Britaniya Ermənistandan olan miqrantları geri qaytarmağı hədəfləyir

Foto: arxiv

Artıq 4 ölkə ilə danışıqların aparıldığı bildirilir

Böyük Britaniya hökuməti bu ölkədən deportasiya edilən qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.

Bu barədə “The Times” qəzeti Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən yazır.

Bildirilir ki, bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d’İvuar və Kosta-Rika ilə danışıqlar aparılır.

Qəzetin yazdığına görə, Böyük Britaniya artıq il yarımdır ki, krallıqdan deport edilən qeyri-qanuni immiqrantları qəbul etməyə hazır olan ölkələr axtarır.

Məlumatda vurğulanır ki, Böyük Britaniya həmçinin bu 4 ölkə ilə əvvəllər Ruanda ilə əldə edilmiş analoji razılaşmanı imzalamağı düşünür.

Ölkənin Baş naziri Rişi Sunak keçən ilin payızında müvafiq razılaşmaların bağlanacağına ümid edirdi, lakin Böyük Britaniya hakimiyyəti hələ də Ruandaya qeyri-qanuni immiqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib”, – deyə xəbərdə qeyd olunur.

Bildirilir ki, London Yerevanla texniki danışıqlara ötən ilin sentyabrında Böyük Britaniyanın Xarici İşlər nazirinin müavini Leo Doçertinin Ermənistana səfəri zamanı başlayıb.

Məlumatda qeyd olunur ki, Böyük Britaniya parlamenti yeni qanunun lehinə səs verdikdən sonra Ermənistan hakimiyyəti Ruanda ətrafında vəziyyətin inkişafını izləyir.

London və Kiqali arasındakı razılaşma isə Böyük Britaniyadan qovulmuş qeyri-qanuni immiqrantların Ruandaya müraciət edə biləcəyini nəzərdə tutur, eyni zamanda immiqrantların risk altında ola biləcəkləri ölkələrə deportasiya olunma ehtimalını aradan qaldırır.

Ana səhifəSiyasətBritaniya Ermənistandan olan miqrantları geri qaytarmağı hədəfləyir