Çadır toylarına qayıdacağıq

20 qəpik axtaran uşaq

Source:

Dünən axşamüstü Nərimanovda “Metro Park”-ın qarşısında dayanmışdım. Bir uşaq yaxınlaşıb, 20 qəpik istədi. On iki-on dörd yaşında qarayanız oğlan idi. Əyin-başı səliqəsiz, şalvarın ətəkləri corabın içərisinə salınmış, ucuşiş ayaqqabısının dabanına lopa palçıq yapışmışdı. Uşağı tanıdım. On dəqiqə əvvəl, mən dükandan çıxanda yaxınlaşmışdı, sadəcə telefon başımı qattığından nə istədiyini anlamadım.

İndi də pul istəyərkən gözlərin qaçırtdı. Üzümə baxmırdı. Soruşdum nəyinə lazım 20 qəpik? Sakitcə söylədi ki, acam. Demədi “açımışamee”, yemək istəyirəm”, “çörək alacam”, ya da “ metro pulum yoxdur”. Sadəcə, acam, qısaca, sakit, həmdə qulağı cingildədən şillə tək, tükləri ürpəşdirən, nitqimi əlimdən alan dördcə hərif, bircə söz, acam.

“Metro Park”-ın ətrafında həmən vaxtı adətən adam çox olur. Taksi sürücüləri, gəlib-gedən maşınların siqnalı, ticarət mərkəzinə girib-çıxan insanlar, bir sözlə səsli-küylü ərazidir. Amma uşağın söylədiyi “acam” kəlməsi, sanki ətrafda min ağızdan çıxan on min sözün içərisindən ayrılaraq, boyca “Metro Park”-dan hündür bir divə çevrilib məni tapdaladı.

Deyə bilərsiz ki, müəllif melanxolikdir, hiperhəssasdır, ifrat emosionaldır, daha nə bilim, nədir. Özünüz bilərsiz, bu sizin fikrinizdir. Bəlkə də kimin üçünsə bu adi olaydır, fərqinə varmadan keçib gedər, heç yadında belə saxlamaz. Amma mən, çox təəsüf ki, lazımi istedadım, bacarığım olmadığından o sözün deyilmə tərzin, temberin, yaratdığı gözəgörünməz emosiya burulğanını kağızda ifadə edə bilmirəm. Sizlərə ötürməyi bacarmıram.

Uşağı əliboş qaytarmağa üzüm gəlmədi. Əlimi atdım cibimə, pulqabım maşında qalmışdı. Utandım. Gördüm uşaq cibimə gedən əlimə baxır. Dedim gedək mənlə. Yolüstü soruşdum valideyinlərin var? Dedi, var. Dedim evin var? Dedi, hə. Məni yolumdan ayırdığına, vaxtımı aldığına görə üzr də istədi. Nəvazişlə, yarı utancaq tərzdə. Təklif elədim ki, gedək yaxınlıqda kafedə oturaq, çörək yeyək. Dedi yox, çox acam, birdən yeyəndə mədəm bərk ağrıdır. Adətən özüm alıb, xırda-xırda yeyirəm. Artıq mədəm xırda porsiyalara öyrəşib.

Uşaq çıxıb getdi, mən isə hələ də özümə gələ bilmirdim. “Metro Park”-ın yanına nə üçün gəldiyim yadımdan çıxmışdı. Düşündüm ki, bu uşaqla mənim aramda nə fərq var? Axı məndə bir növ onun kimi acam. “Ac” sözün yalnız mədənin boş olmağı anlamına aid etmək olmaz.

Mən də həmçinin acmışam, sivil, azad, hüquqi dövlətçilik üçün, adekvat hökümət, ədalətli məhkəmə üçün acmışam. Rüşvətsiz təhsil, səhiyyə üçün acmışam. Tox uşaqlıq, intellektual gənclik, firavan qocalıq üçün acımışam.

Cənablar və xanımlar, sünnilər və şiələr, müəllimlər və bəylər, əziz həmvətənlərim, dəyərli xalqım. Biz hamımız acıq, dünən gördüyüm uşaq tək, mənən, ruhən, qəlbən, daxilən, cismən, bir sözlə bütün varlığımız acdır. Azərbaycan xalqı balaca, atalı-analı yetim olan, ac uşaqdır.

Müstəqil ailənin körpə uşaqlarıyıq. Ailə dövlətin xırda maketidir. Təəsüf ki, dövlət bizə yiyəlik, böyüklük eləmədi. Atıblar bizi çölllərə, itirən yox, axtaran yox. Maarifləndirmək, tərbiyələndirmək əvəzinə, sosial problemlərimizi həll etmək yerinə, böyüdüb cəmiyyət etmək əvəzinə, bizləri uşaq bilib rəsmən məzələnirlər.

