Prosesin nə vaxt olacağı bəlli deyil
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
Bu barədə “Report”a Cahangir Hacıyevin vəkili Aqil Layicov bildirib.
O, Bakı Apellyasiya Məhkəməsində keçirilməli olan prosesin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.
Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.