Borca kökəlmək modeli

Heç kim bilmir biz hansı modellə yaşayırıq

Source:


Heç kim bilmir biz hansı modellə yaşayırıq

Əvvəllər deyirdilər ki, sosialism modeli ilə yaşayırıq. Bütün mülkiyyət xalqa məxsusdur. Sonra bəlli oldu ki, bu model zaydır.

Dedilər ki, keçirik, daha doğrusu, qayıdırıq kapitalizmə.

Bəzi xam adamlar sevindilər, haradasa gizlətdikləri kağız-kuğuzu çıxarıb dedilər ki, “bu da bizim mülkiyyət kağızımız, qaytarın bolşeviklərin 1920-ci illərdə müsadirə etdikləri mülkiyyətimizi! Qaytarın neft mədənlərimizi! Qaytarın torpaqlarımızı! Qaytarın qədim binalarımızı!”

Bir kişi bir topa sənəd və köhnə xəritə ilə yanıma gəlib dedi ki: “Binə hava limanının ərazisi mənim babamındır. Şura hökuməti qəsb edib və orada hava limanı tikib. Mən demirəm ki, onu köçürsünlər və ya söksünlər. Qoy heç olmasa bu hava limanının illik gəlirindən mənə icarə kimi 5 faiz versinlər”.

Ona dedim ki, bu sənədləri mənə göstərdin, eybi yoxdur, daha heç kimə göstərmə. Mən heç kimə demərəm. Başqasına göstərsən, o da kimə isə desə, yuxarıya 5 faiz söhbəti çatsa, başına Əli müsibəti gətirərlər”.

Dönüb getdi, çox güman ki, məsləhətimə qulaq asdı. Çünki indiyədək sağdı, yaşayır.

Bakının neft milyonçusu Əsədullayevin yaşlaşmış qızı Züleyxa xanım çaparaq Amerikadan gəldi və Ulu öndərə dedi ki: “Ədalət xatirinə, atamın heç olmasa bir neft quyusunu qaytar mənə. Yazılı söz verərəm ki, onun neftindən bir qətrə götürməyəcəyəm, bütün gəliri yetim evinə verəcəyəm, sadəcə istəyirəm ki, ədalət bərpa olsun, ölməmişdən deyə bilim ki, atamın mülkü mənə qayıtdı…”. Ulu öndər güldü, qarı ilə çox mehriban söhbət etdi. Və ona anlatdı ki, bu, mümkün məsələ deyil. Zira bizim dövlət modelinin özəllikləri var. Bu özəllik nədir? Müdrik yəhudu Boris Berezovskiy demişkən: “Biz ümumxalq mülkiyyətini özəlləşdirmirik. Biz onun gəlirlərini özəlləşdiririk”.

Bəli, indiki dövlət modelinin özəlliyi ondadır ki, əsas mülkiyyət dövlətindir, dövlət isə, özünüz bilirsiniz, kimindir.

Müstəqilliyi ona görə arzulayırdıq ki, öz işlərimizə özümüz əncam çəkək. Moskvada SSRİ Dövlət Plan Komitəsində işləyən hansısa naməlum “tovariş” bizim ehtiyaclarımızı bizim qədər yaxşı bilə bilməzdi. Bəli, müstəqil Azərbaycan dövləti olduq, özü də ki, demokratik! Xalq özü özüylə məsləhətləşir, müzakirə və mübahisə edir, bilir nəyi və neçəyə tikmək lazımdır, tikir, qurur, işlədir və qazanır! İqtisadiyyatımızın səmərəsi artır, biz öz sənaye, elmi, təbii və insan potensialından səmərəli istifadə edib əvvəlkindən xeyli güclü və varlı dövlət qururuq!

“Ay ciyə, ay ciyə, armud olsa yeyərsən?” “Hanı?” “Olsa…”

Demirəm necə, demirəm niyə, amma bizdə elə dövlət modeli alındı ki, “nəyi necə və neçəyə tikmək lazımdır” məsələsini xalq deyil, heç hökumət və parlament də deyil, bir adam həll edir. O isə, gözünə döndüyüm, istəyir ki, Bakı Parisə oxşasın. Yəni bütün mərkəzdəki qədimi binaların üstü Osmann bulvarındakı evlər kimi damlı olsun.

Onun istəyi qanundur! Pul ayrılır, özü də “n” qədər, yəni heç kim soruşmur ki, “niyə bu qədər?” Bənnalar və dülgərlər işə başlayır, bir neçə ildən sonra xaricilər Bakıya gəlib deyirlər ki, “Bu ki, lap baron Osmannın bulvarına oxşayır!!!”

Nə böyük xoşbəxtlik! Bakı Parisə oxşayır… Bircə kiçik fərqlə. Parisdəki damların altında yaşayış mənzilləri var. Mansarda-mənzillər. Nisbətən ucuz mənzillər, kasıb rəssamlar, tələbələr üçün… Bizdə isə ora boşluqdur. Oranı yaşamaq üçün tikməyiblər, Parisə oxşamaq üçün tikiblər.

Yəni qəbul edilmiş qərar səmərəsizdir. Pul gətirmir. Gözü oxşayır, cibi boşaldır.

Eynilə mehmanxanalar tikilib, çoxu boşdur. Turist gəlmir. Niyə gəlmir? Niyə gəlsin, nə var burada? Bahalıq, xidmət aşağı, mədəniyyət çöküb, əhali özü qaçır. Ölkənin adı qara dəftərlərdə…

İnkişaf barədə məruzələr edildi, rəqəmlər göstərildi, əksəriyyət də öz vücudu ilə bu inkişafı hiss etdi. Dədəsinin görmədiyi maşına mindi, nənəsinin bilmədiyi texnikanı aldı, yedi-içdi, atılıb-düşdü…

Sonra nöyüt ucuzlaşdı, bəlli oldu ki, dövlətin pul qazanmaq üçün satılıq heç nəyi yoxdur. 20 ilə yaratmayıb, qurmayıb. Pul azaldı, zərflər paylanmadı, papalarının gül balalarının açdığı banklar çökdü, özündən müştəbeh “bankir”lər çətin duruma düşdülər, “ağyaxalıqlı” işsizlər ordusu yarandı.

Nə etməli? Camatın cibinə girməli! Manatı ucuzlaşdırıb əmanətləri və maaş-təqaüdü dəyərdən salmalı!

Bu da bəs etmirsə, gələcək nəsillərin cibinə girməli, yəni dövlət zəmanəti ilə xaricdən borc alıb “infrastruktur” layihələrinə xərcləməli, qaytarmaq şərəfini gələcək nəslə həvalə etməli!

Mən neçə ildir qayğısız və düşüncəsiz müftə pulları göyə sovuran və bundan genlənib gönünə sığmayan insanlara baxıb düşünürdüm:

“Görəsən niyə düşünmürlər? Niyə gələcəyi görmürlər? Niyə heç kəsi eşitmirlər?

Məgər görmürlər ki, kökələn camaatda sadəcə pulun kütləsinin və istehlakın artması kəmiyyət artımıdır, əgər keyfiyyət artımı yoxdursa, bu, piylənmə əlamətidir? Camaatımız piylənirdi. Kökəlirdi. Örüşdə inəklər, otlaqda qoyunlar kökələn kimi.

Bəlli oldu ki, bu kökəlmə 22 milyardlıq borca kökəlmək imiş. Kökəldinizmi? İndi haydı, arıqlayın.

Mən bildim bizim dövlət modelinin adı nədir. Borca kökəlmək modeli.

Ana səhifəXəbərlərBorca kökəlmək modeli