Cahangir Hacıyevin şikayəti təmin edilmədi

Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

Source:


Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

İyunun 1-də Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham olunan digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda məhkəmə qərarı elan edilib. Qərara əsasən onların şikayətləri təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.

C. Hacıyev, “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apelyasiya şikayətində onlara bəraət verilməsi istənilib.

Bundan başqa, məhkəmə təqsirləndirilən Məmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı  Cahangir Hacıyevdən tutulması ilə bağlı qərar qəbul edib.

Ana səhifəXəbərlərCahangir Hacıyevin şikayəti təmin edilmədi