Boris Conson Putini “uçurum”dan geri çəkilməyə çağırdı

Rusiya, Mənbə: Reuters

Britaniya da Rusiyaya sanksiyalar tətbiq edir

Böyük Britaniya Rusiyanın 5 bankına və üç zəngin şəxsinə sanksiyalar tətbiq edəcək.

Baş nazir Boris Conson fevralın 22-də parlamentdə çıxışında belə deyib.

O bildirib ki, Moskva böhranı gərginləşdirərsə, Londonun ona qarşı maliyyə silahları var.

Sanksiya tətbiq edilən zənginlər isə Gennadi Timçenko, Boris Rotenberq və İqor Rotenberqdir.

Onların hər birinin aktivləri dondurulacaq, Britaniyaya səyahətdən məhrum ediləcəklər.

Hər 3 şəxsə Birləşmiş Ştatlar da sanksiya tətbiq edib.

Boris Conson Rusiyanı “bir slavyan ölkəsi” ilə döyüşməkdə ittiham edib.

O bildirib ki, Rusiya şirkətlərinin sterlinq, yaxud dollarla maliyyə cəlbini dayandırmaq istəyirlər: “Eyni zamanda, onların Britaniya bazarlarında kapital yığmasını dayandırmağı, bu ölkədə əmlak sahibliyini gizlətməkdən məhrum etmək istəyirik”, – Conson deyib.

O həmçinin Rusiya lideri Vladimir Putini “uçurum”dan geri çəkilməyə çağırıb.

Sanksiyaların tətbiq ediləcək 5 Rusiya bankı isə – Rusiya, IS Bank, General Bank, Promsvyazbank və Qara Dəniz Bankıdır.

Digər tərəfdən Almaniya “Ost-Ausschuss” Şərq Biznes Assosiasiyası Rusiya prezidenti Vladimir Putinlə martda planlaşdırılan illik görüşünü ləğv edib.

Təşkilatın sədri Oliver Hermes Rusiyanın Luqansk və Donetskin müstəqilliyini tanımasını pisləyib.

O həmçinin Almaniya hökumətini Rusiya ilə dialoqa açıq qalmağa çağırıb. Belə bir zamanda Macarıstan Ukrayna ilə sərhədə qoşun toplamaq qərarına gəlib.

Macarıstan Müdafiə Nazirliyinin fevralın 22-də verdiyi bəyanatda bildirilir ki, Ukrayna ilə sərhəddini qorumaq üçün bəzi tədbirlər görəcək.

“Macarıstanın təhlükəsizliyi hər şeydən önəmlidir. Biz Ukrayna-Macarıstan sərhədini möhkəmləndiririk”, – deyə açıqlamada qeyd edilir.

ABŞ-ın Ukraynadakı yüksək səviyyəli diplomatı, Kristina Kvien isə açıqlama verərək bildirib ki, Vladimir Putinin fevralın 21-də etdiyi çıxışı ağlabatan deyil: “Onun Ukrayna və Ukrayna xalqı ilə bağlı bəyanatları aldadıcı idi. Onun üslubu bir liderin baxışını əks etdirmirdi”.

Digər tərəfdən Avropa Birliyi ölkələri də mümkün sanksiya hədəflərini açıqlayıb:

• Donetsk və Luqanskın “müstəqil” kimi tanınması qərarında iştirak edənlər;
• Şərqi Ukraynada Rusiya hərbi və digər əməliyyatlarını maliyyələşdirən banklar;
• Rusiya dövlətinin AB-nin kapitalına və maliyyə bazarlarına və xidmətlərinə çıxışı;
• Luqansk və Donetskdən AB-nə olan ticarət.

Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırır.

Səbəb Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsidir.

Şolz hələlik qaz kəmərinin sertifikatlaşdırılmaması üçün Federal İqtisadiyyat Nazirliyindən lazımi inzibati addımların atılmasını xahiş edib.

Kansler açıq şəkildə bildirib ki, sözügedən sertifikatlaşdırma olmadan “Nord Stream 2” işə düşə bilməz: “Rus qoşunlarının Ukraynaya daxil olması beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Bu mərhələdə sanksiyalarla prosesin daha da gərginləşməsinin və növbəti fəlakətlərin qarşısını almaq vacibdir. Bütün diplomatik səylərimiz buna yönəlib”.

Fevralın 22-də Rusiyanın səhm bazarında azalma qeydə alınıb. RTS indeksində 9 faizədək azalma var.

Müharibənin genişlənəcəyi və qlobal iqtisadiyyata təsiri sarıdan qorxular Avropa və Asiyada əksər indekslərdə azı 1 faiz enməyə səbəb olub.

ABŞ-da da fyuçers qiymətləri kəskin düşüb.

Neft isə bahalaşır. Səbəblərdən biri də Qərbin Moskvanın enerji sektoruna sanksiya qoyacağı təqdirdə Rusiyadan təchizatın kəsiləcəyi ehtimalıdır.

Bu il 25 faizdən çox bahalaşan neft fevralın 22-də daha da qalxıb. Brent nefti 2014-cü ildən bəri ilk dəfə olaraq 100 dollara yaxınlaşıb.

Bu arada, Rusiya Duması qondarma Luqansk və Donetsk respublikaları ilə dostluq müqavilələrini ratifikasiya edib.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Putin çıxışında bildirib ki, NATO təhlükəsizlik razılaşmaları və qarantiyalarına əməl etmir.

“DXR” və “LXR” Donetsk və Luqansk vilayətlərinin üçdə birini tutur.

Qərb Rusiyanın Donetsk və Luqanskı tam nəzarətə alacağından ehtiyat edir. Odur ki, aylardır Rusiya Federasiyasına bu baş verəcəyi təqdirdə, sanksiyalar tətbiq ediləcəyini bildirirdilər.

Ana səhifəDünyaBoris Conson Putini “uçurum”dan geri çəkilməyə çağırdı