Cahangir Hacıyev: Samir Şərifovun fəaliyyətini araşdırmaq lazımdır

Mən dəfələrlə demişəm ki, bu adamın fəaliyyətini araşdırmaq lazımdır ki, o, niyə ölkəyə düşmən kəsilib? Samir Şərifov dövlət rəhbərliyini aldadıb. Mən görürəm insanlar arasında Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər ki, devalvasiyanın səbəbkarı odur.

Source:
Cahangir Hacıyev və Samr Şərifov
Cahangir Hacıyev və Samr Şərifov

Avqustun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda Cahangir Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev məhkəmə tərkibinə etiraz ediblər. Bildiriblər ki, hazırlıq iclasının qərarında müdafiə tərəfinin iclasda qaldırdığı bir neçə vəsatətdən yalnız ikisi qeyd olunub ki, bu da məhkəmə prosesinin obyektiv aparılacağına şübhə yaradır.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

F.Mehdiyev vəsatət verərək Cahangir Hacıyevin şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanında oturmasını istəyib.

O bildirib ki, Kürdəxanı təcridxanasında Cahangir Hacıyevə təzyiqlər var: “O, 3-cü korpusdan 4-cü korpusa köçürülüb. Orada isə artıq məhkum edilmiş, barəsində hökm çıxarılan şəxslər saxlanılır. Cahangir Hacıyev ümumi soyuducudan məhrum edilib. Ona verilən yeməkləri saxlaya bilmir və nəticədə günlərlə ac qalır. Məhkəmədən xahiş edirik ki, bu məsələyə münasibət bildirsin və problemin həlli üçün Penitensiar Xidmətə müraciət edilsin”.

A.Layıcov isə deyib ki, ötən iclasdan sonra Cahangir Hacıyevi qəsdən içərisi isti olan maşında aparılıb: “Əminəm ki, o maşın məhz Cahangir Hacıyev üçün göndərilmişdi. Bunun da səbəblərini bilirik”.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

İclasda çıxış edən Cahangir Hacıyev saxlanma vəziyyəti ilə bağlı danışıb. O bildirib ki, dekabrın 19-dan qaldığı kameradan onu başqa korpusa köçürülüb: “ Həmin korpusda məhkum olunmuş şəxslər saxlanılır. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada cəmi bir gündə 4 dəqiqə su verilir. Soyuducusu yoxdur. Təsəvvür edin həftə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu, o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə, belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət etməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustaqlar bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Xahiş edirəm ki, bu məslələrə qanun şəklində baxasınız. Mənə işgəncə vermək nəyə lazımdır? Bunu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.

Cahangir Hacıyev istintaqın gedişindən narazılıq da edib. O bildirib ki, istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində düzgün aparmayıblar: “İttiham aktında deyilir ki, guya mən 211 milyon ziyan vurmuşam. Nə qədər hesablayıramsa, bu qədər məbləğ alınmır. Bunu hesablayanlara mən bilmirəm ki, məktəbdə riyaziyyat müəllimləri kim olub. Qızım Leylanın, ümumiyyətlə, borcu yoxdur. Niyə onun adı ittiham aktına yazılıb? Məqsədləri budur ki, məbləği 211 milyona çatdırsınlar?

Yüzlərlə insanı təcrid edib, minlərlə adamın ölkədən çıxışına qadağa qoymaqla nə qaytarılıb? Heç bir qəpik də qaytarılmayıb.

Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub. Ancaq həmin məbləğ kreditin ödənilməsinə yönəldilməyib. Çünki ortada qərəz var. Bu işdə cinayət yoxdur, ola da bilməz. Dəfələrlə ifadə verib istintaqı istiqamətləndirmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər filan layihələrin həyata keçirilməsinə yönəlib. Mən yazılan və yazılmayan qanunları gözəl bilirəm. Və bu qanunların da heç birini pozmamışam. 2013-cü ildən 600 min iş yeri yaradılması ilə bağlı prezidentin fərmanı çıxarkən gəlib dedilər ki, pambıqçılıq, fındıqçılıq, kənd təsərrüfatı ilə bağlı Qazaxıstanda, Rusiyada, BƏƏ və başqa ölkələrdə layihələr maliyyələşdirilməlidir. Biz də bunu etdik. İndi deyirlər ki, o layihələr uğursuz olub. Əgər uğursuz idisə niyə prezidentə həmin layihələri son 10 ilin ən uğurlu layihələri kimi təqdim edirdiniz?”

