Böyük Britaniya səfiri jurnalistlərin həbsindən kədərləndiyini yazıb

Fergus Auld. Foto: “gov.uk”

“Bütün ölkələr jurnalistlərin məhdudiyyət və təhdid olmadan reportaj hazırlamaq hüquqlarını təmin etməlidir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld son bir ayda ölkədə səkkiz jurnalistin həbsinə münasibət bildirib. Səfir özünün “X” hesabında yazıb:

Jurnalistlərin son həbsləri ilə bağlı xəbərlər arasında Hafiz Babalının həbsini görmək məni daha da kədərləndirdi. Mətbuat azadlığı demokratiyanın mühüm sütunudur. Bütün ölkələr jurnalistlərin məhdudiyyət və təhdid olmadan reportaj hazırlamaq hüquqlarını təmin etməlidir”, – səfir bildirib.

Dekabrın 13-də avropalı deputatlar da Azərbaycanda həbsdə olan jurnalistlərin yanında olduqlarını göstərən post paylaşıblar.

Azərbaycanda korrupsiyanı araşdıran müstəqil jurnalistlərə qarşı təzyiqlər qəbuledilməzdir. Avropa Parlamenti Azərbaycanda qalan demokratik qüvvələrin yanındadır” – deyə, həmin paylaşımda bildirilir.

Həmçinin qeyd edilir ki, həbsdə olan jurnalistlər dərhal azad edilməlidirlər.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.

Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib. Daha sonra isə media qurumla əməkdaşlıq etmiş jurnalist Nərgiz Absalamova ifadə verməyə çağırılıb və saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ən son araşdırmaçı jurnalist Hafiz Babalı “AbzasMedia” işi ilə bağlı saxlanılıb. Ona qarşı da qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb, məhkəməsi gözlənilir. Jurnalist daha öncə də eyni cinayət işi ilə bağlı istintaqa ifadə vermişdi.

Sevinc Vaqifqızı, Ülvi Həsənli və Hafiz Babalının evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib. Jurnalistlər həbsləri ilə bağlı iddiaların əsassız olduğunu, sırf korrupsiya cinayətləri araşdırmalarına görə hədəf alındıqlarını bildirirlər.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Ana səhifəSiyasətBöyük Britaniya səfiri jurnalistlərin həbsindən kədərləndiyini yazıb