Buraxılış və qəbul imtahanları başlayır

DİM sədri ali məktəblərin müsabiqə şərtlərində heç bir dəyişikliyin olmadığını söyləyib

Source: Foto: arxiv


İmtahanlar hər həftəsonu keçiriləcək

Bu aydan etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirdiyi brifinqdə deyib.

Məleykə Abaszadə imtahanların iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcəyini bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil ediləcəyini deyib:

“Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. İnsanların sağlamlığı da nəzərə alınmalıdır. Təkcə onların istəyini nəzərə almamalıyıq. Burada vətəndaş həmrəyliyi olmalıdır, ətrafda olanlar üçün təhlükə yaratmamalıyıq”.

5cfcd153e761863b8193b200859498d0.jpeg
Məleykə Abbaszadə

DİM sədri ali məktəblərin müsabiqə şərtlərində heç bir dəyişikliyin olmadığını söyləyib:

“Proqramdan martdan bəri olan mövzular çıxarılıb. XI və IX siniflər üçün struktur və ballar barədə məlumat verəndə demişdik ki, keçən il 24 açıq sual var idi. Bu suallarını sayını 12-yə endirmişik. Bunun əvəzinə kodlaşdırma və qapalı suallar, testlər var. Bu da bir növ imtahan formasını sadələşdirməkdir. Başa düşürük ki, çox çətindir, psixoloji gərginlik var, şahirdlər martdan dərsə ancaq onlayn cəlb olunublar. Bununla belə şagirdlərin evdə kitablarla, dərslərlə məşğul olmaq üşün şansları çox idi”.

O xəbərdarlıq edib ki, imtahana telefonla gələn şəxs imtahandan xaric olunur və nəticəsi hesablanmayacaq.

Məleykə Abbaszadənin sözlərinə görə, buraxılış imtahanlarında bir ay ərzində 190 000 şagird iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır. Hər həftə təxminən 45 min şagird imtahana qatılacaq.

Ana səhifəSosialBuraxılış və qəbul imtahanları başlayır