Çeçenistanda LGBT fərdlərinə qarşı təqib dalğası

Rusiya LGBT şəbəkəsi Çeçenistanda geylərin saxlanılması və qətlə yetirilməsinin yeni dalğası barədə xəbər verib

Source:

Məqalə

Kavkazski Uze

l saytında dərc olunub


Rusiya LGBT şəbəkəsi Çeçenistanda geylərin saxlanılması və qətlə yetirilməsinin yeni dalğası barədə xəbər verib

“2018-ci il dekabrın sonundan Çeçenistanda seksual oriyentasiyası ehtimal edilən, ya da real olan 40-a yaxın adam saxlanılıb, iki adam öldürülüb”.

Rusiya LGBT şəbəkəsinin yanvarın 14-də “Kavkazski uzel”ə göndərdiyi relizdə deyilir.

“Kavkazski uzel”in yazdığına görə, Çeçenistanda geylərin təqib olunmasının yeni dalğası barədə yanvarın 11-də “Novaya qazeta” yazıb. Sosial şəbəkələrdə LGBT cəmiyyətlərinin nümayəndələrinin respublikanı təcili tərk etməsi ilə bağlı xəbərdarlıqlar yayılıb, qəzetdə qeyd edilib.

Rusiya LGBT şəbəkəsi proqramlarının direktoru İqor Koçetkov deyib ki, zərərçəkənlərin dəqiq sayını demək mümkün deyil.

“40-a yaxın adamın saxlanıldığı məlumdur, onların arasında həm kişi, həm də qadın var. Hər halda saxlanılanlardan ikisi işgəncə nəticəsində ölüb. Bizə o da məlumdur ki, onları hüquq-mühafizə orqanlarının əməkdaşları tutub və zərər çəkənləri qanunsuz olaraq Arqunda saxlayırlar”, – Koçetkovun söylədiklərini reliz müəllifləri qeyd edib.

Onun dediyinə görə, yerli hüquq-mühafizə orqanları saxlanılanların “respublikadan çıxmamaları və nəticədə məhkəmədə müdafiəyə nail olmamaları üçün” əllərindən gələni edirlər. “Onların sənədlərini alırlar, özlərinə, ya da yaxınlarına münasibətdə saxta cinayət işləri ilə təhdid edirlər, boş blanklara qol çəkmələrinə məcbur edirlər”, – Koçetkov bəyan edib.

Rusiya LGBT şəbəkəsinin məlumatına görə, yeni təqib dalğası “V Kontakte” sosial şəbəkəsindəki qruplardan birinin administratoru 2018-ci il dekabrın sonunda saxlanılandan sonra başlayıb. Bu qrupda Şimali Qafqazda yaşayan homoseksual kişilər ünsiyyət qurublar. Bu saxlanılmanın ardınca digərləri gəlib, Rusiya LGBT şəbəkəsi onlar haqda məlumatı yanvarın əvvəlində almağa başlayıb.

Reliz müəllifləri xəbər veriblər ki, 2017-ci ilin aprelindən başlayaraq, Rusiya LGBT şəbəkəsi regiondan 150-yə yaxın adamı təxliyyə edib, 130-dan çox adamsa Rusiyadan gedib.


Çeçenistan hökuməti geylərin təqib olunduğunu rədd edir

Rusiya LGBT şəbəkəsinin bu gün yayılan məlumatı ilə bağlı Çeçenistan hökumətindən hələ ki bir şərh gəlməyib. Lakin Çeçenistan başçısı Ramzan Kadırovun mətbuat katibi Alvi Karimov geylərin yenidən təqib olunmağa başlaması xəbərlərini əvvəllər təkzib edib.

“Ədəbi dillə desək, bunların hamısı yalan və dezinformasiyadır. Çeçenistan Respublikasında Cəzaların İcrası Federal Xidmət (CİFX) sisteminə daxil olmayan heç bir həbsxana və azadlıqdan məhrumetmə müəssisəsi yoxdur”, – Alvi Karimovun bəyanatı RBK-nın yanvarın 11-də çıxan sayında dərc olunub.

Çeçenistan başçısı Ramzan Kadırov və respublika parlamentinin spikeri Maqomed Daudov geylərin təqib edilməsində əlaqələrinin olmadığını əvvəllər bəyan ediblər.

2018-ci il iyunun 27-də AŞPA qəbul etdiyi qətnamədə Rusiyanı Çeçenistanda LGBT nümayəndələrinin (lesbiyanların, geylərin, biseksualların, transeksualların və interseksualların) təqib olunması ilə bağlı istintaq aparmağa, ya da onu beynəlxalq hüquq-müdafiə təşkilatının keçirməsinə icazə verməyə çağırıb. Mövzu üzrə məruzəçi, belçikalı deputat Pit de Bryun qeyd edib ki, “təqib kampaniyası başlayandan” LGBT-cəmiyyətlərin 114 nümayəndəsi Çeçenistan Respublikasını tərk edib.