Dünənə qədər məndə qardaşımız kimi, xalqını qınayanların arasında idim. Amma uşağı qınamaq, tənbeh etmək, söymək, vurmaq, onu böyütmək, şəxsiyyət, vətəndaş eləmək demək deyil. Ən asan olan isə, uşağı aldatmaqdır. Əlinə konfet, peçenye, oyuncaq verib yola salmaqdır.

Puç olmuş iqtisadiyyat, rəzalət içində olan bank sektoru, dəyərsiz milli valyuta, sürətlə artan işsizlik, dərk edilməyən qiymət artımı və sadaladıqlarımın fonunda 10 ill müddətinə 150 miliyonluq F1 yarışı, islamiyada və miltikultiralizm şüarı. Bu məzə deyil bəs nədir? Hələ mən bu yarışa könüllü dəstək olacaq gəncləri demirəm. Adətən bir kərə aldanan, ikinci dəfə bu addımı atırsa, deməli, artıq öyrəncəlidir. Biz bunu Olimpiya oyunlarında da gördük. Bəs, görəsən F1 könüllüləri, yenidən, uşaq tək, rəngli futbolkalara, ruçka, bloknot və kepkalara aldandıqlarını anlayırlar?

Söz düşmüşkən, bu arada məlum oldu ki, Bakı Olimpiya stadionunda toy mərasimləri keçirmək olacaq. Xalqımız o saat başladı virtual aləmdə bu xəbərlə məzələnməyə. Uşaq neynəsin, əlindən nə gəlir? Hər şeyi zarafata salıb gülməsə, ağlı əlindən gedər. O qədər absurd məlumatdır ki, məzələnməkdən başqa çarə qalmır. Bir vaxtlar, xalq Tofiq Bəhrəmov adına respublika stadionuyla da bərk məzələnirdi. Yığma komandamız elə hey basketbol hesabı ilə uduzduğuna görə, millət deyirdi bizə stadion lazım deyil. Bölün stadionu xırda dördbucaqlı hissələrə, Novruz bayramı ərəfəsində pulsuz paylayın millətə səməni əvəzi. Vallah, varam da bu xalqın kreativliyinə. İndi isə xalqı qabaqladılar.

Amma məni tam ayrı təklifim var. Bu toy və şənlik məsələsindən stadion müdriyyəti əl çəkməlidir. Xeyir gətirən iş deyil. Ciddi deyirəm. Onsuzda artıq camaat bu bahaçılıqnan palatka toyları edəcək.

Yaxşısı, həmin stadiyonda şənbə, bazar və bayram günlərində qladiator döyüşləri keçirilsin. Onsuz da əyalətlərdə, regionlarda kütləvi işsizlikdir. Aqressiya, narazıçılıq baş götürüb gedir. Qul bazarları insan əlindən qaynayır. Bizim dövlət isə Avropa, insan haqları falan hərliyən deyil. Elan versinlər, qaliblərə yaxşı mükafat təltif eləsinlər, savaşların təşkilində köməklik edəcək könüllülərdə nəqədər istəyirsən. Həm hakimiyyət narazı kütlədən canın qurtarar, millətdə darılmış əsəblərin stadionda tənzimləyər.

İşsiz qalan PR menecerlər, reklam agentlikləri cəlb edici posterlər hazırlayarlar, video çarxlar düzəldərlər. Sizi inandırım iynə atsan stadionda yerə düşməz. Nə qədər olsa, millətimiz şou, qalmaqal həvəskarıdır.

İlhamə və Aygün, Seymur Baycan və Bəxtiyar Vahabzadə savaşı BOS-da təşkil olunacaq fəhlə-qladiator döyüşlərinin yanında heç olacaq. Elə Bakı zooparkı ilə də danışıb, şirləri, pələngləri, bəbirləri icarəyə götürüb arada döyüşlərə qatmaq olar. İnsan və şir, insan və bəbir, insan və pələng savaşları küllü miqdarda tamaşaçı cəlb edəcək.

Yas, matəm, qara bayram, məhərrəmlik aylarında isə, kütləvi qurban kəsmə meydanı yaratmaq olar. Ot orda, heyvan orda. Daha nə lazımdır. Nə isə, bircə ona əminəm ki, hər şey yaxşı olacaq, çünki, pis olası artıq heçnəyimiz qalmayıb.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəÇadır toylarına qayıdacağıq