“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş rəhbəri, 15 il həbs cəzası almış Cahangir Hacıyevin haqqındakı ikinci cinayət işi üzrə də məhkəmə prosesi sona yaxınlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işlə əlaqədar təqsirləndirilən şəxslər də, şahidlər də dindirilib, cinayət işinin materiallarındakı sənədlər elan olunub. Lakin Cahangir Hacıyev məhkəmə istintaqının bu şəkildə yekunlaşmasını istəmir, onun məhkəmədə dindirilməsini istədiyi bir sıra şəxslər var. Vəkilləri vəsatət qaldıraraq, həmin şəxslərin çağrılıb dindirilməsini istəyirlər. Onlardan biri də Beynəlxalq Bankın Müşahidə Şurasının keçmiş üzvü Vəli Kərimovdur. C.Hacıyevin vəkilləri iyulun 8-də məhkəmədə onun dindirilməsi barədə vəsatət qaldırıblar. Bildiriblər ki, Müşahidə Şurasının 2009-cu ildə qəbul etdiyi qərarla əlaqədar onun dindirilməsini istəyirlər. Sözügedən qərar kredit limitilə bağlıdır. Qərar verilib ki, 2 milyondan yuxarı kredit ayrılarkən mütləq Müşahidə Şurasının razılığı lazımdır. Müşahidə Şurasının sözügedən iclasının protokolu cinayət işinin materialları arasında var. Vəkillər protokolda iclas iştirakçılarının sayı, səsvermə ilə bağlı ziddiyyətlərin olduğunu bildirir. Hesab edilər ki, bütün bunlara aydınlıq gətirmək üçün Müşahidə Şurasının keçmiş üzvü dindirilməlidir.
Vəkillər Qazaxıstanın paytaxtı Astana Ədliyyə Departamentinə sorğu göndərilməsi barədə də vəsatət qaldırıblar. Vəkillər bildirib ki, Qazaxıstanda yaradılmış, bir neft yatağı olan şirkət Beynəlxalq Bankdan götürülən kreditin qaytarılmamasına görə bankın tabeliyinə keçib. Lakin 2015-ci ildə Cahangir Hacıyevin həbsindən sonra həmin şirkətin sahibi, qeydiyyat ünvanı bir neçə dəfə dəyişib. Halbuki, o şirkətə Beynəlxalq Bankın problemli kreditləri, o cümlədən girov əmlakların idarəçiliyilə məşğul olan “Aqrarkredit” QSC nəzarət etməliydi. Məhkəmədən Almatı Ədliyyə Departamentinə sorğu göndərib, şirkətin sahibi, fəaliyyəti barədə məlumatların alınmasını xahiş ediblər.
C.Hacıyevin müdafiəçiləri Maliyyə Bazarlarına Nəzarət Palatasına da sorğu göndərilməsi barədə vəsatət qaldırıblar. Bildiriblər ki, C.Hacıyevə qanunsuz veksel əməliyyatlarının həyata keçirilməsi barədə ittiham verilib. Lakin həmin veksellər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. O veksellərin çoxunun da müddəti başa çatmayıb: “Bu səbəbdən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin varisi olan Maliyyə Bazarlarına Nəzarət Palatasından həmin sənədlərlə bağlı sorğu göndərilib ətraflı məlumat alınmalıdır”.
Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib.
Məhkəmə prosesi iyulun 15-nə qədər təxirə salınıb.
C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.
Hazırda həmin məhkəmədə onun haqqındakı ikinci cinayət işi üzrə araşdırmalar gedir. Ona və digər təqsirləndirilən 21 nəfərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. C.Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.
Lakin o, özünü təqsirli bilmir.