Vətəndaşlar torpaq sahələri olmadığından kəndi tərk etmək məcburiyyətində qaldıqlarını deyirlər
“Əvvəllər bu torpaqlardan yalnız ot biçirdik. Kənd yollarımız bərbad olduğuna görə kənardan texnika gətirə bilmirdik, ona görə də əkin işləri apara bilmirdik. Son 3 ildə kəndin yolları düzəldiyinə, şərait yarandığına görə taxıl, buğda əkməyə başlamışdıq. Bu yaxınlarda gəlib xəbərdarlıq etdilər ki, torpaqları boşaldıb bələdiyyəyə verək”.
Qubanın Çarxaçu kənd sakini Rüstəm Sayılov Meydan TV-yə danışır ki, 1997-ci ildə torpaq islahatları həyata keçirilərkən ona ayrılmış pay torpaq sahəsi çay yatağına düşüb, əkin və örüş üçün yararsız olduğuna görə sonrakı müraciətlərinin nəticəsində ona və ailə üzvlərinə 46 sot əvəzedici torpaq sahəsi verilib.
“Kəndin 60 faizi torpaqsız qalıb”
Kənd sakininin deməsinə görə, əvvəllər torpaq sahəsindən yalnız ot biçirmiş, son 3 ildə isə taxıl əkirmişlər. Bir müddət əvvəl onun və daha 27 ailə qarşısında istifadələrində olan torpaqları boşaldaraq bələdiyyəyə vermək tələbi qoyulub:
“Həmin torpaqda əkin işləri aparmaq üçün dövlətdən sübsidiya da almışam. Yəni torpaqdan istifadəm qanunsuz idisə, nəyə görə dövlət subsidiya ayırırdı? Deyərdi, qanunsuz işlə məşğulsan, sənə subsidiya verə bilmərik. Son vaxtlar kənd bələdiyyəsi Dövlət Kadastr Xidmətinin xəritəsini əsas gətirərək istifadəmizdə olan torpaqların, həmçinin də mənim torpağımın müəyyən hissəsinin bələdiyyəyə və köçəri mal-qara düşərgəsinə aid olduğunu bildirir. Mənə və digər kəndlilərə torpaqlarda təsərrüfat işləri aparmağa icazə verilmir. Kənddə ailələrin təxminən 60 faizi torpaqsız qalıb”.
“Elə bil torpaq oyuncaqdır, gəlib deyir, ver bura”
Rüstəm Sayılov torpaqların əllərindən alınması səbəbindən qarşıdan gələn qışa hazırlaşa bilmədiklərini deyir:
“46 sot torpaqda apardığım son əkindən 1 ton 200 kiloqram buğda götürmüşəm. İşsiz-gücsüz kəndlinin üzünü az-çox ağ edən əkindir, heyvandarlıqdır. Bizi bundan da məhrum edirlər. Vaxtilə axar çayın içində pay torpağı ayırmaları, sonradan əvəzedici kimi başqa yerdə torpaq sahələri ayırmaları mənim günahım deyildi axı. Mən kəndli babayam, dövlət haradan torpaq verib, orda da əkinimlə məğul olub, dolanışığımı qurmuşam. İndi deyirlər, torpağı qaytar, ancaq əvəzinə torpaq yoxdur. Çünki torpaq islahatları çoxdan başa çatıb, o söhbət bağlanıb. Kənddə ailələr qışa tədarükünü yayda əkdiyi torpağa hesablayır. Dövlətsə bir çıxış yolu göstərmir. Biz özbaşına torpaq zəbt etməmişik. Vaxtilə verdiyi yararsız torpağı geri götürüb, yerinə yararlı torpaq sahəsi veriblər, 20 ildir ki, bu sahələri əkirik, biçirik, elə bil oyuncaqdır, indi gəlib deyir ver bura…”.
Kəndlilər başqa yerlərə köç edir
Rüstəm Sayılovun sözlərinə görə, əkinlə, heyvandarlıqla məşğul olmaq həm bu, həm də başqa səbəblərdən çətinləşdiyi üçün kəndlilər başqa yerlərə kütləvi köç edir, əsasən Rusiyaya, Bakıya üz tuturlar. Əkməyə, biçməyə torpağı olmasa, o da dolanışıq üçün çıxış yolunu başqa yerə köç etməkdə görür.
Kənd sakinləri aidiyyəti dövlət qurumlarına və Prezident Administrasyasına məktublar göndərib. Onlara gələn cavablarda məktublarının rayonun icra hakimiyyəti aparatına göndərildiyi qeyd olunub. Bəs yerli icra hakimiyyəti bu məsələyə nə deyir?
İcra hakimiyyətindən bildirilib ki, sakinlərin şikayətləri araşdırılarkən məlum olub ki, qeyd olunan torpaq sahələri hazırda Xaltan kəndinin sərhədləri daxilindədir. 270 hektar torpaq sahəsindən 67 hektarı 28 ailə olmaqla Xaltan kənd sakinlərinin Dövlət Aktıyla mülkiyyətinə verilib. Quba Rayon İcra Hakimiyyətinin aqrar-islahat əsasında və ya digər formada vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək səlahiyyəti və öhdəliyi yoxdur.
Vətəndaşların tələbinə uyğun cavab verməli olan aqrar islahat komissiyası artıq mövcud deyil.
Həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlayıb, 2005-ci ildə aqrar islahatları yekunlaşıb, fəaliyyətinə xitam verilib. Aqrar islahatı zamanı hər hansı səbəbdən pay torpağı əldə edə bilməmiş vətəndaş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bələdiyyələrin ehtiyat torpaq fondundan qanunvericilikdə müəyyən edilmiş qaydada satın ala bilər. Yaxud da bələdiyyə mülkiyyətindəki torpaqlardan icarəyə götürə bilər.