”Bu qәrar Azәrbaycan üçün milli rüsvayçılıq xarakteri daşıyır” (VİDEO)


Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycan hakimiyyəti barədə qətnamə qəbul etdi.

Bundan öncəki qətnamələrlə müqayisədə sonuncunun sərtliyi açıq-aşkar görünür. Qətnamədə Azərbaycandakı repressiyalarda əli olan şəxslərə qarşı sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış, siyasi məhbusların qeyd-şərtsiz azad etmə tələbi, QHT-lərin fəaliyyətinə dair qanunvericliyə yenidən baxılması, Avropa İttifaqına üzv dövlətlərin, həmçinin Avropa Xarici Siyasət İdarəsini ölkədə keçiriləcək 1 Noyabr parlament seçkilərini müşahidə etməkdən çəkinməyə çağıran fikirlər öz əksini tapıb.

Qətnamənin qəbulundan sonra Azərbaycan hakimiyyətinin cavabı gecikmədi. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qətnaməni “Avropa Parlamenti artıq reallıq hissini itirib və Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib” kimi şərh edərək bildirdi ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir.

Digər hakimiyyət nümayəndəsi, YAP-ın sədr müavini Əli Əhmədov isə Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edib. O bildirib ki, bu cür qətnamələr insanların Avropa dəyərlərinə inamını sarsıdır.

“Belə bir sərt qətnamə heç vaxt qəbul olunmayıb. Avropada söz sahibi Avropa İttifaqıdır. Və bu qətnamə Avropa İttifaqının qətnaməsidir. Avropada hətta Belarus barədə belə bir qətnamə qəbul edilməyib”. Bu sözləri Milli Şura sədri, tarixçi Cəmil Həsənli deyir. O, əlavə edir ki, Azərbaycan hakimiyyəti bu qətnamədən nəticə çıxarmalıdır.

REAL idarə heyətinin üzvü Erkin Qədirli qətnamənin Azərbaycan üçün çox pis olduğunu deyir. Bildirir ki, qətnamə rejim üçün yox, ölkə adına çıxarılıb. Sabah demokratik bir hökumət qurulsa da, ölkə haqqında verilən qərarlar qüvvədə qalacaq.

“Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli hesab edir ki, bu tip qətnamələr davamlı olmalıdır. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə yaxınlaşsa da, bu addımın heç bir perspektivi yoxdur.

Politoloq Ərəstun Oruclu Azərbaycan-Rusiya yaxınlaşmasını belə şərh edir: “Sanksiyalar işə düşəcək, zamana bağlı məsələdir. Bir müddət sonra böyük ehtimalla Rusiya-Azərbaycan hərbi əməkdaşlığı üzə çıxacaq və bu zaman da sanksiyalar işə düşəcək”.

Vətəndaş cəmiyyəti nümayəndələri ölkənin siyasi və ictimai durumunun bu vəziyyətdə olmasının, müxalifətin təqiblərinin, siyasi məhbusların sayının artmasının məsuliyyətini Avropanın, beynəlxalq təşkilatların, bütövlükdə Qərbin fəaliyyətsizliyində görür.

Avropa Parlamentinin qətnaməsini müzakirə etmək üçün Milli Məclis Sentyabrın 14-də toplaşacaq.

Ana səhifəVideo”Bu qәrar Azәrbaycan üçün milli rüsvayçılıq xarakteri daşıyır” (VİDEO)