Böyük Britaniya “Turan” Agentliyinə qarşı cinayət işindən və agentliyin direktoru Mehman Əliyevin həbsindən narahatdır
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin bəyanatında bildirilir. Qeyd edilir ki, hadisələrin bu şəkildə inkişafı ifadə azadlığının və müstəqil KİV-in fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar narahatlıq doğurur.
“Azərbaycan hakimiyyətini fundamental azadlıqların, insan hüquqlarının, qanunun aliliyinin, o cümlədən Mehman Əliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi üzrə öhdəliklərinə riayət etməyə səsləyirik” – bəyanatda bildirilir.
M.Əliyev avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyir, bunu azad sözə qarşı atılmış addım kimi dəyərləndirirlər.