələrində Prezident İlham Əliyevin əmisi Cəlal Əliyevə vəkillik etmiş, hazırda isə ev dustaqlığında olan Sümbülə Əliyeva bir aydan çoxdur ki, öz məhkəməsinə gəlməkdən yayınır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Sümbülə Əliyevanın işi üzrə sonuncu dəfə məhkəmə iclası fevralın 20-nə təyin edilib. Lakin bu dəfə də o, məhkəmə iclasına gəlməyib. Bu səbəbdən onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Məlumatda bildirilir ki, əgər Sümbülə Əliyeva bu dəfə də məhkəməyə gəlməsə, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəzlənməsi məsələsinə baxıla bilər.
Sümbülə Əliyevanın haqqında qətimkan tədbiri bundan əvvəl bir dəfə məhkəmə zalında dəyişmiş və o həbs olunmuşdu. O, təxminən bir həftə həbsdə saxlandıqdan sonra yenidən ev dustaqlığına buraxılmışdı. Bu hadisə 2021-ci ildə – Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesi yeni başlayan vaxtlarda baş vermişdi.
Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarına əsasən, o, əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillər vergi və sosial sığorta haqlarını ödəsələr də, həmin vəsaitlər təyinatı üzrə köçürülməyərək mənimsənilib. Ona görə Dövlət Vergi Xidməti və Dövlət Sosial Sığorta Fondu bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Cinayət işində söhbət 200 minə yaxın vəsaitin mənimsənilməsindən gedir.
Həmin vəkillər şahid qismində tanınsalar da, onların bir çoxu bundan narazı qalıb. Bunu məhkəmədə də açıq şəkildə dilə gətiriblər. Məhkəmədə ifadə verən Mehman Abbasov bildirib ki, Sümbülə Əliyevanın rəhbərliyi dövründə onun kassada toplanmış 19 min manata yaxın pulu mənimsənilib:
“Mənim pulumu versin, o pul elə belə qazanılmayıb. Hər işə görə nə qədər əziyyət çəkirik. Biz əziyyət çəkmişik ki, bu da pullarımızı yığıb Böyük Britaniyaya qızına göndərsin?”
Lakin Sümbülə Əliyeva özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir:
“Belə çıxır ki, mən özüm özümdən oğurluq eləmişəm? Mən bu işi eləməmişəm”.
Sümbülə Əliyeva vəkil bürosunun rəhbəri olmaqdan əlavə həm də uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. İctimai-siyasi fəalları müdafiə edən vəkillərdən Yalçın İmanov və digərlərinin Kollegiya üzvlüyündən xaric olunması üçün çıxış edib, buna səs verənlərdən biri də məhz Sümbülə Əliyeva olmuşdu.