BSU-nun keçmiş şöbə müdiri məhkəmə zalında həbs olunub

Bakı Slavyan Universiteti. Foto: arxiv

6 il azadlıqdan məhrum edilən Dürdanə Əliyeva məhkəmə zalında huşunu itirib

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri, 2 il yarımdır ki, mühakiməsi davam edən Dürdanə Əliyeva məhkəmə zalında həbs olunub.

Noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Əli Məmmədovun sədrliyilə, Səbinə Məmmədzadə və Telman Hüseynovdan ibarət hakimlər kollegiyasının hökmüylə Dürdanə Əliyeva 6 il azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü qapalı iclasda elan olunub.

Hakim Əli Məmmədov göstəriş verib ki, jurnalistlər məhkəmə zalından çıxarılsın.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hökm oxunanda məhkəmə zalında Dürdanə Əliyevanın vəziyyəti pisləşib.

O, huşunu itirib, məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.

Məhkəmənin hökmünə əsasən, universitetin dəymiş ziyanın ödənilməsi tələbiylə Dürdanə Əliyevaya qarşı 226 min manatlıq mülki iddiası təmin edilib.

Cinayət işinin materiallarında yazılıb ki, Dürdanə Əliyeva təhsil haqqı ödənişi adıyla ona verilən vəsaitləri mənimsəyib, müxtəlif adamları BSU-da işə düzəltmək adıyla aldadıb.

Mənimsənildiyi iddia olunan vəsaitlər əsasən BSU-da ikinci ali təhsil alan tələbələrin ödədiyi pullar olub.

Buna görə Dürdanə Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) ittihamı verilib. İşə düzəlmək istəyənlərdən alınan pullarla əlaqədar isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham verilib.

Universitetlə yanaşı, Dürdanə Əliyevanın pul aldığı iddia olunan şəxslərdən bir qismi zərərçəkmiş qismində tanınıb. Lakin zərərçəkmiş qismində tanınan fiziki şəxslərin mülki iddiası təmin olunmayıb.

Nurlana Əliyeva. Foto: Meydan TV

Lakin Dürdanə Əliyeva özünü təqsirli bilmir. Onun aldığı pullardan da, universitetdə görülən işlərdən də o vaxtkı rektor Nurlana Əliyevanın xəbərdar olduğunu bildirir:

“Bunu mən tək eləyə bilməzdim…”.

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub.

Keçmiş rektor Nurlana Əliyeva da bu ilin aprelində məhkəmədə dindirilib.

O, ünvanına səslənən ittihamları qəbul etməyib. Deyib ki, Dürdanə Əliyeva bu əməlləri təkbaşına törədib.

Onun sözlərinə görə, keçmiş şöbə müdirinin əməllərindən xəbər tutanda ona problemin həlli üçün vaxt verib. Lakin Dürdanə Əliyeva vədinə əməl etməyib:

“O, mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım…”.

Ana səhifəSosialBSU-nun keçmiş şöbə müdiri məhkəmə zalında həbs olunub