Cəbhədən hekayə: “Heç nə əvvəlki kimi olmayacaq”

“Dünənə qədər televizorda gördüyümüz, barəsində eşitdiyimiz torpağın üstündə gəzəndə elə bilirəm ki, mən əvvəllər burada olmuşam”

Source: Specify Source


Hərbi həkim itirdiyi dostlarından danışır

“Mən bir hekayə yazmışdım öz intiharımla bağlı. Hər il ad günümdə Müslüm Gürsəsin “Paramparça”sına qulaq asırdım. Orada deyir ki, “Hem sarhoşum, hem yastayım”. Bu ad günümdə sərxoş olmasam da, yasda oldum. Qəribədir, heç nə əvvəlki kimi olmayacaq”.

Cəbhə bölgəsində çalışan həkimlərdən biri Meydan TV-yə müharibədə itirdiyi dostları, keçirdiyi günlər haqqında danışır. Adının açıqlanmasını istəmir, hekayəsini elə naməlum hərbi həkim kimi danışır.

… Onlar həmkar olmaqla yanaşı, universitet yoldaşı olublar. Müharibə başlayan kimi cəbhəyə göndəriliblər. Az sonra üçündən cəmi biri sağ qalıb…


“Subayam, mən gedərəm, sizin ailəniz var”

“Tez-tez Turqutla (cəbhədə həlak olan həkim Turqut Xəlilbəyli nəzərdə tutulur – red.) zəngləşirdik. Burada ayrı-ayrı yerlərdə çalışırdıq. Sonra o, ön cəbhəyə getdi. İçimdə daim narahatlıq var idi. Bəzən hansısa həkimlərin həlak olduğunu eşidirik, amma sonradan yaşadığını öyrənirik. Olur ki, məlumat bizə gec gəlib çatır. Artıq bir müddət sonra Turqut övladları olan həmkarlarına deyirdi ki, qoy mən qabağa gedim, subayam.

Turqutla son görüşümüzdə, o, qaldığım yerdə çimməyə gəlmişdi. Sadəcə üstündən toz atmaq üçün yuyundu. Həmin gün sonuncu qulaq asdığımız mahnı Səxavət Məmmədovun “Azad bir quşdum” mahnısı idi. Onunla şəkil çəkmək istədim, nəsə telefon işləmədi. Sonra çıxıb getdi. 2-3 gün sonra zəng gəldi ki, Turqut yaralanıb. İlk gedən mən oldum. Onu başqa bir həkim yoldaşı xəstəxanaya aparmışdı. Gedib çatanda sadəcə ürək döyüntüsü vardı. Əməliyyat etməyə hazırlaşırdılar. İçəri daxil oldum. Süni tənəffüs aparatına qoşmuşdular. Son ana qədər sağ qalacağını gözlədik. Ancaq həyatını xilas etmək mümkün olmadı…

Turqut Xəlilbəyli ön cəbhədə yaralı əsgərlərə tibbi yardım göstərirdi. Sonuncu dəfə yaralıları daşıyanda həkim yoldaşına “bir az da gözləyək, bəlkə, yenə yaralı gəldi”,- deyərək ərazidən uzaqlaşmamışdı. Az sonra atılan top mərmisindən ayağından və başından zərbələr almışdı. Onu özüm yudum. Sonra Bakıya dəfn etməyə apardılar.

Turqutla 4 ilə yaxın idi ki, dost idik. Universitetin 5-ci kursunda onu tanımışam. Hərbi tibb sahəsində çalışırdı. Leytenant idi. Tamam başqa dünyanın adamına bənzəyirdi. Bir problemin olsa, əlindən gələni edərdi. Turqutla birgə bu il rezidentura imtahanı vermişdik. İkimiz də kəsildik. O, 35 bal yığmışdı, birinci mərhələni keçmək üçün cəmi 5 balı çatışmırdı. Çox məyus idi buna görə. Mənə deyirdi ki, buradan sağ-salamat qayıtsa, rezidenturaya qəbul olacaq, sonra da Almaniyaya oxumağa gedəcək. Bu ilin sonu isə nişanlanmaq istəyirdi. Ümumiyyətlə, istədiyi bir şeyə möhkəm bağlanan adam idi.

