Buz üzərində möcüzə

1970-ci illər ABŞ tarixinin heç də ən qürurlu zaman kəsimi deyildi

Foto: Meydan Tv

1970-ci illər ABŞ tarixinin heç də ən qürurlu zaman kəsimi deyildi. Qeyri-populyar və uğursuz Vyetnam müharibəsində iştirak amerikalıların öz dövlətlərinə xeyli tənqidi və mənfi münasibət bəsləməsinə səbəb oldu.

Uotergeyt qalmaqalı nəticəsində əvvəlcə vitse-prezident, sonra isə prezident istefa verirlər. ABŞ tarixində ilk və yeganə hal olaraq xalqdan səs almayan Cerald Ford və Nelson Rokfeller prezident və vitse-prezident kürsüsünə yiyələnirlər.

Dolların qızıl təminatından imtina edilməsi nəticəsində güclü inflyasiya baş verir. 1973-cü il ərəb-İsrail müharibəsindən sonra ərəb ölkələrinin neft embarqosu Amerika iqtisadiyyatına ciddi problemlər yaşadır.

1979-cu ildə İranda İslam inqilabı baş verir. Noyabr ayında dini fanatiklər ABŞ səfirliyinə hücum edərək 66 nəfəri girov götürürlər. Nikaraquada antiamerikan Sandino cəbhəsi hakimiyyətə gəlir. İlin sonunda isə SSRİ Əfqanıstana qoşun yeridir.

Bütün bu və digər hadisələr amerikalılarda dərin məyusluq və ölkələrinin fövqəldövlət statusuna inamsızlıq yaradıb. Amerika vətənpərvərliyi və təəssübkeşliyi heç zaman 1970-ci illərin sonlarında olduğu qədər aşağı enməmişdi. ABŞ məhz belə bir əhval-ruhiyyə ilə Leyk Plesid şəhərində 1980-ci il Qış Olimpiadasını keçirməyə hazırlaşır.

Qış Olimpiadasının ən prestijli növü isə hokkeydir. Amerikalılar 20 il öncə öz ölkələrində keçirilən Olimpiadada olduğu kimi yenə də çempion olmaq istəyirlər. Lakin onların işi çox çətindir: 1960-cı ildən fərqli olaraq ABŞ artıq hokkey liderlərindən sayılmır, üstəlik qarşılarında SSRİ komandası kimi heybətli rəqib var.

***

SSRİ yığması 1956-cı ildən etibarən olimpiadaların hokkey turnirində iştirak edir və 1980-ci ilə kimi 6 turnirin beşində qalib gəlib. Yalnız 1960-cı ildə, ABŞ-ın çempion olduğu Skvo Velli Olimpiadasında bürünc medalla kifayətlənib. 1954-cü ildən iştirak etdiyi dünya çempionatlarında isə "qırmızı maşın" 25 turnirin 16-da qızıl medal qazanıb.

Başqa idman növlərində olduğu kimi hokkeydə də sovet idmançılarının bu uğurlarının kökündə müəyyən ədalətsizlik dururdu. Olimpiya oyunlarında (hokkeydə isə həm də dünya çempionatlarında) peşəkarların iştirakına icazə verilmirdi, yalnız həvəskarlar qatıla bilərdilər.

Sovet idmançıları (eləcə də digər sosialist ölkələrinin təmsilçiləri) isə de-yure peşəkar sayılmırdılar. Onlar idmanla guya işdən sonrakı asudə vaxtlarında məşğul olurlar. Məsələn, ÇSKA üzvləri hərbçi, dinamoçular isə milis işçisi sayılırdılar. “Spartak” həmkarlar ittifaqını, “Burevestnik” isə ali təhsil müəssisələrini təmsil edirdi. “Neftçi” üzvlərinin isə "peşəsi" adından məlum idi.

Beləcə, peşəkar idmanın atletlərin istismarı kimi tənqid edildiyi SSRİ-də əslində hamı peşəkar idi. Gerçəkdə, Qərbdən fərqli olaraq burada həvəskar idman yerli-dibli yox idi. Buna görə də olimpiya oyunlarında sosialist bloku idmançılarının Qərb təmsilçilərindən üstün olmaları təəccüblü deyildi.

Əksinə, bəzi növlərdə qərbli həvəskarlara uduzmaları təəccüblü idi. Məsələn, olimpiadaların basketbol turnirlərində tələbələrdən təşkil olunan ABŞ komandası dominantlıq edirdi. Cəmi iki dəfə SSRİ bu hegemonluğa fasilə verə bilmişdi. Yuqoslaviyanın yeganə qələbəsi isə amerikalıların boykot etdiyi Moskva Olimpiadasına təsadüf edirdi.

