Hardan gəldiyi məlum olmayan “Trans-Siqnal-Rabitə” adlanan Azərbaycan şirkəti böyük bir sövdələşməni udur
İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti ”Bombardier Transportation” Azərbaycanda dövlətin balansında olan dəmir yolu şirkətində siqnal sisteminin quraşdırılması layihəsində 56.8 mln dollar paya sahib olur.
“OCCRP”nin (Mütəşşəkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları bu şirkətin sahibinin izinə düşəndə İranla həmsərhəd uzaq kənddə yaşayan kasıb bir elektriklə qarşılaşırlar.
44 yaşlı elektrik Elxan Əliyev Bakıdan 250 kilometr uzaqlıqda, İranla sərhədd kənddə sadə fermer həyatı yaşayır. Bu şəxs (Prezident İlham Əliyevlə heç bir bağlılığı yoxdur) kağız üzərində Kanada, İsveç, Rusiyanın tanınmış şirkətləri, eləcə də Azərbaycan hökuməti ilə güclü siyasi əlaqələri olan “Trans-Siqnal-Rabitə” MMC-nin sahibidir.
2013-cü ilin əvvəllərində heç bir yerdə adı olmayan “Trans-Siqnal-Rabitə” MMC “Azərbaycan Dəmir Yolları” QSC ilə 340 milyon dollarlıq müqaviləni udmaq üçün İsveçin nəqliyyat infrastrukturu nəhəngi “Bombardier Transportation AB” və onun Rusiyadakı törəmə şirkəti ilə konsorsium yaradıb. Bu irimiqyaslı layihədə Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik dəmiryolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması nəzərdə tutulurdu.
Bu sövdələşməyə əsasən, “Trans-Siqnal-Rabitə”-nin payı 44 mln AZN (o zamankı məzənnə ilə 56.8 mln dollar) idi. Görüləcək işlərə qatarların yolboyu monitorinqinin aparılmasına şərait yaradan və nəqliyyat nəzarət mərkəzi ilə əlaqəni təmin edəcək fiber-optik kabellərin, siqnal ləvazimatlarının quraşdırılması daxil idi.
Əliyevin yaşadığı – suyu giriş qapısının çölündəki qaz sobasının üzərində qaynadılan, toyuqların qaqqıldadığı və həyətinin arxasında inəklərin ot yediyi – sadə kəndli evinə baxanda bu rəqəmlərə inanmaq çox çətindir.
Reportyorlar Əliyevin evinə baş çəkəndə anası qapını açır və üzr istəyərək deyir ki, oğlu kənddəki tibb məntəqəsində işdədir.
Əliyev bu şirkətin çoxmilyonluq dollar sövdələşmələri həyata keçirməyindən xəbərsizdir.
“Mənə yaxın olan bir adam məsləhət gördü ki, belə bir şirkəti açım”, o, “OCCRP” ilə qısa telefon danışığında dedi.
“Düzünü desəm, mən bu şirkətin sadəcə təsisçisiyəm. Mənim bu şirkəti idarə edənlərlə bir əlaqəm yoxdur. Bu haqda danışa bilmərəm. Mən heç nə bilmirəm”.
Sövdələşmənin mənbəyi
“Trans-Siqnal-Rabitə” MMC-nin arxasında duran və gəlir əldə edərək varlanan real güc isə gizli saxlanılır. Amma “OCCRP” şirkət haqqında məlumatları nəzərdən keçirəndə məlum olub ki, şirkət “Azərbaycan Dəmir Yolları” QSC-dəki şəxslərlə sıx bağlıdır. Faktiki olaraq, şirkətin “Bombardier”in tenderinə daxil olması Azərbaycan rəsmilərinin təklifi əsasında təşkil olunmuşdu. Mümkündür ki, 340 mln dollarlıq tenderdə 56.8 mln dollarlıq pay “otkat” kimi həmin güclü şəxslərə ötürülüb.
