Onlar jurnalistlərin dərhal azad edilməsini tələb ediblər
“Azərbaycanda korrupsiyanı araşdıran müstəqil jurnalistlərə qarşı təzyiqlər qəbuledilməzdir. Avropa Parlamenti Azərbaycanda qalan demokratik qüvvələrin yanındadır”.
Avropa Parlamentinin üzvü və Xarici Əlaqələr Komitəsinin əməkdaşı Viola von Kramo özünün “X” hesabında bu paylaşımı edib.
O, bir neçə parlament üzvü ilə çəkdirdiyi fotonu da paylaşıb. Fotodakıların əllərindəki yazılarda “Hüquq müdafiəçilərinin yanında durun”, “Jurnalistika cinayət deyil”, “Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Rüfət Muradlı, Əziz Orucovu azad edin” – deyə, qeyd edilib.
Avropa Parlamentinin üzvləri həbsdə olan jurnalistlərin dərhal azad edilməsini tələb edib.
“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.
Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.
Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib. Daha sonra isə media qurumla əməkdaşlıq etmiş jurnalist Nərgiz Absalamova ifadə verməyə çağırılıb və saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ən son araşdırmaçı jurnalist Hafiz Babalı “AbzasMedia” işi ilə bağlı saxlanılıb. Hələlik, onunla bağlı geniş açıqlama verilməyib. Jurnalist daha öncə də eyni cinayət işi ilə bağlı istintaqa ifadə vermişdi. Sevinc Vaqifqızı, Ülvi Həsənli və Hafiz Babalının evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib.
Jurnalistlər həbsləri ilə bağlı iddiaların əsassız olduğunu, sırf korrupsiya cinayətləri araşdırmalarına görə hədəf alındıqlarını bildirirlər.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.