“Nord Stream 2” boru xətti dayandırılır
Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırır.
Alman mediası yazır ki, buna səbəb Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsidir.
Şolz hələlik qaz kəmərinin sertifikatlaşdırılmaması üçün Federal İqtisadiyyat Nazirliyindən lazımi inzibati addımların atılmasını xahiş edib.
Kansler açıq şəkildə bildirib ki, sözügedən sertifikatlaşdırma olmadan “Nord Stream 2” işə düşə bilməz: “Rus qoşunlarının Ukraynaya daxil olması beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Bu mərhələdə sanksiyalarla prosesin daha da gərginləşməsinin və növbəti fəlakətlərin qarşısını almaq vacibdir. Bütün diplomatik səylərimiz buna yönəlib”.
Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Putin çıxışında bildirib ki, NATO təhlükəsizlik razılaşmaları və qarantiyalarına əməl etmir.
Rusiyadan Baltik dənizi ilə Almaniyaya çəkilən 1230 kilometrlik qoşa xəttin tikintisi başa çatsa da, boru kəmərindən hələ də təbii qaz keçməyib.
Hələ yanvarda Almaniyanın xarici işlər naziri Annalena Baerbock Rusiyaya növbəti dəfə xəbərdarlıq edərək bildirmişdi ki, Ukraynaya növbəti hücum qəbuledilməz olar: “Baxmayaraq ki, ölkəm hər zaman danışıqlara üstünlük verir. Ancaq hücumla bağlı eyni şeyi deyə bilməyəcəyəm. Əgər Rusiya Ukraynaya hücum etsə, sərt qarşılıq görəcək”.
Nazir demişdi ki, belə bir hücum qarşısında “Nord Stream 2” boru xətti də daxil olmaqla genişçeşidli müxtəlif cavab variantları var.
Həmin dövrdə iqtisadçı ekspertlər Almaniyanın bu açıqlamanı sadəcə göz qorxutmaq üçün etdiyini, belə bir halın baş verməsinin mümkünsüzlüyünü bildirmişdilər. Hələ “Reuters” 2018-ci ildə Almaniya kansleri Angela Merkelin Xəzər dənizindən çıxarılan qazın Avropaya çatdırılması üçün Azərbaycana səfəri barədə yazırdı.
Məqalədə bildirilirdi ki, Merkelin səfərinin məqsədi cənub boru kəmərinin işlənməsini müzakirə etməkdir.
Sayt qeyd edirdi ki, bu səfər Merkelin təbii qazı birbaşa Rusiyadan Baltik Dənizinin altından Almanyaya daşıyacaq “Nord Stream 2” boru xəttinə sadiq qalsa da, alternativ, uyğun qiymətə qaz qaynaqları tapmağa açıq olduğunu göstərir.
Həmin vaxt sayta açıqlamasında Almaniya hökumətinin yüksək rütbəli rəsmisi də bildirmişdi ki, Cənub Dəhlizinin inkişafı onların marağındadır: “Bu, Aİ-nin qazın təkcə Rusiyadan deyil, digər bölgələrdən də Avropaya çatdırılması üzrə diversifikasiya strategiyasının bir hissəsidir”.
“DXR” və “LXR” Donetsk və Luqansk vilayətlərinin üçdə birini tutur. Qərb Rusiyanın Donetsk və Luqanskı tam nəzarətə alacağından ehtiyat edir. Odur ki, aylardır Rusiya Federasiyasına bu baş verəcəyi təqdirdə, sanksiyalar tətbiq ediləcəyini bildirirdilər.