2012-ci ilin dekabrında, nəhəng təklif açıqlanandan bir neçə ay öncə “Bombardier”in Moskva ofisinin baş direktorunun müavini və biznesin inkişaf etdirilməsi şöbəsinin rəhbəri Yevgeni Pavlov “Azərbaycan Dəmir Yolları” QSC-nin menecerləri ilə və qanunun tələblərinə qarşı olsa da, siqnal layihəsi üçün təklif olunacaq qiymətləri dəyərləndirəcək tender komissiyasının nümayəndələri ilə görüşmək üçün Bakıya səfər etmişdi.
Görünən o idi ki, danışıqlar yaxşı keçib. Pavlovun həmkarlarına göndərdiyi elektron məktubda da deyildiyi kimi, onlar “Bombardier Transportation” şirkətinin şərtlərinə əsaslanan tender sənədlərini hazırlamaq üçün razılıq alıblar. Başqa sözlə desək, tender elə təşkil olunacaqdı ki, “Bombardier”in qalibiyyəti təmin olunsun. O yazıb ki, “Bombardier”in Rusiyadakı komandası Azərbaycanın texniki sənədlərini öz qərarlarına uyğunlaşdıracaq. İzah edərək yazıb ki, Azərbaycanın tender tələbləri “Bombardier” tərəfindən yenidən yazılacaq. Bu isə açıq-aşkar qeyri-etik və qeyri-qanuni bir hərəkət idi.
“Bombardier”in daxili sənədlərində də qeyd olunur ki, “son 10 ildə keçmiş sovet ərazisində ən vacib sövdələşmələrdən birini udmağın” qiyməti olub.
Eyniməzmunlu görüşlərdə adı müəyyənləşdirilməyən azərbaycanlı rəsmilər təklif ediblər ki, “Bombardier”in bu layihənin sənədlərini yerli partnyor şirkətlə birlikdə təqdim etməyi mümkündür. Onların seçimi “Trans-Siqnal-Rabitə” MMC-dir, dediklərinə görə, bu məlumatın gizli saxlanılması şərt olub.
Bütün bunlara baxmayaraq, Pavlov qeydlər edib. ““Azərbaycan Dəmir Yolları” kimi tərəfdaşlar bütün bu fəaliyyətlərin gizli saxlanılmasını istəyirlər. Beləliklə də, biz bunu “Bombardier”in daxilində son dərəcə gizli saxlamalıyıq”,- deyə o yazıb.
Pavlov Azərbaycan hakimiyyəti ilə işbirliyinə girib və siqnal layihəsi üçün rüşvət verdiyinə görə iki həftə öncə Stokholmda saxlanılaraq həbs olunub. “Bombardier”in daha iki rəsmisi də polis tərəfindən sorğuya çəkilib.
“Onlar Azərbaycan şirkətlərini müştərək müəssisənin bir hissəsi kimi cəlb etməyə razılıq veriblər. Onlar müqaviləni udmaq üçün (mümkün etmək üçün) xarici işlər üzrə rəsmi şəxslə bir araya gəliblər ”, – İsveçin anti-korrupsiya işləri üzrə prokuroru deyib.
Faktiki olaraq “Azərbaycan Dəmir Yolları” “Bombardier Rusiya” tərəfindən redaktə olunmuş və “Bombardier”in texnologiyalarına uyğunlaşdırılmış tender sənədləri tədim edib. Bu, “Bombardier”in konfidensial saxlanılan daxili yazışmalarında da bildirilib. Bu, İsveç televiziyasının “Araşdırma missiyası” və İsveçin “TT” xəbər agentliyinin əldə etdiyi və OCCRP və Kanada Radiosu ilə paylaşdığı sənədlərdə də qeyd olunub.
Çatışmayan sənədlər
“Trans-Siqnal-Rabitə” MMC Azərbaycan rəsmilərinin ölkənin dəmiryol sistemində köklü təmir işlərinin planlaşdırıldığına dair rəsmi açıqlama verdiyi günlərdə, 2008-ci ilin aprelində dövrəyə daxil edilib. Qazanılacaq pul çox olub.
