Böyrəyində duz varsa…

Böyrəyimdə duzlar olduğunu öyrəndim: Nə etməli?

Source:

Kalsium oksalat kristallarının darayıcı elektron mikroskop altında görünüşü. Şəklin mənbəyi wikipedia-dır.


İnsan böyrəyində görülən kristallar şikayət verir mi? Bu kristallar qorxuludur mu?

İcmalNormal halda sidiklə ixrac olunan duzlar və kristallar ağrı verməzlər. Sidik kanalını zədələyən iltihab və s. kimi hallarda ağrı, yanma hissi görülməkdədir.Sidik zərərli və lazımsız duzları kənarlaşdırmaq vəzifəsini daşıyır.Sidikdə görülən duzların əksəriyyəti insanın qidalanmasına bağlıdır, daş əmələ gəlməsi ilə əlaqəli deyildir.Sidikdə sakit halda həm də bolca görülən kristalların daş əmələ gəirmə mexanizmləri mürəkkəbdir və axıra qədər öyrənilməmişdir.

İnsanlarımızın tibbi biliklərə yiyələnməsi həqiqətən də çox gözəl hadisədir. Bu, ümumi mədəniyyət səviyyəsinin artışını göstərən ən bariz nümunələrdəndir. Bilik bildiyiniz qaya kimidir. Əlinizdə qaya olmağı yaxşı şeydir: onu parçalayıb ev tikə bilərsiniz, çayların qabağını kəsib suvarma işlərində sizə yardımçı olan bəndlər inşa edə bilərsiniz. Amma əvvəlcə şəkilsiz qaya parçasını bir formaya salmalısınız — yonmalısınız. Eləcə də insan biliyi yonulduğu zaman daha gözəl və daha faydalı olur.

Hər gün qarşılaşdığımız, daha doğrusu fərqində olduğumuz hadisələr vardır, deyil mi? İnsan övladı mədəaltı vəzinin necə işlədiyini bilməz, çünki onun fəaliyyəti ilə heç qarşılaşmır, fikir vermir. Amma sidiyə getmə aktı ilə əlaqədar insanlar çox şey bilirlər. Hər kəs hər gün bir-neçə dəfə sidik kisəsini boşaldır və bu hadisə haqqında kifayət qədər məlumatlıdır. Yəqin ki hər birinizdə nə vaxtsa sidiyə gedərkən yanma olmuşdur, deyil mi? Bax, bu hadisənin dəqiq səbəbini əvvəllər izah etməkdə çətinlik çəkirdilər. Amma optika elminin inkişaf etməsi ilə xətakarı tapdılar: Duzlar!


Sidikdə duzlar. Yarana duz basma.

Hələ qədim vaxtlardan insanın sidiyində yanma hadisəsini yaraya duz basma ilə müqayisə etmişlərdir yəqin. Əlimdə dəqiq məlumat olmasa da, insanlığın inkişaf məntiqini incələyərkən belə bir qənaətə gəlmək olar. Həqiqətən də, yaraya basılan duz nə qədər ağrı və əzab verir. Sidiyin yanmasının əzabını buna oxşatmaq çox məntiqli və qanunauyğun hərəkətdir.

İnsan dərisində açılan yaralardan söhbət açarsaq, ağrı mexanizmini belə izah edə bilərik. Dəri əsasən iki təbəqədən ibarətdir. Səthi epidermis təbəqəsi gedərək buynuzlaşan, yəni sərtləşərək ölən və tökülən hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrələr əsas təbəqə deyilən səthin üzərində sürətlə bölünərək aşağıdan yuxarıya doğru digərlərini itələməkdədirlər. Yuxarıya itələnən hüceyrələr tədricən ölür və “kir” olaraq tökülürlər. Amma bu kir təbəqəsində təkcə ölmüş hüceyrələr yoxdur. Orada həm də yağ təbəqəsi vardır. Bəli, bəli…tamamilə haqlısınız. Bildiyiniz yağ. Buynuzlaşan təbəqə nə qədər dayanıqlı olsa da, onun belə üstü hər zaman yağlanır. Bu təbəqə insan bədənin müxtəlif mikroblardan, kimyəvi maddələrdən və günəş şüalarından qoruyur.

