Bölgədəkilərin qaz dərdi (VİDEO)

“Özümüz qaz satırıq, amma kəndlərimizdə qaz yoxdur”

Nefçaladakı Astanlı kənd sakinlərinin probemi var. Onlar Meydan TV-yə deyirlər ki, ətrafdakı yaşayış məntəqələri qazlaşdırılıb, ancaq Astanlı hələ də qazsızdır:

“Dedilər, kəndlərə qaz veriləcək, sevindik. Dedik, bizim də canımız odundan, taxtadan, sobadan qurtaracaq. Proses başladı. Kəndboyu yollara gətirib material da tökdülər. Nəticədə kəndimizin sağ və solunda olan Dördlər və Qaramanlı kəndlərinə qaz çəkildi. Bizim kəndimiz ortada qazsız qaldı”.

“Bir küçə ilə kənd olmur, gəlib dəqiqləşdirsinlər”

Sakinlər buna etiraz olaraq kənd icra nümayəndəliyinə, Nefçala Rayon İcra Hakimiyyətinə və Salyan Regional Qaz İstismarı İdarəsinə müraciət ediblər. “Hələ bir nəticəsini görməmişik”, – deyirlər:

“Bizə məlumat çatdı ki, kəndimiz qazlaşdırılmış kənd kimi rəsmiləşdirilib. Səbəb nədir? Bizim kəndin girişində bir neçə yaxşı yerlərdə çalışan, imkanlı ailələr yaşayır. Qonşu kəndə qaz çəkiləndə, onlar yığışıb həmin xətdən öz küçələrini qazlaşdırıblar. Sadəcə imkanları var, gözləməyiblər. Cəmi bir məhəllədə qaz var. Kəndin qalan hissəsi yenə qazsızdır. Ancaq nədənsə bunu nəzərə alıb bütün kəndin qazlaşdırıldığını deyirlər. Bizdə olan məlumata görə, belə rəsmiləşdirilib”.

“İdarə kəndə ayrılan materialı almayıb, pulu cibinə qoyub”

Sakinlər kənddə artıq 20 ildir ki, qaz olmadığını deyirlər:

“Qışda bilmirik başımızı götürüb hara gedək. Evimizdə uşaq, yaşlı, xəstə var. Vallah, odunla bacara bilmirik. Həyətimizdə ağac da qalmayıb. 20 ildir yandırırıq. Daha yandırmağa da nəsə tapmırıq. Bilmirik bizim kəndlə nə şəxsi qərəzlikləri var. Fikirləşirik ki, idarə kəndə ayrılan materialı almayıb, pulu cibinə qoyub. Nəticədə bir küçə qazlaşdırılaraq bütün kəndə aid edilib. Ağlımıza başqa heç nə gəlmir. Xahiş edirik bizə kömək edin”.

Nefçalanın bir neçə kəndi eyni problemlə üzləşib

Neftçala rayonu Mirqurbanlı kəndində də vəziyyət eynidir. Xalqxeber.az saytı yazır ki, layihədə yer almasına baxmayaraq, kəndə qaz xətləri çəkilməyib. Yerli sakinlərin bildirdiyinə görə, ölkə üzrə ilk qaz abonenti olan yaşayış yerlərindən biri – Mirqurbanlı uzun illərdir odun sobasının ümidinə qalıb.

“Heç bir kənd qazsız qalmayacaq, mərhələlərlə qazlaşdırılacaq”

Salyan Regional Qaz İstismarı İdarəsinin ümumi şöbəsinin müdiri Araz Sultanov Meydan TV-yə açıqlamasında deyir ki, qaz çəkilişləri mərhələ-mərhələ həyata keçirilir. Astanlı kəndinin qazlaşdırılması da layihə daxilindədir:

“Sadəcə geci-tezi var. Astanlıya da qaz gəlib çıxacaq. Amma sakinlərin dediyi kimi bir məhəlləyə çəkilib, qalan kənd qalıb söhbəti yoxdur. Camaatdı da, dişinin acısını tökür. Bölgələrdə qaz çəkilişlərinə başlanıb. Buna da birbaşa Neft Şirkətinin prezidenti maraqlıdır. Yaxın gələcəkdə problem həll olunacaq”.

