“Bu addım “ölkənin sağlamlığı naminə” atılıb”
Zimbabvedə hərbçilər ZBC dövlət televiziyasının binasını tutublar. Onlar prezident Robert Mugabenin ailəsilə birlikdə saxlandığını bildiriblər.
Hərbçilər baş verənlərin çevriliş olmadığını söyləyiblər. Onlar Mugabe və onun ailəsinə heç bir təhlükənin olmadığını bildirirlər. Hakim “Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə” Partiyasında bildiriblər ki, bu addım “ölkənin sağlamlığı naminə” atılıb. “Bu gün yeni era başlayır”, – partiyanın bəyanatında deyilir.
Məlumatı “Reuters” agentliyi
yayıb.
Bildirilir ki, Mugabe istefa verməyə hazırlaşır. Onun varisi isə əvvəl bəyan edildiyi kimi, onun arvadı yox, Vitse-prezident Emmerson Mnangagwa olacaq.
“Yoldaş Mnangagwa Zimbabveni daha yaxşı məkana çevirəcək”, – hakim partiyanın bəyanatında deyilib.
ZBC dövlət televiziya şirkəti binasını hərbçilər noyabrın 15-nə keçən gecə tutublar.
“Prezident və onun ailəsi sağ-salamatdır, onların təhlükəsizliyi təmin olunub”, – hərbi qeyimli şəxs telekanalın efirində bildirib.
“Reuters” agentliyi həmin şəxsi general-mayor Moyo kimi tanıyıb. Generalın təbirincə, hərbçilər Mugabenin ətrafında olan cinayətkarlara qarşı çıxış edib. Harare şəhərində partlayış və top atəşi səsləri eşidilib. Şəhərdə yerləşən Britaniya və ABŞ səfirlikləri vətəndaşlarına ictimai yerlərə çıxmamağı məsləhət görüb. 93 yaşlı Mugabe və onun nümayəndələri hələlik, heç bir bəyanat verməyiblər.