Epidermisin üstünü “yağlayan” vəzlər isə altda yerləşən dermis təbəqəsində yerləşir. Ümumiyyətlə, dermisdə çox şey – damarlar, sinir ucları da yerləşir. Ahhhaaaa… sinir ucları. Epidermis təbəqəsində sinir ucları mövcud deyildir. Ona görə də, epidermis təbəqəsi tamamilə ağrısızdır. Ancaq dermis təbəqəsi ağrı hiss etməkdədir. Demək ki, epidermis təbəqəsinin tamlığı pozularsa, yəni yaralanarsa, insan o zaman ağrı hiss etməkdədir.

Yaralanma hadisəsi xarici faktorların həssas sinir uclarına təsirinə imkan verdiyi üçün ağrılıdır.

Duzların hədsiz dərəcədə müxtəlif növləri vardır. Amma hər duz ağrılı deyildir. İnsan bədənində çox rastlanan duzlardan Natrium əsaslı olanlar ağrılıdır. Ancaq kalium əsaslı olanlar o qədər də ağrılı deyildir. Natrium duzlarına ən gözəl misal bildiyimiz mətbəx duzudur. Dəniz suyunda da çoxlu natrium duzu vardır. Kalium duzuna misal olaraq sabunu göstərə bilərik. Əlbəttə, sabun yaranı ağrıtmasa da, gözə düşdüyü zaman yaman ayışdırır. Amma bunun mexanizmi daha mürəkkəbdir və sonrakı yazılarımızın mövzusudur.

Sidik daşıma sistemi – böyrək, sidik axarları, sidik kisəsi və sidik kanalının daxili də elə bildiyiniz dəri kimi epitel təbəqəsi ilə örtülmüşdür. Müəyyən fərqləri olsa da, quruluşu və işin fəlsəfəsi tamamilə eynidir. Sidik epitelinin üstü də bir növ “yağ” ilə – poliqlikan təbəqəsi ilə örtülmüşdür. Burada da səthi epitel ağrı hiss etməz. Sidik yolları daxilində ağrı olması üçün “yaralanma” faktı şərtdir. Normal sidik yolu eynilə dəri kimi heç vaxt ağrı verməz.


Sidikdə duzlar haradan meydana gəlir?

İnsanlar sidik yollarında əmələ gələn daşlardan çox əziyyət çəkməkdədirlər. Çağdaş kimya elmi sidik yoları daşlarının elə sidikdəki duzlardan, digər sözlə kristallardan əmələ gəldiyini çoxdan isbat etmişdir . Bu fakt sidikdə görülən kristal və ya duzları əməlli-başlı insanların gözündən salmışdır. Dəfələrlə iş otağıma hövlank daxil olan insanlar onların sidik təhlillərində və ya ultrasəs müayinələrində duzlara, kristallara rast gəlindiyini əzab çəkərək anlatmışlardır.

Sidik insan orqanizmində lazımsız və ya zərərli maddələrin atılmasına xidmət edən bir şeydir. İnsana lazım olsa idi, orqanizm heç sidiyi atmazdı da. Özünə saxlayardı. Nəcis bizə nə qədər lazımdırsa, sidik də bir o qədər lazımlıdır. Nəcis bağırsaqda lazımsız maddələri, artıqları atmaq üçündür. Sidik isə qanımızda dövran edən zərərli və lüzumsuz maddələri bədəndən xaric etmək üçün. Sidiklə atılan lazımsız maddələrin hamısı duz şəklindədir və bunlar öz aralarında birləşərək kristalları meydana gətirməkdədirlər.


Sidik kristallarının növləri.

Nə əkərsən, onu da biçərsən. Sidik duzları haqqında deyilmiş ən gözəl ifadə bu olmalı. Həqiqətən də, sidikdə görülən kristalların növləri ilə qəbul etdiyimiz qidalar arasında əlaqə mövcuddur.

