“Mənfi 20 dərəcədə qarın üstündə, yarıçılpaq əlləri və ayaqları bağlı saxlanıb”
Fevralın 27-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan təşkilatının rəhbəri Yaşar Bağırsoy həbsdə olan qardaşı Zeynalabdin Bağırzadə ilə görüşüb.
Qardaşı Y. Bağırsoya cəzaçəkmə müəssisəsində ağır işgəncələr verildiyini bildirib.
Məlumatı Azadlıq Radiosu yayıb.
“Ona cəzaçəkmə müəssisəsində 10 gün işgəncə verilib. Mənfi 20 dərəcədə qarın üstündə, yarıçılpaq əlləri və ayaqları bağlı saxlanıb. 4- 5 saatdan sonra o huşunu itirib. Sonra aparıb atıblar tək kameraya ki, orda da istilik sıfırın altında. Ən acısı odur ki, Bağırzadənin bütün orqanlarında ağrılar başlasa da, müalicəsinə şərait yaradılmır. Fikrindən anladım ki, ona ölümünə işgəncə veriblər”, – deyə Yaşar Bağırsoy bildirib.
Yaşar Bağırsoy Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında aidiyyatlı dövlət orqanlarının bu məsələyə reaksiya verəcəklərinə ümid edir.
Məsələyə Muxtar Respublika rəhbərliyinin və Penitensiar Xidmətin münasibətini öyrənmək mümkün olmayıb.
Son vaxtlar təcridxana və cəza evlərində müxalifətçilərə, müstəqil fəallara, inanclı insanlara işgəncələr verilməsi ilə bağlı şikayətlər artıb. Hüquq mühafizə orqanları belə şikayətləri qəbul etmir, böhtan kimi dəyərləndirirlər.
AXCP fəalı Zeynalabdin Bağırzadə 2016-cı il fevralın 2-də Babək rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan mərhum edilib. Naxçıvan Ali Məhkəməsi hökmdən verilmiş apelyasiya şikayətini təmin etməyib.
O, dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırılıb.
Z.Bağırzadə 2015-ci il noyabrın 16-da saxlanıb. Yaxınlarının dediyinə görə, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı Fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra isə prokurorluğa şikayət ərizəsi verib. Sonda iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.