O vaxtdan bəri “Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankından irimiqyaslı dəmiryol infrastruktur layihələri üçün 2 mlrd dollar – 670 mln dollar həcmində iki dəfə kredit də daxil olmaqla – kredit götürüb. Azərbaycan hökuməti və dövlət neft şirkətin olan SOCAR-dan bu yöndə yüz milyonlarla dollar ayrılıb. Azərbaycan Türkiyəyədək uzanan Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstana düşən hissəsini maliyyələşdirdiyindən investisiyalar Gürcüstana da yönləndirilib.
“Bombardier”in təqdim etdiyi tender düzəlişlərində “Trans-Siqnal-Rabitə”güclü biznes şirkəti kimi təsvir olunur. Həmin sənədlərdə şirkətin Bakıda ofisinin, yüksək ixtisaslı işçi heyətinin, Azərbaycan və qonşu Gürcüstanda siqnal quraşdırmaq sahəsində təcrübəsinin olduğu deyilir.
Buna baxmayaraq, “Bombardier”lə sövdələşmədən əvvəl “Trans-Siqnal-Rabitə” MMC-nin adı hər hansı bir media orqanında çəkilməyib. “OCCRP”-nin reportyorları tenderlərlə bağlı məlumat bazasında “Trans-Siqnal-Rabitə” MMC-nin adına rast gəlməyib, nə şirkətin tarixi haqqında, nə də şirkətin rəsmi internet səhifəsi daxil olmaqla biznes fəaliyyəti haqqında məlumat tapılıb. Üstəlik şirkətin rəhbərliyi və nə zamansa onlayn iş elanı verdiyinə dair dəlil də yoxdur.
Jurnalistlərin şirkətin göstəricilərinə dair əldə etdiyi sənədlərə görə, “Trans-Siqnal-Rabitə” MMC biri Gürcüstanda olmaqla Azərbaycanda 15 müqaviləni icra edib.
Bu işlərin tarixi ilə bağlı suallar meydana çıxır. Bu müqavilələrin səkkizi yalnızca Bakıda 14 km məsafədə – Əzizbəyov dairəsindən beynəlxalq hava limanına qədər olan məsafədə görülən işlərlə bağlı olub. Layihənin beşi isə 2008-ci ili apreli ilə 2009-cu ilin dekabrı arasında tamamlanıb. Birində iş 2002-ci ildə, digərində isə 2007-ci ildə, hələ şirkət mövcud olmazdan əvvəl başlayıb.
“Trans-Siqnal-Rabitə”nin məlumatlarına görə, şirkətin gördüyü işlərin əksəriyyətini bir sifarişçi üçün – “AZVİRT” MMC üçün görüb, siyahıya “Azərbaycan Dəmir Yolları” və başqa beş sifarişçi də daxil olub.
“OCCRP” həmin şirkətlərin hamısını nəzərdən keçirib. Adətən şirkətlər mütəmadi olaraq rəsmi internet səhifələrində podratçı şirkətlərin adlarını və loqolarını yerləşdirirlər, amma həmin şirkətlərin “Trans Siqnal-Rabitə” MMC ilə işbirliyinə dair hər hansı məlumat tapılmayıb.
“Trans-Siqnal -Rabitə”dən bildirilib ki, şirkət Gürcüstanda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Marabda-Tsalka-Axalkalaki dəmiryolunun iki hissəsində siqnal sisteminin təmiri və bərpası işləri üzərində işləyib. “Trans-Siqnal-Rabitə” iki müxtəlif işəgötürən şirkətin adını verib – “Marabda-Qarsaxi Dəmir Yolu” MMC və
“Azəryolservis”in Gürcüstan şöbəsi. Amma onların heç biri “Trans-Siqnal-Rabitə”ni podratçı kimi göstərməyib.
Əlavə müqavilələrdə 180 mln dollar
2013-cü ildə “Bombardier” “Trans-Siqnal-Rabitə”dən beş illik auditor bəyannaməsini tələb edib. Maliyyə hesabatları “Trans-Siqnal-Rabitə”nin uyğun yerli tərəfdaş olduğunun sübut edəcəkdi.
“Trans-Siqnal-Rabitə”nin “Bombardier”ə göndərdiyi sənəd əmlak, xərclər və gəlirlərə dair bir neçə sətirin qeyd olunduğu bir vərəq olur. “Trans-Siqnal-Rabitə” iddia edib ki, şirkət 2008-2012-ci illərdə 180 mln dollar gəlir əldə edib.