Qəbul etdiyimiz məhsulların daxilində zülallar vardır. Bu zülallardan bəzilərində purin adlanan bir maddə xüsusilə çoxdur. Bu zülal əvvəlcə həzm edilir, parçalanaraq istifadə edilir və nəticədə artıq maddə kimi ksantin, bundan da sidik cövhəri və ya sidik turşusu (urat) meydana gəlir. İnsanın sidiyində çoxlu urat duzları gördüyümüz zaman nə deyə bilərik? Bu insanın bir-neçə saat əvvəl bir miqdar, bəlkə də çox miqdarda purindən zəngin qida yediyini. Məşhur urat kristallarının kökü bizim qəbul etdiyimiz əsasən heyvani qidalardır. Gündəlik rasionda pirin ən çox ət məhsullarında rastlanır.


Digər məşhur kristal da oksalatdır. Bu duzun əmələ gətirdiyi daş çöx sərtdir və dərmanla müalicəsi də yoxdur. İnsanlarımız sidik təhlillərində oksalat kristalları gördüyü zaman ciddi vahiməyə qapılırlar. Amma burada çəkinəcək, təəcüblü heç bir şey yoxdur. Oksalat bitki mənşəli qidaların metabolizması nəticəsində meydana gəlir. Əgər birinin sidiyində bol miqdarda oksalar kristalları görərsək, nə deyə bilərik? Bəliiii. O insanın bir-neçə saat əvvəl bitki mənşəli qida qəbul etdiyini.


Kristallar nə vaxt daş əmələ gətirir? Ümumiyyətlə, nə etməli?


  • Supersaturasiya nəzəriyyəsi

    . Duzların konsentrasiyası elə bir kritik həddə çatır ki, artıq kristallar bir-birinin üzərinə çökərək daş meydana gətirirlər.

  • Qoruyucu mexanizm əksikliyi nəzəriyyəsi.

     Duz kristallarının bir-birinə yapışmasına mane olan müəyyən maddələr vardır. Bunlardan ən məşhurları fosfatlar və limon və digər sitrus meyvələrində olan limon turşusudur. Məhz bu qoruyu maddələrin əksikliyi daş əmələ gəlməsinə yardımçı olur.

  • Nüvəcik nəzəriyyəsi.

     Sidik kanalının hamarlığının pozulması və ya infeksiya ocağı, yad cisim ətrafında duz kristallarının çökərək daş əmələ gətirməsi.

  • Qarışıq nəzəriyyə.

     Bir neçə ehtimalın bərabər görülməsi.

Məsələni dərinləşdirmədən edilə biləcəklər bunlardır:

  1. Çoxlu maye qəbul edərək sidiyin durulaşdırılması və kristalların çökməyə imkan tapmadan yuyularaq xaric edilməsi.
  2. Daş yarada biləcək maddələrin aşırı istifadəsinə imkan verməmək. Bir sözlə, qida qəbulunda ortada olmaq. Hərhansı qida maddəsinə üstünlük verməmək. Qarışıq qidalanma.
  3. Sidikdə kristalların çökməsini əngəlləyən limon turşusunu sitrus meyvələrində bol-bol qəbul etmək. Lakin oksalat daşları olan insanlar üçün bu, məsləhət görülmür. Meyvə oksalat kristallarını artıran qida maddəsidir.

Doğrudur, kristal növləri də daha çoxdur, bunların əmələ gəlmə mexanizmləri də əslində mənim anlatdıqlarımdan daha mürəkkəbdir. Ancaq burada sadə dildə izah edilən məsələlərin hamısı əsas nöqtələrdir. Bu faktlar öz sağlamlığı ilə maraqlanan insanlarımız üçün artıqlaması ilə kifayət edər. Ancaq siz daha çox məlumatlı olmaq istəyirsinizsə, nə etməlisiniz? Bəliiii…. Haqlısınız. Bloqumuzu təqib etməlisiniz.

Dr. Vasif İsmayıl



Yazının orijinal paylaşımı

Ana səhifəXəbərlərBöyrəyində duz varsa…