Azərbaycanın bir çox bölgəsinin sakinləri qaz problem yaşayır

Oktyabrın 14-də Milli Məclisdə keçirilən 2016-cı il xərclər smetasının müzakirəsində Gədəbəydən olan millət vəkili Rafiq Məmmədhəsənov qaz problemindən danışıb. Bildirib ki, gədəbəylilərin dövlətdən bir xahişi var. O da kəndlərə qaz çəkilməsidir. Başqa heç nə istəmirlər.

Həmin gün millət vəkili Jalə Əliyeva da qaz probleminə toxunub. Bildirib ki, Zərdab rayonunun Sarıqaya kəndinə qaz çəkilir. Lakin həmin evlərin bir hissəsinin Kür çayının bəndinə yaxın yerləşməsi işi yarımçıq qoyub:

“Hökumət üzvlərindən həmin kəndin ərazisindən keçən qaz layihəsinin reallaşması üçün mümkün olanları əsirgəməmələrini xahiş edirəm”.

“Aləmi bəzər, özü lüt gəzər”

“Biz seçkilərlə bağlı seçicilərlə zallarda görüş keçirik. Onlar qeyd edirlər ki, heç olmasa, siz gələndə bura isidilsin. Sayğac olan yerdə niyə mavi yanacaq az verilir. Ver qazı, al pulunu. Bu gün biz başqa ölkələrə qaz satırıq. Amma özümüz qazsız qalmışıq. Bir dəfə də çıxışım zamanı demişdim: “Aləmi bəzər, özü lüt gəzər”. Müxalifət saytları yazdı ki, iqtidarın deputatı müxalifətə keçdi. Bunun müxalifətçiliklə nə əlaqəsi? Olanı deyirəm də”, – bu sözlər isə Qubadan olan millət vəkili Yevda Abramova aiddir.

Rövnəq Abdullayev: “Ölkənin 90 faizi qazlaşdırılıb”

Mavi yanacaqla bağlı Milli Məclisdə qaldırılan problemlərə, mediada gedən şikayətlərə baxmayaraq, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Azərtac”-a açıqlamasında bildirib ki, ölkənin 90 faizi qazlaşdırılıb:

“Avropaya ilk Azərbaycan qazı göndərilənədək ölkənin bütün yaşayış məntəqələri, ən ucqar kəndləri maksimum səviyyədə qazlaşdırılacaq. Təsərrüfat sayı hesabı ilə artıq ölkənin 90 faizi qazlaşdırılıb. Qalan 10 faiz isə ucqar və əhalisi az olan balaca kəndlərdir. Elə ucqar kəndlər var ki, 10 təsərrüfatı var, ora 50 kilometr uzunluğunda qaz xətti çəkmək iqtisadi cəhətdən heç cür sərfəli deyil. Biz yerli icra qurumları ilə birgə Azərbaycanın qazlaşdırılacaq bütün yaşayış məntəqələrinin xəritəsini hazırlayaraq ölkə rəhbərliyinə təqdim etmişik. 2018-ci ilə qədər Azərbaycanın qazlaşdırılması işini tam başa çatdıracağıq”.

Bölgə sakinləri kəndlərdə mavi yanacağın olmamasından şikayətçidir. Deputatların çıxışları bu sahədə vəziyyətin ağır olduğunu təsdiqləyir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə deyir ki, ölkənin 90 faizi qazlaşdırılıb. Kimin doğru, kimin yalnış dediyi əsas deyil. Əsas olan bölgələrdə yaşayanların çəkdiyi əziyyətlərdir.

Ana səhifəVideoBölgədəkilərin qaz dərdi (VİDEO)