Bu sənədlər çox gec göndərilib. Şirkətin apardığı daxili yazışmalardan da görünür ki, “Bombardier” tərəf sənədləri vaxtında əldə etmədiyinə görə hiddətlənib. Sənədlərdən “Trans-Siqnal-Rabitə” ilə partnyorluğun işə yaramayacağına dair narahatlıq görmək mümkündür. “Bombardier” başqa bir şərik axtarmaq haqqında fikirləşib. Amma bunu heç vaxt etməyib.
“Trans-Siqnal-Rabitə”nin həqiqi maliyyə durumu aşkara çıxmaya bilərdi. 2016-cı il noyabrın 11-də Prezident Administrasiyasının rəsmi orqanı olan “Xalq” qəzeti elan dərc edir: “Trans-Siqnal -Rabitə” MMC-nin 2007-i ildən 2013-cü il daxil olmaqla bütün mühasibat sənədləri itdiyi üçün etibarsız sayılır. Sənədləri tapan şəxsi mükafat gözləyir”.
Mövcud olmayan şirkət
“Trans-Siqnal-Rabitə” şirkəti Gürcüstanda tanınmış “BLC” hüquq firmasının keçmiş ünvanında qeydiyyatdan keçirilib. Şirkəti qeydiyyatdan keçirən hüquqşünas Rusa Tckhuseli deyib ki, “BLC” qeydiyyatdan keçirdiyi bir çox müştərisinə məktub yazaraq hüquqi ünvanlarını hazırda fəaliyyət göstərdikləri ünvanlara keçirməyi xahiş edib, amma müştərilərin çoxu hüquq firmasının bu çağırışına məhəl qoymayıb.
“OCCRP”-nin reportyorları ofisi tapmaq və icraçı şəxslərlə görüşmək ümidilə Azərbaycanda “Trans-Siqnal -Rabitə”nin rəsmi qeydiyyatda olduğu Qaradağ rayonunda – Bakının Lökbatan qəsəbəsinin 28 May küçəsində olublar.
Onların həmin ünvanda köhnə, yamaqlı, peyk antenlərinin quraşdırıldığı və paltar qurutmaq üçün çoxlu iplərin bağlandığı binaya rast gəliblər. Orda 56.8 mln manatlıq bir sövdələşməni udan şirkətin ofisindən əsər-əlamət olmayıb.
“Trans-Siqnal-Rabitə”nin qeydiyyatda olduğu 15 nömrəli mənzilə gedən yeddi ədəd beton pilləkən təmirə ehtiyacı olan dar çoxlu sayda mənzillərin arasından keçirdi.
Doldurulmuş oyuqlar boyanmamış divarlarda izlər buraxmışdı və sakinlər koridorlarda kohnə kartonlar, hətta avtomobil şinləri yığmışdılar.
15 saylı qapının arxasında isə ofis yox, 14 il orda yaşayan bir qadın var idi. O bildirib ki, bəzən poçt işçisi ona “Trans-Siqnal-Rabitə” MMC-yə ünvanlanmış məktublar gətirirmiş, amma o, həmin məktubları almaqdan imtina edib. Onun şirkəti kimin idarə etdiyinə, hansı işlə məşğul olduğuna, ailəsinə necə bağlandığına dair hər hansı bir fikri yoxdur.
Mənzilin fotosunu İsveçin korrupsiya eksperti Luis Brauna göstərib “Trans-Siqnal -Rabitə” haqqında hansı qənaətə gəldiyini soruşanda o dedi:
“Mövcud olmayan bir şirkət. Şirkət mövcud deyil”.
Məqalənin hazırlanmasına dəstək veriblər: “iFact”dən Nino Bakradze, Deyv Bloss və Laşa Kveseladze; “OCCRP”-dən Olesiya Şmaqun və Bermet Talant; “SVT”-dən Joaçim Dyfvermark və Sven Berqman; “TT”-dən Ola Vesterberq; “RadioKanada”-dan Luc Trembley və Gino Harel
Tərcümə etdi: Leyla Mustafayeva