Cahangir Hacıyev ittihamların düzgün olmadığını söyləyib: “Mənə deyirlər ki, limiti aşıb Müşahidə Şurasının razılığı olmadan 1.5 milyon dan artıq kredit vermisən. Düz edib vermişəm. Müşahidə Şurasının qərarları qanuna ziddi idi. Mən qanunu seçməli idim, yoxsa hansısa bir məmurun istəyini yerinə yetirməli idim? Mənə qarşı qərəz 2008-ci ildən başlayıb. 2013-cü ilə qədər dövlətdən banka heç bir vəsait gəlmədi. Biz ölkə rəhbərliyinə, baş nazirə məktublar yazırdıq ki, bir sıra layihələr kağız üzərində qaldı. 15 il sədr işləmişəm. Bu müddət ərzində bankın reytinqi ölkənin maliyyə reytinqindən 2 dəfə yüksək olub. Samir Şərifov MOODYS nümayəndələri ilə gördüşdə deyirdi ki, niyə onların reytinqini artırırsınız?

Mən dəfələrlə demişəm ki, bu adamın fəaliyyətini araşdırmaq lazımdır ki, o, niyə ölkəyə düşmən kəsilib? Samir Şərifov dövlət rəhbərliyini aldadıb.

Mən görürəm insanlar arasında Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər ki, devalvasiyanın səbəbkarı odur. Amma inanın ki, onun devalvasiyaya aidyyəti yoxdur. O, bunun əleyhinə idi. Mən də, Vahid Axundov da əleyhinə idik. Mən elə belə demirdim ki, o adam burada oturmalıdır. İnanıram ki, bir gün oturacaq da. Mən qətiyyən özümü təqsirli bilmirəm. Biz niyə əl-Qaidəyik, Bin Ladenik?”

Daha sonra Cahangir Hacıyev sualları cavablandırıb. O, bildirib ki, iş adamları onlara kreditlə bağlı müraciət ediblər. Onların layihəsinə baxılıb,kreditlərin verilib-verilməməsi ilə bağlı qərar verilirdi.

Prokuror ondan kimlərin müraciət etdiklərini soruşub. O isə ad çəkmək istəməyib: “Adlar eşitmək istəyirsiniz? Məncə, açıqlamasam, yaxşı olar”.

O, sullara cavab olaraq bildirib ki, özünün və ailə üzvlərinin adına 16 plastik kart vasitəsi ilə fazisiz kredit verilib və bu cür kredit verilməsinə qadağa yoxdur: “Bütün banklar bunu verirlər. Sıfır fazilə verilib. Həmin ayrılan vəsaitlər bizim ailə xərclərimizə getməyib. Həmin xərclər səhmlərin alınmasına- kapitala yönəldilib. Mənim üçün deyirdilər ki, iki təyyarəsi var. Amma heç birini tapmadılar. Guya lordlar yaşayan yerdə mənim evim var. Samir Şərifovun bir sürücüsü var, internet resursunun rəhbəridir. Ona görə bu cür məsələlər aydındır. Hamı burada futbola baxmağı sevir. Ancaq burada futbol tək qapıya oynanılır”.

Prokuror isə cavab olaraq bildirib: “Ola bilsin ki, hava dumanlıdır. Siz digər qapını görmürsünüz”.

Cahangir Haclyev isə ona “Hava yox, kimlərinsə başı dumanlıdır” -cavabını verib.

Məhkəmə prosesi avqustun 26-da davam edəcək.

Ana səhifəXəbərlərCahangir Hacıyev: Samir Şərifovun fəaliyyətini araşdırmaq lazımdır