”Bu hadisə Mugabe kimi ailə rejimləri üçün tarixi örnəkdir”

Zərdüşt Əlizadə: “Bu çevrilişin digər müstəbid ölkələrə təsiri olmayacaq”

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə


Zərdüşt Əlizadə: “Bu çevrilişin digər müstəbid ölkələrə təsiri olmayacaq”

“Bu, hərbi çevirilşdir, daxili çəkişmələrin təzahürüdür. Cənab Mugabe hamını boğaza yığmışdı”.

Bu sözləri siyasi şərhçi Zərdüşt Əlizadə Zimbabvedə baş verən hərbi çevrilişi Meydan TV-yə şərh edərkən deyir:

“Digər tərəfdən də, yaratdığı sistem kifayət qədər möhkəm idi. Xalq hədsiz fəlakət içində iqtisadi sıxıntılarla yaşasa da, qurduğu sistem sabit idi, hətta çevriliş edənlər deyirdilər ki, biz cənab Mugabeyə sadiqik, sadəcə, onun ətrafı pisdir, biz də ətrafını onlardan təmizləməliyik”.

Noyabrın 15-də Zimbabvedə hərbçilər ZBC dövlət televiziyasının binasını

tutublar.

Onlar 37 illik prezident Robert Mugabenin ailəsilə birlikdə saxlayıblar. Hərbçilər baş verənlərin çevriliş olmadığını, Mugabe və onun ailəsinə heç bir təhlükənin yaranmadığını bildiriblər. R. Mugabe özü isə Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı ev dustaqlıında olduğunu deyib.

Zərdüşt Əlizadə deyir ki, Mugabe özündən sonra yenicə vitse-prezident təyin etdiyi xanımını prezident etmək istəyirdi, hakimiyyətə digər iddialı keçmiş vitse-prezident də ordudan istifadə edib, bu planın qarşısını aldı:

“Özlərini marksist adlandırsalar da, onların marksizmlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, qəbilə quruluşunda hansısa marksizmdən söhbət gedə bilməz. Bunun üçün gərək hansısa cəmiyyət yetişsin, iqtisadi münasibətlər qurulsun, siyasi əlaqələr formalaşsın. Bu ölkələr vaxtilə özünü qeyri-sosialist ölkələr adlanırdı, Sovet İttifaqı da onları dəstəkləyirdi. Zimbabve də onun son təzahürü idi”.

Onun sözlərinə görə, bu çevrilişin digər müstəbid ölkələrə təsiri olmayacaq, çünki bu rejimlər hansısa nümunə, örnək götürmək iqtidarında deyillər:

“Həddən artıq çox yemək, vəzifədə qalmaq, xalqı əzmək lazım deyil. İnsafla hakimiyyəti sürsən, xalq da sənə müsbət münasibət bəsləyər. İdeal hakimlər azdır bəşər tarixində. Olanlar da maldan-mülkdən, hökmüranlıqdan doymurlar, Mugabe də onlardan biri idi”.

Azər Qasımlı

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı deyir ki, bir şəxsi güc yolu ilə hakimiyyətdən devirirlərsə, bu, o demək deyil ki, demokratik bir sistem qurulub, ya da qurulacaq:

“Zimbabvedəki hadisələrin axarını gələcək proseslər göstərsə də, mən orada demokratik dəyişkliklər gözləmirəm. Amma bu hadisələr Mugabe kimi ailə rejimləri üçün tarixi bir örnəkdir və siqnaldır. Yəni belə bir hadisələr onların da hakimiyyəti üçün baş verə bilər”.

Siyasi şərhçi hesab edir ki, hər hansı bölgədə gedən proseslər həmin bölgədə olan geopolitik münasibətlərin nəticəsi olaraq meydana gəlir. Ona görə də bu hadisənin Azərbaycana hər hansı bir təsiri ola bilməz:

“Bizi daha çox Azərbaycan olaraq maraqlandıran postsovet məkanıdır. Həmçinin Türkiyənin, Rusiyanın özündə gedən proseslərdi. Bu hadisələr bizim üçün trendə çevrilə bilər. Həm də orada sadəcə, bir elita daxilində parçalanma olub, nəticədə də dövlət çevrilişi baş verib. Çevriliş edən qüvvələr qeyd edirlər ki, biz Mugabenin ətrafını təmizləyirik, amma bu, yalandır. Çünki Mugabe 40 ilə yaxındır hakimiyyətdədir. Onun cəmiyyətdə tərəfdarları, dəstəyi var. Bu tərəfdarların müqavimətini, hücumunu dəf etməkçün deyirlər ki, Mugabeyə heç nə olmayacaq, tam təhlükəsizliyi təmin edilib. Bunlar hamısı yalandır, onu deviriblər”.

Ana səhifəXəbərlər”Bu hadisə Mugabe kimi ailə rejimləri üçün tarixi örnəkdir”