1964-1976-cı illlərdə keçirilən dörd yay olimpiadlarının qadınlardan ibarət voleybol turniri SSRİ və Yaponiya komandalarının kəskin rəqabətilə yadda qaldı. Hər dörd Olimpiadanın finalında bu iki komanda qarşılaşdı. İki dəfə SSRİ (burada bakılı İnna Rıskal lider idi), iki dəfə isə yaponlar çempion oldular.

Fərq onda idi ki, sovet idmançılarından fərqli olaraq "Sakit okean cadugərləri" adlandırılan yaponlar həqiqətən də həvəskar idilər. Komandanın əsasını "Nitibo" şirkətinin tikiş fabrikində işləyən qızlar qoymuşdular. İşdən sonra gecəyarıya qədər etdikləri məşqlər sayəsində dünya voleybolunun liderlərinə çevrilmişdilər.

Sosialist ölkələrinin tətbiq etdikləri bu yalançı həvəskarlıqdan Qərb ölkələri xəbərsiz deyildilər. Kanada buna etiraz olaraq 1970-ci ildə Beynəlxalq Hokkey Federasiyasını tərk etmiş, 1972 və 1976-cı il olimpiadalarına qatılmamışdı. Sonuncu oyunlarda İsveç millisi də Kanada ilə həmrəy olaraq iştirak etmədi.

1977-ci ildə aparılan danışıqlardan sonra peşəkarlara hokkey üzrə dünya çempionatında iştirak etmək hüququ verildi. Olimpiya turnirlərində iştirak hüququ isə hələ də yox idi. Lakin qayıdaq sovet komandasına.

1970-ci illərin ikinci yarısı sovet hokkey komandasının da ən parlaq dövrü deyildi. 1976-cı il Olimpiadasının həlledici oyununda Çexoslovakiyaya 0-2 hesabı ilə məğlub ikən çətinliklə 4-3 hesabı ilə qalib gəldilər.

Həmin ilin dünya çempionatında isə çexoslovaklar revanş götürdülər, SSRİ gümüş medalla kifayətləndi. 1977-ci ildə isə SSRİ təkcə Çexoslovakiyanı deyil, İsveçi də irəli buraxaraq yalnız üçüncü yeri tutdu. Bir il sonra sovetlər yalnız vurulan və buraxılan qolların daha yaxşı fərqinə görə ÇSSR-i qabaqlayaraq çempion ola bildi.

Əvəzində 1979-cu ilin dünya çempionatı "qırmızı maşın"ın əzici üstünlüyü ilə keçdi. Onlar nəsil dəyişikliyinə məruz qalan çexoslovakları 6:1 və 11:1, İsveçi 9:3 və 11:3, Kanadanı isə 5:2 və 9:2 hesabları ilə məğlub etdi. Elə həmin ildə SSRİ ilə peşəkar Milli Hokkey Liqasının (NHL) yığması arasında iki qələbəyə qədər Çağırış kuboku turniri keçirildi.

İlk oyunda NHL yığması 4:2 hesabı ilə qalib gəldi. İkinci oyunda isə sovetlər 5:4 hesabıyla üstün oldular. Həlledici üçüncü oyunda isə gözləntilərin əksinə heç bir intriqa olmadı. Sovet komandası NHL hokkeyçilərini darmadağın etdilər – 6:0

Bu nəticələrə görə 1980-ci il Olimpiadası öncəsi kimsə SSRİ-nin qalib gələcəyinə şübhə etmirdi. Həmin dövrdə SSRİ komandası möhtəşəm tərkibə malik idi. Bəlkə də tarixinin ən güclü heyəti idi. Bunu aşağıdakı fakt bariz sübut edir.

2008-ci ildə 56 hokkey eksperti arasında XX əsrin simvolik yığmasını müəyyən etməkdən ötrü sorğu keçirildi. Mövqelər üzrə müəyyən edilən 6 nəfərdən dördü (qapıçı Tretyak, müdafiəçi Fetisov, hücumçular Xarlamov və Makarov) SSRİ-ni təmsil edirdilər. Leyk-Plesid Olimpiadası bu dörd nəfərin birlikdə iştirak etdiyi yeganə Olimpiada idi.

