Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”ndakı vəzifəsini itirdi, nazir müavini oldu

Cavid Qurbanov. Foto: Azərtac

Prezident bir neçə sərəncam imzaladı

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev mayın 24-də sərəncam imzalayıb. İlham Əliyevin digər sərəncamıyla Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

2015-c ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbanov 1993–1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində Prezident vəzifəsində çalışıb.

O, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi, 2007-ci ilin fevralından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutub. Texniki elmləri namizədi C.Qurbanov III, IV və V çağırış Milli Məclisinin deputatı olub.

Eyni zamanda, prezident bu gün Fərid Əhmədovun və Samir Məmmədovun rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin edilməsi haqda sərəncamlar imzalayıb.

İlham Əliyevin mayın 24-də imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı ilə bağlı fərmana dəyişiklik edib. Yeni fərmanda bütün sənədlərin yeni ada uyğunlaşdırılmasından bəhs edilir. Nazirliyin adı ötən ilin sonundan etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olub. Bu, sözügedən nazirliyinin adının 2004-cü ildən bəri sayca dəyişdirilən 4-cü adıdır. Həmin il Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. Sonradan nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, son olaraq isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çevrilib.

Ana səhifəXəbərlərCavid Qurbanov “Azərbaycan Dəmir Yolları”ndakı vəzifəsini itirdi, nazir müavini oldu