Cəbhəçilərin həbs müddəti marta qədər uzadıldı

Həbsdə olan AXCP funksionerlərinin həbs müddəti sonuncu dəfə sentyabrda artırılmışdı

Source:


Həbsdə olan AXCP funksionerlərinin həbs müddəti sonuncu dəfə sentyabrda artırılmışdı

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənov haqqında həbs-qətimkan tədbirinin müddəti martın 7-nə qədər uzadılıb. Noyabrın 13-də Nəsimi Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Həbsdə olan AXCP funksionerlərinin həbs müddəti sonuncu dəfə sentyabrda üç aylıq – dekabrın 9-na qədər artırılmışdı. Cəbhəçilərin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onların həbs müddətinin başa çatmasına təxminən bir ay qaldığı halda, noyabrın 13-də qəfildən vəkillərə zəng edərək, qətimkan tədbirilə bağlı proses təyin olunduğu bildirilib.

Məhkəmə axşam saat 17.00 radələrində baş tutub. Prosesdə həbsdəki cəbhəçilərin özləri də iştirak ediblər.

A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

Məlumata görə, sabiq icra başçısının həbs müddəti də marta qədər artırılıb.

S.Rüstəmli narkotik ittihamıyla həbs edilmişdi. Daha sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də həbs edildi. Cəbhəçilər də saxlandıqdan sonra hüquq-mühafizə orqanları iddia etdi ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İddialarda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir.

AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.

Ana səhifəXəbərlərCəbhəçilərin həbs müddəti marta qədər uzadıldı