Leyk Plesid Olimpiadası o hal idi ki, SSRİ qalib gələcəyi təqdirdə bunu həvəskar-peşəkar mübahisəsi ilə şübhə altına almaq yersiz olardı. Komanda həqiqətən də möhtəşəm idi.

ABŞ-ın tələbələrdən təşkil olunan hokkey komandasının belə bir əjdahaya qalib gələcəyinə kimsə inanmırdı. Bəlkə yenə də çexoslovaklar müqavimət göstərəbilərdilər, lakin bu da az inandırıcı idi.

***

1979-cu ilin yayında Herb Bruks hokkey üzrə ABŞ millisinin baş məşqçisi təyin edildi. Çalışdırdığı Minnesota universitetinin komandasını 3 dəfə (1974, 1976 və 1979-cu illərdə) tələbələr arasında ölkə çempionu etməsi Bruksun seçilməsində əsas rol oynamışdı.

Tanıyanların fikrincə, taktika və strategiyada Bruksun elə də güclü tərəfi deyildi. Əvəzində o, mahir psixoloq və güclü motivator idi. Milli komandada işinə də o, maraqlı bir gedişlə başladı.

Bruks milliyə namizəd olan 400 qədər hokkeyçiyə 300 sualdan ibarət test göndərdi. Bununla da o, idmançıların ilk növbədə psixoloji hazırlığına önəm verdiyini göstərirdi. Testin nəticələrinə görə seçilən 68 oyunçu ilə hazırlıqlara başlandı.

Bruksa ayrı-ayrı ulduzların parladığı deyil, ruhən və mənən bir olan komanda lazım idi. Bunun üçün o, qeyri-adi fəndlər fikirləşirdi.Məsələn, hesab edirdi ki, bütün oyunçularının yekdilliklə ona nifrət etməsi də komanda ruhunun formalaşmasına xidmət edir. Buna görə də o, məşqləri işgəncə həddinə qədər uzadırdı.

Herb Bruksun rəhbərliyi altında ABŞ komandası ilk oyununu 1979-cu ilin sentyabrında zəif Norveç millisinə qarşı keçirdi. Məşqçi 3:3 hesablı heç-heçədən sonra oyunçuları 1 saat ərzində buz üzərində sprint qaçmağa məcbur etdi. Hətta idman zalında işıqların söndürülməsi belə onu durdurmadı.

Olimpiada öncəsi 5 ay ərzində komanda 62 yoxlama oyunu keçirdi. Bruks oyunçuları qıcıqlandırmaq, onların hirsini artırmaq üçün tikanlı, hətta təhqiramiz cümlələr qurmaqdan çəkinmirdi. Oyunçuların "bruksizm" adlandırdıqları bu cümlələrdən bəziləri yetərincə fərasətli alınırdı.

Məsələn, daha çox məşq etməyə həvəsləndirmək üçün deyirdi : "Siz o qədər istedadlı deyilsiniz ki, təkcə istedadınızın hesabına qalib gələsiniz". Başqa halda isə o, "Siz matçdan matça daha pis oynayırsınız. Amma bu gün elə oynadınız, sanki artıq növbəti ayın ortasıdır" (yəni pisləşmə qrafikini qabaqlamısınız).

Herb Bruks SSRİ komandasının fiziki cəhətdən güclü olmasını, oyunun taleyini bir çox halda üçüncü hissədə həll etməsini nəzərə alaraq oyunçularının fiziki hazırlığına xüsusi önəm verirdi.

Ələmələrdən sonra komandada 20 hokkeyçi qaldı. Turnirə az qalmış isə Bruks yeni bir hiylə işlətdi. O, iki yeni, indiyə qədər məşqlərə çağırılmayan oyunçunu cəlb etdi. Bu o demək idi ki, iki nəfər yerini itirəcək. Hokkeyçilər buna yekdilliklə etiraz etdikdə Bruks anladı ki, istədiyi komanda formalaşıb.

Olimpiya turnirinin başlanmasından öncə ABŞ son yoxlama oyununu SSRİ komandasına qarşı keçirdi və 3:10 hesabı ilə məğlub oldu. Amerikalıların bilərəkdən belə hesabla uduzduqlarını söyləmək üçün əsas yoxdur. Lakin qələbə sovet komandasını öz məğlubedilməzliyinə daha da arxayın etdi.

***

Leyk-Plesid Olimpiadasının hokkey turnirində 12 komanda iştirak edirdi. Onlar hərəsində 6 komanda olan iki qrupa bölünmüşdülər. Bu zaman SSRİ və ABŞ ayrı-ayrı qrupda mübarizə aparırdılar.

