”Bütün əzizlərimi itirmişəm” (VİDEO)

Meydan Hərəkatının liderlərindən biri olan Nemət Pənahlı da 5 ildən sonra azadlıqdadır. O da ölkə başçısı İlham Əliyevin verdiyi əfv sərəncamı ilə azadlığa qovuşanlar siyahısındadır. Nemət Pənahlı deyir ki, həbsxanada olduğu 5 ildə bütün əzizlərini itirib. O günləri belə xatırlayır:

“Elə şeylər itirmişəm ki, onu heç nə ilə doldurmaq mümkün deyil. Mən atamı-anamı itirdim. Qaynatamla eyni zamanda dost olmuşuq, onu da itirdim. Bacımın oğlu rəhmətə getdi. Mənə heç birinin dəfnində iştirak edə bilmədim. Mən SSRİ vaxtında da zindanda yatmışam. İranda edam altında yatmışam. 90-cı illərin ağrı-acısını keçmişəm, ancaq həyatımda bu qədər sarsıdıcı hadisələr olmamışdı”.

Bununla yanaşı Nemət Pənahlı həbsxanada tənha keçirdiyi günləri yaxşı dəyərləndirdiyini deyir. O, illər ərzində oxumaq, özünü inkişaf etdirmək, hadisələri təhlil etmək imkanı olduğunu deyir:

“Mən həyatımı heç vaxt planla yaşamamşam. Sadəcə olaraq, mənim milli davam var ki, 16 yaşımdan Allahımla əhd edib yola çıxmışam. Ömrümün sonuna kimi də millətimin taleyi ilə, gələcəyi ilə bağlı olan şeylər, təbii ki, məni həmişə düşündürüb və düşündürəcək. Bu mübarizə o zaman dayanır ki, insan bu həyatda ömrünü tamamalayıb gedir”.

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2011-i il iyunun 17-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilirdi.

Ana səhifəVideo”Bütün əzizlərimi itirmişəm” (VİDEO)