Mirvari Qəhrəmanlı: “Sanki dövlətin qanunları, Prezidentin fərman və tapşırıqları bu qurum üçün keçərli deyil”
Sovetlər dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizat İdarəsinin bazasında yaradılmış və illərdir dənizdə çalışan neftçiləri yeməklə təmin edən “Xəzər İaşə” MMC ilə bağlı uzun müddətdir şikayətlər səsləndirilir. Lakin bu dəfə neftçilər deyil, şirkətin əməkdaşları narazıdırlar.
Bu barədə Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Qəhrəmanlı bildirib ki, rəhbərlik etdiyi təşkilata şikayətlər daxil olur.
““Xəzər İaşə” MMC-də vəziyyət olduqca acınacaqlıdır. Dövlətin ayırdığı minimum əmək haqqından da aşağı maaşla işçiləri demək olar ki, qul kimi istismar edirlər”,- Qəhrəmanlı deyib.
Dənizdə, “Günəşli” yatağında işləyən aşpaz ixtisaslı fəhlə kateqoriyasına aid olmalıdır. Əgər həmin aşpaz dəniz şəraitində işləmək üçün üzgüçülük, yanğından mühafizə, fövqəladə hallarda davranmaq qaydalarını bilmirsə, işləyə bilməz:
“Əgər aşpazlar yemək bişirmək, qidaların təhlükəsizliyi haqqında bilgilərə sahib deyilsə, dəniz neftçilərinin həyatı təhlükədə ola bilər. Deməli, bu insanlara ixtisaslı işçilərin ala biləcəyi maaş verilməlidir. Təəssüf ki, hazırda dəniz əmsalı və digər şərtləri çıxmaqla “Xəzər İaşə” işçilərinə ən az maaş verilir. Aylıq əmək haqqı 523 manatdır”.
Hüquq müdafiçisinin sözlərinə görə, maaş müqabilində həddindən artıq işlər tələb edilir. Məsələn, bir aşpaz, bir qabyuyan və bir baş aşpaz 15 gün ərzində bir platformada 200 nəfər işçinin səhər, günorta, axşam, gecə yeməklərini hazırlamalıdır. Çörək bişirməlidir, təmizlik işlərinə baxmalıdır. Sovetdənqalma qazanlar, çaydanlar, sobalar, su kranları, kanalizasiya boruları, stollar, qab-qacaq, bir sözlə, istismar müddəti çoxdan keçmiş mətbəx ləvazimatları ilə yüksək səviyyəli iş tələbini ödəmək mümkün deyil:
“Bundan əlavə, hər dəfə gəmi ilə ərzaq gətiriləndə həmin ərzaqların platformadan soyuducuya əl ilə daşınması da bir ayrı müsibətdir. “Xəzər İaşə” MMC rəhbərliyi dəfələrlə açıq şəkildə bəyan edib ki, kimin xoşu gəlmir, ərizəsini yazıb işdən çıxa bilər. Sanki dövlətin qanunları, Prezidentin fərman və tapşırıqları bu qurum üçün keçərli deyil. Aşpazlar dözülməz şəraitdən, qul kimi istismar edilməklərindən bezsələr də, “Xəzər İaşə” MMC-nin rəhbərliyi öz qazanclarını artırmaq üçün daha artıq istismar edirlər”.
Təşkilat sədrinin söylədiklərini “Xəzər İaşə”nin adının açıqlanmasını istəməyən işçisi də təsdiqləyib:
“İşimizi itirmək istəmirik, amma belə işləyə də bilmirik. Ona görə də düşünürük, problem ictimailəşdirsək, bəlkə həllini tapar”.
“Xəzər İaşə” MMC Pirallahıda yerləşir. MMC-nin neftçilərə verdiyi yeməklərin keyfiyyəti ilə bağlı yerli mətbuatda dəfələrlə şikayətlər səsləndirilib.
Rəsmi sənədlərə görə, SOCAR dənizdə işləyən işçilərin hər birinin qidalanması üçün “Xəzər İaşə” MMC -yə 20 manat vəsait ödəyir. Bu vəsaitin 5 manatı işçiyə ayrılan yemək pulundan çıxılır, 15 manatı isə ezamiyyə xərcləri haqqında Nazirlər Kabinetinin verdiyi qərara əsasən ödənilir. Nazirlər Kabineti axırıncı dəfə bu qərara 3 il bundan əvvəl dəyişiklik edib. Sonuncu qərarda göstərilir ki, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait verilir.
Meydan TV “Xəzər İaşə” MMC-dən şikayətlə bağlı açıqlama ala bilməyib. Müəssisəyə məxsus telefonları bir neçə gün ərzində cavablandırmayıblar. SOCAR-dan isə bildiriblər ki, “Xəzər İaşə”nin iş şəraiti ilə bağlı məsələyə qarışmırlar.