SSRİ gözlənildiyi kimi öz qrupundakı beş rəqibin hamısına qalib gəldi. Lakin bu zaman gözlənildiyinin əksinə olaraq Finlandiya və Kanada üzərində qələbələr elə də parlaq olmadı – 4:2 və 6:4. Yuxarıda gücünü təsvir etdiyimiz komanda həvəskarlara daha inamla qalib gələ bilərdi. Qrupda ikinci yeri Finlandiya tutdu.

ABŞ isə öz qrupunda ilk oyununu İsveçə qarşı keçirdi və məğlubiyyətdən yalnız son dəqiqədə qapıçını altıncı oyunçu ilə əvəz etməklə qurtula bildi – 2:2. Əvəzində növbəti oyunda ilk sensasiyanı yaradaraq Çexoslovakiyanı 7:3 hesabı ilə məğlub etdi. Qalan oyunlarda həm İsveç, həm də ABŞ qalib gələrək hər biri 9 xal topladılar. Hər iki komanda final mərhələsinə çıxdı.

Final mərhələsi indiki kimi pley-off sistemi üzrə keçirilmirdi. Dörd komandanın qrupda bir-birləri ilə keçirdikləri matçların (SSRİ-Finlandiya və İsveç-ABŞ) nəticələri nəzərə alınırdı, onlar daha qarşılaşmayacaqdılar. Beləliklə, final mərhələsinə SSRİ – 2, İsveç və ABŞ – 1, Finlandiya – 0 xalla başlayırdı.

Komandalar yalnız o biri qrupdan çıxan komandalarla qarşılacaqdı. Hər bir komanda final mərhələsində iki oyun keçirəcəkdi. İlk oyunda İsveç və Finlandiya heç-heçə oynadılar – 3:3. İkinci oyunda isə SSRİ ABŞ-a dünyanın neçə bucaq olduğunu göstərməliydi.

Son illərdə onları iki dəfə dünya çempionu adından məhrum edən Çexoslovakiyanın final mərhələsinə çıxmamasından sonra sovet hokkeyçiləri özlərini artıq çempion hiss edirdilər. Məşqçilərin onların bu əhvalını dəyişmək, bir neçə gün öncə 10:3 hesabı ilə udduqları amerikalılara ciddi yanaşmaq cəhdləri faydasız idi.

Lakin fevralın 22-də keçirilən matçda "qırmızı maşın" gözlədiyinin əksinə olaraq ciddi müqavimətlə üzləşdi. Birinci hissənin sonlarında onun üstünlüyü minimal idi – 2:1. Üstəlik, bu hesabı belə qoruyub saxlamaq mümkün olmadı.

Hissənin son saniyələrində ABŞ müdafiəçisinin meydanın özlərinə aid hissəsindən endirdiyi zərbəni Tretyak uğursuz qaytardı. Şaybanı ələ keçirən Conson əfsanəvi qapıçını aldadaraq zərbə endirdi. Şaybanın tora təması ilə demək olar ki, eyni vaxtda hissənin bitdiyini bildirən siqnal çalındı.

Sovet hokkeyçiləri qolun hesaba alınmasına etiraz edərək istirahət otağına yollandılar. Ancaq təkrarda açıq-aşkar görünürdü ki, şayba qapıdan keçərkən saniyəölçən hissənin bitməsinə 1 saniyə qaldığını göstərir. Mübahisələrdən sonra sovet komandası hakimlərin qərarı ilə razılaşmalı oldu.

İkinci hissədə SSRİ-nin qapısında Tretyakın əvəzinə Mışkinin durması gözlənilməz oldu. Sonralar baş məşqçi Tixonov bu seçiminin yanlış olduğunu etiraf edəcəkdi. Tretyak isə bu qərarın ona tarixdə hokkey üzrə yeganə dördqat olimpiya çempionu olmağa imkan vermədiyindən gileylənirdi (nəticədə o, 6 nəfər üçqat olimpiya çempionundan biri oldu).

Bununla belə, sözügedən dəyişiklik ikinci hissədə hiss olunmadı. Hissənin artıq 3-cü dəqiqəsində "qırmızı maşın" irəli çıxır, Maltsev fərqlənir. Bir çoxları bu dəqiqələrdə amerikalıların darmadağınının başladığını düşünür. Lakin böyük üstünlüyə baxmayaraq qalan vaxt ərzində fərqlənə bilmir. Qapıçı Cimmi Kreyq dəfələrlə komandasını xilas edir. Amerikalılar isə ikinci hissə ərzində Mışkinin qapısına cəmi iki uğursuz zərbə endirdilər. Hissə 3:2 hesabı ilə bitdi.