Turqutun ən xırda zarafatı belə yadımdadır. Bir pencəyi vardı, onu istədim, verdi. Sonra özünə qaytarmışdım. İndi peşmanam. Kaş, xatirə kimi məndə qalaydı. Bir də burada əynindəki paltarları torbanın içinə yığıb saxlamışam.

Bilirsiniz, kimsə ölməyə layiq deyil. Turqut isə buna heç layiq deyildi”.


“Gələcəyəm, narahat olma”

“Adilin ölüm xəbərini eşidəndən sonra bir neçə nəfərdən bunun doğru olub-olmadığını soruşduq. Elə şeyin olmadığını dedilər. Ancaq səhəri gün məlumat gəldi ki, xəbər doğru imiş.

Onun da cəsədini ilk görən mən oldum. Dedik, bəlkə, o deyil. Amma cibindən çıxan ətrindən onu tanıdım. Bu, Adilin ətri idi… Səhəri gün atasıyla danışdım. Onu dəfn etməyə apardılar”.

Adil Əfəndiyev də hərbi tibb sahəsində çalışırdı. Ön cəbhədə yaralı əsgərlərə tibbi yardım göstərirdi. Turqut kimi o da mərminin düşdüyü ərazidə həlak olmuşdu:

“Adili universitetin birinci kursundan tanıyıram. Çox yaxın dost idik. Vaxtı olan kimi onunla görüntülü danışırdıq. Onda hələ cəbhədə deyildik. Avqustda ad günü idi. Zəng edib təbrik etmişdim. Adilin xəyalları vardı. Norveçi çox sevirdi. Yadıma gəlir, Azərbaycanla Norveç komandaları futbol oynayanda gedib stadionda baxmışdıq. Mənə bəzən zarafatca deyirdi ki, Norveçə getsəm, səni özümlə aparmayacağam. Sakit həyat arzulayırdı. Hələ də yadımdan çıxmır, ölümündən 2 gün əvvəl danışanda mənə dediyi: ”Gələcəyəm, narahat olma”. Görüşməyi planlaşdırmışdıq…

Mütaliəni çox sevirdi. “Bookcafe” olan məkanlara çox gedirdik. Universitet vaxtından kitablarımızı bir-birimizlə bölüşürdük. Bir dəfə Stefan Sveyqin “Yad qadının məktubları” kitabını oxuyurdum. Adil məndən kitabı alıb 45 dəqiqəyə oxudu və geri qaytardı. Derviş Şentekinin “Beş parasızdım ve kadın çok güzeldi” əsəri sevimlisi idi və öz səhifəsində, statuslarında bunu yazırdı.

image_from_ios (8).jpg
“Adilin xəyalları vardı”

Bəlkə də, dünyada tayı-bərabəri olmayacaq insan idi Adil. Bunu tam səmimi deyirəm. Turqutdan hardasa 20 gün sonra onu itirdim. Son danışığımızın tarixinə baxıram telefonda. Kiçik itki deyil bunlar. Sabah onunla getdiyim yerlərə necə gedəcəyəm? Qulaq asdığımız mahnılara necə qulaq asacağam? İkimizin də ortaq kitabları vardı. Yəqin onları kiməsə verərəm…”.


“Turqutda sındım, dedim toparlanaram, amma Adildə çökdüm”

“Bəlkə də, mən daha çox ölümə layiq idim, nəinki onlar. Bəlkə də, onlar indi mənim haqqımda xatirələrini danışmalı idilər.