Kadırov cavabında bəyan edib ki, AŞPA-nın Çeçenistanda geylərin təqibi ilə bağlı məruzəsi insan haqlarının pozulması ilə bağlı uydurma hekayətlərə və bu mövzu ətrafında “bəzi KİV-ə sızdırılmış məlumatlara” əsaslanır.

Daudov “Human Rights Watch” hüquq-müdafiə təşkilatının 2017-ci il mayın 26-da dərc olunmuş  “Onların əlləri uzundur və onlar məni tapacaqlar. 2017-ci ilin yazında Çeçenistanda geylərə basqın” (məruzə ilə “Kavkazski uzel”in “Sənədlər” bölməsində tanış ola bilərsiniz) adlı məruzəsinə reaksiya verib. HRW-nin Rusiyadakı proqram direktoru Tatyana Lokşinanın dediyinə görə, Çeçenistan hökuməti ehtimal olunan LGBT nümayəndələrinə qarşı Kremlin susqun razılığı altında amansız cəza tədbirləri həyata keçirir.

Maqomed Daudov cavabında bəyan edib ki, “ayağıma bizdə heç vaxt olmayan şeylərdə iştirakçı olduğumu yazmaq istəyirlər”.

Omsk vilayətində doğulmuş Maksim Lapunov 2017-ci il oktyabrın 16-da deyib ki, Çeçenistanda homoseksuallıqda şübhəli kimi yaxalanıb və 12 sutka Çeçenistan DİN-in cinayət axtarış şöbəsinin zirzəmisində saxlanılıb, orda onu döyüblər. Sonralar Lapunov təhdidlər ucbatından Rusiyadan çıxıb getməli olub. 2018-ci il dekabrın 24-də “Novaya qazeta” Lapunovun cinayət axtarış şöbəsinin zirzəmisində saxlanılması ilə bağlı sübutları dərc edib. Bundan başqa, qəzetdə verilən məlumata görə, Lapunov orda qətldə şübhəli bilinən iki çeçenin də 40 sutkadan artıq saxlanıldığını danışıb. Sonradan onlar ölmüş vəziyyətdə tapılıb. Çeçenistan güc strukturlarının versiyasına görə, onlar hüquq-mühafizə orqanları nümayəndələrinə hücum cəhdi zamanı qətlə yetirilib, lakin məhkəmə-tibb ekspertizasından və meyitlərə baxış protokollarından belə məlum olur ki, onlar yaxın məsafədən peysərlərindən aldıqları güllələrdən ölüb.

Xatırladaq ki, 2018-ci il noyabrın 1-də ATƏT-in Rusiyaya münasibətdə mexanizminin işə düşməsi barədə qərarı elan olunub. 16 ölkə Rusiyanın ATƏT qarşısında öhdəliklərini pozması ilə əlaqədar Çeçenistanda insan haqlarının pozulmasının beynəlxalq istintaqı üzrə fövqəladə missiya yaratmağa çağırıb. Rusiya Çeçenistandan insan haqlarının pozulması problemini çözmək istəmir, ya da buna qadir deyil, ATƏT işltirakçıları ölkələrinin nümayəndələri təsdiqləyib.

Avstriyalı hüquqşünas, beynəlxalq hüquq sahəsində professor Volfhanq Benedek 2018-ci il dekabrın 20-də ATƏT Moskva mexanizmi çərçivəsində Çeçenistanda insan haqlarının pozulması barədə məruzə hazırlayıb. Məruzənin müəllifi zorakı yox olmalar, işgəncələr, məhkəməsiz edamlar, hüquq müdafiəçilərinə təzyiq və respublikada geylərin təqibi ilə bağlı məlumatları danılmaz fakt adlandırıb.

Benedek öz istintaqı zamanı qurbanları, şahidləri, hüquq müdafiəçilərini və jurnalistləri dindirib. Bununla belə, Rusiya ekspertə ölkəyə girməyə imkan verməyib. Məruzə Çeçenistanda müntəzəm kütləvi saxlamalar faktını, “gizli həbsxanalarda” qeyri-qanuni saxlanmaları və işgəncələri təsdiqləyir. Məruzədə həmçinin Çeçenistan güc strukturları əməkdaşlarının adamların təqib olunmasında iştirak etdiyi qeyd olunur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiyanın ATƏT-də daimi nümayəndəsi Aleksandr Lukaşeviç məruzənin qərəzli və siyasiləşdirilmiş olduğunu söyləyib, Çeçenistan hökuməti nümayəndələri isə bunu Rusiyaya siyasi təzyiqlə əlaqələndirib.


“Çeçenistandan geylərin oğurlanması, onlara işgəncə verilməsi və qətlə yetirilməsi təkcə kişilərə toxunmayıb. Qeyri-ənənəvi seksaul oriyentasiyalı qadının taleyi bütünlüklə onun doğmalarının əlindədir, onlarsa güc strukturu nümayəndələrindən heç də az amansız olmurlar”, – “Kavkazski uzel”in “Oriyentasiyasına görə öldürülənlər – Çeçenistanda qadınların taleyi” məqaləsində deyilir.

Ana səhifəXəbərlərÇeçenistanda LGBT fərdlərinə qarşı təqib dalğası