Turnir cədvəlində SSRİ-dən 1 xal geri qalan ABŞ komandasına yalnız qələbə sərf edirdi. Buna görə də onlar üçüncü hissədə irəli atıldılar. Hissənin ortalarında, 1 dəqiqə 21 saniyə intervalla ABŞ komandası rəqibinin qapısından iki şayba keçirdi.

Bundan sonra Leyk Plesid hokkey salonunda baş verənləri təsəvvür etmək çətindir. Qələbənin mümkünlüyünə inanan 10 minə yaxın azarkeş aramsız olaraq "Yu-Es-Ey" çığıraraq komandalarına dəstək verirlər. Sovet komandası isə sanki baş verənlərə inana bilmir, çaşqınlıq içindədir.

Matçın son 10 dəqiqəsi SSRİ millisinin fasiləsiz, lakin bir qədər nizamsız hücumları ilə keçir. Kreyq qapıda xarüqələr yaratmaqda davam edir. O, ümumən matç ərzində 36 zərbəni dəf edir. Müqayisə üçün göstərək ki, amerikalılar SSRİ-nin qapısına cəmi 16 zərbə endirmiş, onlardan dördü qol olmuşdu.

Matçın son dəqiqəsində sovet hokkeyçiləri bütün cəhdlərinə baxmayaraq rəqib zonasında möhkəmlənə bilmirlər. Xarlamov-Mixaylov-Petrovdan ibarət dünyanın ən güclü üçlüyü "ağızlarından süd iyi gələn" amerikalı tələbələrin entuziazmı, fədakarlığı qarşısında aciz qalır.

Skamyadakı ABŞ hokkeyçiləri də azarkeşlər kimi meydandakılara dəstək verirlər. Onlar qışqırır, klyuşkalarını meydanın bortuna döyəcləyirdilər. Son saniyələr azarkeşlərin xorla "geriyə sayım"ı ilə yadda qaldı. Bu zaman salondan yüksələn səsin desibeli ən yüksək həddə çatır.

Matçın final siqnalı şərhçi El Mayklsın "Siz möcüzələrə inanırsınızmı? Hə! Heyrətamizdir!" hayqırtısı ilə eyni vaxtda səslənir. ABŞ tələbələri SSRİ-nin (bəlkə də təkcə SSRİ-nin yox) tarix boyu malik olduğu ən güclü heyətə 4:3 hesabı ilə qalib gəlir.

Amerika hokkeyçiləri görüşün son saniyəsində şaybanı öz zonalarından uzaqlaşdırdıqdan sonra hamılıqla meydana tökülərək qələbəni qeyd etməyə başlayırlar. Onların çoxu görüşün əsas qəhrəmanı Cimmi Kreyqi qucaqlayırlar.

Qapıçıya vaxtında yetişə bilməyənlər isə bir-birlərini qucaqlayıb buzun üzərinə yıxılırlar. Bir çoxu ağlayır. Televiziya kameraları məşqçi Bruksun tələsik soyunub-geyinmə otağına yollandığını göstərir. Şahidlərin dediyinə görə, burada Bruks öz sevincini hönkürtü ilə büruzə verir.

Baş verənlər, doğrudan da, inanılmaz idi. O vaxt 12 yaşım olan və təbii ki, SSRİ komandasına azarkeşlik edən mən də baş verənlərə inana bilmirdim. "Qırmızı maşın"ın həmişə böyük hesabla darmadağın etdiyi amerikalılara uduzması inandırıcı deyildi. Eyni hissləri 6 il sonra futbol üzrə dünya çempionatında SSRİ Belçikaya məğlub olarkən də yaşadım. Maraqlıdır ki, onda da hesab 3:4 idi.

***

Sovetlər üzərində qələbə nə qədər əhəmiyyətli olsa da, çempionluğa təminat vermirdi. Sonuncu turda Finlandiyaya məğlub olduğu təqdirdə amerikalılar hətta medalsız qala bilərdilər. Buna görə də mütləq qalib gəlmək lazım idi.

