Müdafiə Nazirliyi: “Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”
“Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib”, – Azərbaycan Müdafiə Nazirliyinin məlumatıdır.
Nazirliyin yaydığı məlumatda deyilir ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
“Hərbi qulluqçularımız arasında itki yoxdur. Düşmən tərəfinin aktivliyinin qarşısı alınıb”.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:
“Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir”.