“Bu kibercinayət Əliyev rejimi üzərində qara ləkə olaraq əbədi qalacaq”

DQMŞ hesab edir ki, videokonfranslar təşkilatçı da daxil olmaqla hər hansı bir iştirakçı tərəfindən qeydə alına bilməzdi.

Source: Foto: sosial şəbəkə


Milli Şura: “Demokratik ölkələrdə buna görə dövlət rəhbərliyi istefaya gedir”

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzi qapalı toplantının videogörüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı mayın 19-da bəyanat yayıb.

Bəyanatda xatırlanır ki, 13 may tarixində sosial şəbəkələrdə sistemli şəkildə Milli Şuranı, AXCP-ni hədəf alan, bu qurumların üzvləri barədə yalan və böhtan xarakterli postlar paylaşan “müstəqil” jurnalistin hesablarından Milli Şuranın Koordinasiya Mərkəzinin ZOOM sistemi üzərindən həyata keçirilən “online” videotoplantısının ilk qısa videogörüntüsü paylaşıldı.

“Daha sonra iqtidara yaxın və ya birbaşa xüsusi xidmət strukturları tərəfindən yaradılmış sarı mətbuat mahiyyətli sosial şəbəkə hesablarından da bu görüntülər paylaşıldı. Ardınca Azərbaycan hakimiyyəti müxtəlif toplantılardan üç videogörüntü paylaşmaqla Koordinasiya Mərkəzinin bütün iclaslarını kibercinayətkarlıq yolu ilə qeydə aldığını, faktiki, etiraf etdi”.

DQMŞ hesab edir ki, videokonfranslar təşkilatçı da daxil olmaqla hər hansı bir iştirakçı tərəfindən qeydə alına bilməzdi. Çünki ZOOM konfidensiallıq qaydalarına görə bu zaman bütün iştirakçıların razılığı və təsdiqi lazımdır. Videotoplantılarda bir dəfə də olsun belə müraciət edilməyib və belə hal baş verməyib:

“Öz siyasi rəqiblərinin daxili söhbətlərini, qapalı toplantılarını qanunsuz kibertexnologiyalar vasitəsilə gizlin şəkildə dinləmək, qeydə almaq və sonradan yaymaq ağır siyasi cinayətdir və demokratik ölkələrdə buna görə dövlət rəhbərliyi istefaya gedir, bu qanunsuz əməldə iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunurlar ”.

Bəyanatda Azərbaycan Konstitusiyasına, o cümlədən beynəlxalq konvensiyalara istinad edilir. Bəyanat müəllifləri qeyd ediblər ki, əməlin ictimai təhlükəlilik xarakteri və dərəcəsindən asılı olaraq həmin maddələr müxtəlif cəzalar, o cümlədən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

“Əgər bu cinayətlər başqa qanunsuz əməllərlə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, onların həddini aşma və s. müşayiət olunursa, müvafiq şəxslər cinayət qanununun daha ciddi maddələri ilə də məsuliyyətə cəlb oluna bilərlər”.

DQMŞ qapalı onlayn videotoplantılarının yazılması, ötürülməsi və yayılmasının Azərbaycan hakimiyyətinin öz siyasi müxaliflərinə qarşı törətdiyi ağır kibercinayət olduğunu bəyan edir:

“Bu cinayətin birbaşa və ya dolayışı iştirakçılarına bu əmələ görə siyasi, hüquqi və mənəvi məsuliyyət daşıdıqları haqqında xəbərdarlıq edir. Əminik ki, Əliyev rejimi və onun fürsətcil əlaltıları üzərində qara ləkə olaraq əbədi qalacaq. Bu cinayət yaxın tariximizdə həmin rejimə qarşı ən ağır ittihamlardan biri olaraq məhkəmə kürsülərində səsləndiriləcək”.

Ana səhifəSiyasət“Bu kibercinayət Əliyev rejimi üzərində qara ləkə olaraq əbədi qalacaq”