Natiq Cəfərli: ”Əgər hökumət qənaət rejiminə keçmək istəyirsə, büdcə korrupsiyasının qarşısını almalıdır”
Nazim Bəydəmirli: ”Təbii ki, iki məmurun media vasitəsilə münasibətlərini aydınlaşdırmasını yaxşı qarşılamır və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirirəm”
Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov APA-ya
açıqlaması
nda ad çəkmədən özündən əvvəlki rəhbərliyi hədəfə alıb.
O, lokomotiv parkının olmadığını xatırladaraq bildirib ki, 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı: “Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”.
Cavid Qurbanovun söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli xatırladıb ki, mətbuatda bu sahədə mənimsəmələrlə bağlı dəfələrlə yazılar dərc olunub, ekspert rəyləri yayılıb:
“İndi isə idarənin rəhbəri özündən əvvəlki rəhbərliyin vaxtında mənimsəmələrin olduğunu elan etdi, hətta bəzi rəqəmlər də açıqladı. Dedi ki, hər hansı vəsait alınanda, yaxud iş görüləndə rəsmiləşmədə iki dəfə artırılmaya yol verilib”.
Natiq Cəfərli hesab edir ki, qanunvericiliyin tələbinə əsasən hüquq-mühafizə orqanları belə bəyanatlara reaksiya verməli və cinayət işi başlanmalıdır: “Mətbuatda dərc olunan hər bir məlumat hüquq-mühafizə orqanları üçün kifayətdir. Bax, bundan sonrakı gedişat necə olacaq sualı aktuallıq kəsb edir. Əgər “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbərliyi dövründə Cavid Qurbanovun dedikləri olubsa, ciddi araşdırılıb ictimaiyyətə məlumat verilməlidir. Çünki söhbət bizim vergilərimiz hesabına formalaşan dövlət büdcəsindən maliyyə alan bir qurumdan gedir. Ona görə də hər bir vətəndaş araşdırmanın getməsində və ölçülər götürülməsində maraqlı olmalıdır. Nəhayət, hökumət də hesabat verməyi öyrənməlidir”.
İqtisadçı hesab edir ki, Cavid Qurbanovun özü də daxili auduit idarəsinin rəyini açıqlaya bilər: “Bunun özü cinayət işinin başlanması üçün bir əsasdır. Cavid Qurbanov artıq rəsmi açıqlama verib.Hüquq-mühafizə orqanlarının necə reaksiya verəcəyi bizə maraqlıdır. QHT-lərlə bağlı medaia hər hansı məlumat yayılan kimi cinayət işi başlanılırdı, indi isə dövlət orqanı barədə rəsmi şəxs bəyanat verir ki, mənimsəmələr var. İndiki böhranlı dövrdə bütün nazirliklər hesablı və şəffaf olmağa borcludurlar. Əgər hökumət qənaət rejiminə keçmək istəyirsə, büdcə korrupsiyasının qarşısını almalıdır. Məişət korrupsiyasının bir hissəsini ASAN-Xidmətin vasitəsilə həll etdilər, bugün əsas problem dövlət orqanlarının büdcələrindədir. Bu məsələnin həllində isə rəsmi şəxslərin bəyanatlarına hüquq-mühafizə orqanları reaksiya verməlidir”.
Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli isə Cavid Qurbanovun söylədiklərini belə şərh edir: “Müşahidələrimiz onu deməyə əsas verir ki, adətən hansısa məmur “vurulan” zaman bu cür bəyanatlar səslənir. Çox təəssüf ki, vaxtında, yəni həmin şəxslər vəzifədə olarkən bu barədə danışılmır. Əlbəttə, vəzifəyə gələnin sələfini tənqid atəşinə tutmasının ənənə halını alması acınacaqlıdır. Hər şeyi zamanında etmək lazımdır. O zaman avtomobil yollarının çəkilməsi barədə danışmalıyıq.Bugünlərdə Xaçmazda və Sumqayıtda olanda beton yolun bərbad aqibətini gördüm və şəkillər paylaşdım. Halbuki, 30 il təminat verilmişdi. Yaxud cənab prezidentin göstərişilə Şəmkir-Gədəbəy yolunun çəkilişinə vəsait ayrılmışdı, amma 2 ayda 30 faizindən çoxu sıradan çıxdı. Milli Məclisdə bu barədə tələbimdən sonra bir az təmir işləri apardılar, yaddan çıxdı. Başqa bir misal, Gədəbəy-Qaravəllər yolu, 50 faizi sıradan çıxıb, çünki yol meyarlarına uyğun deyil, ətrafdakı suötürücüləri işlənilməyib. Hələ istifadəyə verilməmiş körpünün yarısını sel aparıb. Yağış yağandan sonra görülən işlərin bərbadlığı üzə çıxır. Elə yerlər var ki, qurunt işləri görülmədən kilometrlərlə yolun asfaltı ancaq torpağa döşənib. Təbii ki, iki məmurun media vasitəsilə münasibətlərini aydınlaşdırmasını yaxşı qarşılamır və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirirəm. “Azəravtoyol” ACS də bu işləri görüb, onda belə çıxır ki, sabah da bu qurumun rəhbəri danışacaq. Çox təəssüf ki, çox yerdə hələ mənimsəmələr var”.