Həkimlər heç kimin sudan zəhərlənmədiyini deyir
Oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Zəhərlənənlərdən 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Zəhərlənmə ilə bağlı “Azərsu” ASC-nın Lent.az-a verdiyi məlumata görə, həmin ərazidə uzun müddət istismarda olan və 6 binanı qidalandıran içməli su xəttində qəza olub.
“Əraziyə su səhər və axşam olmaqla qrafiklə verilir. Gündüz suyun verilişi dayandırılanda sızma və yağış nəticəsində borunun kənarında toplanan su qəzalı yerdən borunun içərisinə daxil olub. Sonra yenidən evlərə su veriləndə boruya kənardan daxil olmuş su mənzillərə gedib”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, həmin ərazidə binalara suyun verilməsi dərhal dayandırılıb. Sakinlərə su maşınları vasitəsilə su göndərilib.
Səhiyyə Nazirliyinin sözcüsü Səfayə Əhmədova Lent.az-a deyib ki, dünən Bakıda sudan zəhərlənən şəxslərdən 8 nəfər evə buraxılıb: “Hazırda xəstəxanada 10-dan çox sakin qalıb. Onlar Uşaq İnfeksion Xəstəxanasında müalicə alırlar. Əksəriyyəti uşaqdır. Həyatları üçün heç bir təhlükə yoxdur. Hazırda müalicələri davam etdirilir, bir-iki günə evə buraxılarlar”.
Məsələ ilə bağlı 5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasından isə Meydan Tv-yə sudan zəhərlənmə məsələsinin yalan olduğu deyilib. “Biz başqa jurnalistlərə də demişik ki, uşaqlar sudan zəhərlənməyiblər. Bu zəhərlənmə deyil, adi bağırsaq infeksiyasıdır. (qastroenterik)”. Xəstəxanadan 28 nəfərin zəhərlənməsini də təkzib ediblər. Onların sözlərinə görə, 12-13 sayda uşaq bağırsaq infeksiyası ilə bağlı xəstəxanaya müraciət edib. Uşaqlardan bir neçəsi artıq evə buraxılıb.
Azadlıq Radiosuna Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da zəhərlənmənin olmadığını bildirib:
“Bir necə nəfər arasında mədə-bağırsaq pozuntusu olub. Bu, zəhərlənmə deyil. Sudan zəhərlənmə olmur. Aparılan araşdırmalar üzə çıxarıb ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərsu” tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda ərazidə vəziyyət stabildir, qorxulu məsələ yoxdur”.
Faktla bağlı araşdırma aparılır.