Cahangir Hacıyev son söz üçün vaxt istədi

Prokuror: ”2008-ci ildə kreditlər ayrılan layihələrin nə zaman xeyir gətirməsi gözlənilirdi?”

Source:


Prokuror: ”2008-ci ildə kreditlər ayrılan layihələrin nə zaman xeyir gətirməsi gözlənilirdi?”

Oktyabrın 5-də “Azərbaycan Beynəlxalq Bank” ASC-nin həbsdə olan İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin  cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “İnter Securiy” şirkətinin rəhbəri olmuş İbrahim Hüseynovun vəkil Azər Tağıyev müdafiə çıxışı edərək ittihamların əsassız olduğunu deyib.

Vəkil qeyd edib ki, müdafiə tərəflərinin çoxsaylı müraciətlərinə, vəsatətlərinə baxmayaraq məhkəmə prosesləri sürətlə keçirilib: “Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə prosesi çoxsaylı qanunsuzluqlara müşahidə olunub. Müvəkkilimə verilən ittihamlar əsassızdır. O, vəzifəli şəxs olmayıb və Beynəlxalq Bankla heç bir bağlılığı yoxdur. İttihamın irəli sürdüyü mütəşəkkil dəstə ittihamı da bu şəxslərə uyğun gəlmir. İttiham aktında ümumi ziyan 211 milyon göstərib. Lakin məhkəmədə səsləndirilən rəqəmlər arasında ziddiyyətlər var. Beynəxalq Bankın bütün təqsirləndirilən şəxslərdən ayrı-ayrılıqda tələb etdiyi məbləğin miqdarı 249 milyon edir”.

Vəkil müvvəkkilinin əvvəllər MTN əməkdaşı olduğunu, azyaşlı övladlarının olmasını, dövlətə xidmətlərinin nəzərə aqlınaraq barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror Fərid Nağıyev isə replika hüququndan istifadə edərək cinayət işinin materiallarında Cahangir Hacıyevin ailə üzvlərinin xarici ölkələrdə otellərə, bahalı mağazalara, sağlamlıq mərkəzlərində kartlar vasitəsi ilə ödənişlər etməsi ilə bağlı konkret faktlar olduğunu söyləyib:”Zamirə Hacıyeva heç bir biznes planı təqdim etmədiyi halda ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev ötən prosesdə çıxış edərkən dedi ki, bankdan layihələrə ayrılan kreditlərin ödənilməsi və gəlir gətirməsi üçün müəyyən vaxt lazım imiş. Və belə bir müqayisə apardı  ki, bu, bir ay əvvəl evlənmiş cütlükdən uşaq gözləməyə bənzəyir. Vəkillər qeyd edir ki, pul ayrılan layihələr gəlir gətirəcəkdi və müəyyən zaman lazım idi. 2008-ci ildə kreditlər ayrılan layihələrin nə zaman xeyir gətirməsi gözlənilirdi? Nə qədər müddət lazım idi? Halbuki, bu 7 il ərzində qəhrəman ata olmaq mümkün idi”.

Vəkil Fəxrəddin Mehdiyev isə deyib ki, vəkillər ittiham aktının nə qədər absurd olduğu ortaya çıxarıb.

C. Hacıyevin digər vəkili Aqil Layıcov C.Hacıyevin ailə üzvlərinin xaricdə xərclədiyi pulların sabiq bankirin şəxsi pulu olduğunu deyib: “Qeyd edilən məbləğ 1 milyonu keçmir. Cahangir Hacıyevin yüksək maaşı olub. Həmin xərcləri şəxsi hesabına da ödəyə bilərdi”.

Daha sonra iclasda Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov, İlqar Abdullayev, Azad Cavadov çıxış edərək özlərini təqsirli bilmədiklərini deyiblər.

Cahangir Hacıyev və İbrahim Hüseynov isə son söz üçün məhkəmədən  vaxt istəyiblər.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.

Sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə iş istəmişdi.  Prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyeva 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərCahangir Hacıyev son söz üçün vaxt istədi