Fevralın 24-də keçirilən son turda SSRİ İsveçi 9:2 hesabı ilə darmadağın etdi. Bu hesab komandanın əsl gücünü və iki gün öncəki məğlubiyyətin nə qədər ağlasığmaz olduğunu bir daha ortaya qoydu.

Amerikalıların isə finlərlə oynda işləri heç də rəvan getmirdi. İki hissədən sonra hesab 2:1 finlərin xeyrinə idi. Üçüncü hissə başlamazdan öncə Herb Bruks yetirmələrinə son sözünü deyir: "Əgər oyunu uduzsanız, bu sizi murdar qəbrinizə qədər təqib edəcək". Qapının astanasında ayaq saxlayaraq geri dönən Bruks təkrar edir: "Murdar qəbrinizə qədər".

Üçüncü hissənin ilk 6 dəqiqəsi ərzində amerikalılar iki qol vuraraq hesabda irəli çıxırlar. Saniyəölçən 56.25 göstərən zaman isə ev sahiblərinin ən məhsuldar hücumçusu Mark Conson daha bir dəfə fərqləndi. Final fiti cəmi 10 gün əvvəl ağlagəlməz olan bir faktı təsdiqlədi: ABŞ milli komandası 1980-ci il qış Olimpiadasının çempionudur!

O dövrdə yaşayan amerikalıların rəyinə görə həyatlarında üç hadisə onlara ən böyük emosiya yaşadıb: prezident Kennedinin qətli, Nil Armstronqun Ay səthinə enməsi və hokkey komandasının Leyk Plesid çempionluğu.

Şahidlərdən biri çempionluqdan sonrakı şadyanalığı xatırlayaraq yazır ki, sonuncu dəfə küçələrdə bu qədər ABŞ bayrağını Vyetnam müharibəsi zamanı görmüşdü: "Amma həmin vaxt biz onları yandırırdıq". İndi isə qürurla dalğalandırırdılar.

Leyk Plesid möcüzəsi ABŞ tarixində müstəsna yer tutur. Bunu İkinci dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra Almaniya futbolçularının 1954-cü ildə dünya çempionu olması ilə eyniləşdirmək olar. Bu andan etibarən amerikalıların özünəhörmət hissi, vətənpərvərliyi yenidən yüksəlməyə başlayır. ABŞ bayrağı isə az qala hər evdən asılan atributa çevrilir.

Maraqlıdır ki, ABŞ komandasına daxil olan hokkeyçilərin sonrakı karyeraları elə də parlaq olmadı. Bruks komandaya ulduzları deyil, öz sisteminə uyğun gələnləri toplamışdı. Hətta Cimmi Kreyqin peşəkar karyerası uğursuz oldu və o, 27 yaşında idmandan getdi.

Komandanın kapitanı, SSRİ-nin qapısına həlledici qolun müəllifi Mayk Eruzione isə daha təəccüblü addım atdı. O, Olimpiadadan dərhal sonra, 26 yaşında idmanı tərk etdi. Eruzionenin fikrincə, bir də heç vaxt belə böyük qələbə qazana, belə çılğın emosiyalar yaşaya bilməyəcəkdi.

22 il sonra ABŞ-da növbəti dəfə (Solt Leyk Sitidə) qış olimpiya oyunları keçiriləndə Olimpiada tonqalını yandırmaq hüququ 1980-ci ilin hokkey komandasına verildi. ABŞ milli komandasına məşqçilik isə yenə Herb Bruksa həvalə edildi.

Bu dəfə peşəkarların da oynadığı ABŞ komandası və Bruks Rusiyaya bir dahaqalib gəldi, lakin finalda Kanada hokkeyçilərinə uduzaraq gümüş medalla kifayətləndi. Bir il sonra Bruks sükan arxasında yatması üzündən keçirdiyi qəzada həlak oldu. 2004-cü ildə isə onun rolunu Rassel Krounun oynadığı "Möcüzə" (Miracle) filmi ekranlara çıxdı.

P.S. Leyk Plesid oyunlarında ABŞ cəmi 6 qızıl medal qazandı. Onlardan birini hokkeyçilər, qalanını isə bir idmançı – Erik Hayden qazandı. O, konki qaçışlarında absolyut nəticə göstərdi – 5 məsafənin beşində də çempion oldu. Bunun özü də heyrətamiz nəticə idi. Hayden bu nəticə ilə SSRİ və Şərqi Almaniyakomandalarından sonra ümumi hesabda təkbaşına üçüncü yeri tuta bilərdi.

Ana səhifəXəbərlərBuz üzərində möcüzə