Cahangir Hacıyevin bacısı: Qardaşımı ac saxlayıb işgəncə verirlər

“Ölkə başçısının işi-gücü qurtarıb ki, belə cılız addımların arxasınca düşsün?!”

Foto: arxiv


“Ölkə başçısının işi-gücü qurtarıb ki, belə cılız addımların arxasınca düşsün?!”

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə və eyni zamanda, ictimaiyyətə müraciət edib. Ə.Hacıyeva bildirir ki, qardaşını həbsdə ac saxlayırlar, ona bu yolla işgəncə verirlər. Özünə də deyirlər ki, ona qarşı qanunsuzluqlar prezidentin göstərişilə həyata keçirilir:

“Qardaşım Cahangir Hacıyevə qarşı qanunsuz hərəkətlər və məhdudiyyətlər son zamanlar o həddə çatıb ki, düşmən belə, həbsdə olan şəxsə o cür davranmaz. Sentyabrın 12-dən ona aparılan bağlama istintaq orqanının göstərişiylə qəbul edilmir. Faktiki, qardaşımı ac saxlayıb ona işgəncə verirdilər. 19 sentyabrda bir daha yemək apardıqda bildirdilər ki, guya Cahangir Hacıyev özü ərizə yazaraq, yeməkdən imtina edib. Yeməyi qəbul etmədilər. Biz vəkil Aqil Layıcdan xahiş etdik ki, gedib onunla danışsın, aclıq aksiyasının qarşısını alsın. Elə bilirdik ki, 15 sentyabrdan Cahangir Hacıyev aclıq aksiyası keçirir. Lakin məlum oldu ki, onu yeməkdən, həm də ailə üzvlərilə telefon danışığından məhrum ediblər. Bunu da edən istintaq orqanı, prokurorluqdur. Vəkil qardaşımla görüşəndən sonra bəlli oldu ki, o, yeməkdən imtina etməsi haqda ərizə yazmayıb, onu cəza olaraq, aclığa məhkum ediblər”.

Ə.Hacıyeva daha sonra yazır ki, qardaşının cəzalandırılması onun istintaq orqanından hüquqlarının bərpasını tələb etməsidir. Bacısının sözlərinə görə, C.Hacıyev haqqındakı 360 cildlik, 100 min səhifədən çox cinayət işilə tanış olmaq üçün kifayət qədər vaxt istəyir, istintaq orqanı razılaşmır: “Təsəvvür edin, 360 cildlik iş, hər cilddə də 300 səhifə var. Bunu bir neçə günə bitirmək mümkündürmü? Şəxs öz hüquqlarından istifadə edəndə onu cəzalandırarlarmı?!”

Ə.Hacıyeva qardaşının vəkillərinə qarşı təzyiqlər haqqında da yazır. Bildirir ki, C.Hacıyevin müdafiəçilərindən birini – Fəxrəddin Mehdiyevi, ümumiyyətlə, vəkillikdən uzaqlaşdırdılar, hazırda digər müdafiəçisi Aqil Layıcın da eyni şəkildə cəzalandırılmasına hazırlıq gedir:

“İndi də prokurorluq və istintaq orqanı yanlış məlumat verərək iddia edir ki, guya Cahangir Hacıyevə ac qalmağı vəkil deyib. Bu yalandır. Bir neçə dəfə biz yemək aparsaq da, qəbul etməyiblər. Qeyd etdiyim kimi, deyiblər ki, guya özü imtina edib.

İndi qərəz o həddə çatıb ki, bir dəfə cəzalandırdıqları vəkili ikinci dəfə də cəzalandırıb, Cahangir Hacıyevi faktiki olaraq, cəmiyyətdən və hüquqlarından məhrum edib öldürmək niyyəti güdürlər. Təəssüf ki, Vəkillər Kollegiyası hələ də prokurorluğun təsirindən çıxa bilmir.

Nə istəyirsiniz, bir dəfə göstəriş verdilər, digər vəkilimiz Fəxrəddin Mehdiyevi uzaqlaşdırdınız, Aqil Layıca isə töhmət verdiniz. Bu, hansı ədalət meyarına sığar?! Hər şeyi də ölkə başçısının üzərinə atırsınız. Soruşuram, ölkə başçısımı deyib ki, qardaşımı ac saxlayın?! Ölkə başçısımı deyib ki, vəkil Aqil Layıcı cəzalandırın? Ölkə başçısının işi-gücü qurtarıb ki, belə cılız addımların arxasınca düşsün?!

Bunun bir adı var: qardaşımı vəkilsiz qoyub, öz istədikləri vəkilləri təyin etməklə, onu orada acından öldürmək”.

Penitensiar Xidmətdən ittihamlara aydınlıq gətirilməyib.

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, bankın yüzmilyonlarla vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən C.Hacıyev ittihamları qəbul etmir. Bankın vəsaitlərinin müxtəlif böyük layihələrə xərcləndiyini, bunu hökumətin özünün də bildiyini deyir.

C.Hacıyev həbsinə görə həm də maliyyə naziri Samir şərifovu ittiham edirdi.

Ana səhifəXəbərlərCahangir Hacıyevin bacısı: Qardaşımı ac saxlayıb işgəncə verirlər