Adillə birlikdə “Cənab leytenant” mahnısına qulaq asırdıq həmişə. O da leytenant idi. İndi mən hər ikisi üçün tək qulaq asıb ağlayıram. Əslində ağlaya da bilmirəm. Buradan sağ-salamat qayıtsam, ilk növbədə, məzarlarını ziyarət edəcəyəm. Bəlkə də göz yaşlarımı oraya saxlamışam. Bilirsiniz, mən universitet vaxtı reanimasiyada çalışmışam. Hədsiz sayda ölü insanlar görmüşəm. Hətta cəsədlə bir otaqda da yatmışam. Ancaq ölümdən bu qədər sarsılmamışam. Məncə, elə ölümlər var ki, “ola bilməz”lərdir.

Düşünürsən, 5-10 il sonra Adilin, Turqutun yerini kimsə verə bilməz. Yalandan demək istəmirəm ki, gələcəkdə oğlum olsa, adını Turqut, ya Adil qoyacağam. Çünki hər dəfə onlarla bərabər ağrını yaşayaram. Gedənlə gedilmir, amma mütləq ki, gedənlər yada düşür. Bir-bir getdi danışdığım adamlar, dostlarım. Desələr, Adili bir dəfə görmək üçün ölməlisən, yəqin, razı olardım. Ümumiyyətlə, dostluq anlayışı da müharibədən sonra fərqli şey oldu mənim üçün. Başa düşdüm ki, insanlar münasibətlərdə qarşılıq gözləməməlidir. O qarşılığın hansısa öhdəliyi olmamalıdır. Adam həyatda çox şeyini itirə bilər. Amma hər zaman yanında görmək istədiyi insanı itirəndə deyir ki, bəlkə nağıldır, bəlkə heç belə biri olmayıb. Turqutda sındım, dedim toparlanaram, amma Adildə çökdüm.

İnsan acıya öyrəşir. Ancaq ən çox ağrını ailən, doğmaların çəkəcək. “Nəfəs” adlı türk filmində deyir ki, “Sən öləndə anan hönkürəcək, atan içdən ağlayacaq, bir az keçəcək, sonra televizorda maqazin xəbərləri göstəriləcək”… Ən doğmalar da 1 il, 2 il, 3-cü il öyrəşəcəklər yoxluğuna. Bundan sonra hər kəs yaşamına dönəcək. Vaxt keçəcək, Adilin, Turqutun dostları toy da edəcəklər, amma bu iki nəfərin toyu heç vaxt olmayacaq…

Həyatın isə sənə verdikləri bundan ibarətdir. İçin parçalansa da, bu şeyləri qəbul etməlisən. Alınan hər qarış torpaq mənə bunu xatırladır”.


“Əsas uşaqlarım başsız qalmasın, ölməyim”

“Dünənə qədər televizorda gördüyümüz, barəsində eşitdiyimiz torpağın üstündə gəzəndə elə bilirəm ki, mən əvvəllər burada olmuşam. Yağışdan sonra torpaqdan gələn ozon qoxusu qədər gözəldir. Azərbaycanı qarış-qarış gəzməmişəm, amma indi hiss edirəm ki, buranın daşı da, suyu da mənimdir.

Burada həkimlər növbə ilə çalışırlar. Hər sahə üzrə mütəxəssis var. Anestezioloqlar və cərrahlar çoxdur. Bütün lazımi avadanlıqlarla təmin olunmuşuq. Xüsusi iş qrafiki yoxdur. 2-3 gün ərzində yuxusuz qalan olursa, digəri onu əvəz edir. Əsasən, xəstəxanada yatırıq. Elə gün olub ki, kisənin üstündə də yatmışıq. Ümumiyyətlə, burada yatmağa deyil, işləməyə gəlmişik. Elə olur ki, gecəni yuxusuz qalanda səhər yuxun gəlir, amma o anda yaralı gətirilir. Gətirilən yaralıların çoxu qəlpə zədəsi alanlardır. Yadımdadır, bir nəfər gəlmişdi, ayaqları yox idi. “Əsas uşaqlarım başsız qalmasın, ölməyim. Ömür boyu belə qalmağa da razıyam”,- deyirdi. O adam ayaqlarını həmişəlik itirdi…”

Ana səhifəSiyasətCəbhədən hekayə: “Heç nə əvvəlki kimi olmayacaq”